AZ

"Uşaqlarla bağlı istənilən faciə ürəyimdə ağrı ilə səslənir" - Qazaxıstan prezidenti

Yazını böyüt
Yazını kiçilt

“Uşaqların təhlükəsizliyinin təmin edilməsi, hüquqlarının müdafiəsi, ahəngdar inkişafı üçün əlverişli şərait yaradılması dövlət siyasətinin ən mühüm prioritetidir”.

Hafta.az-ın Kazinform-a istinadən yazdığına görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün bütün səviyyəli Məslixətlər Deputatlarının II Respublika Forumunda çıxışı zamanı deyib.

“Bütün səlahiyyətli orqanların, istər müvafiq nazirliklər, istər akimliklər, istərsə də hüquq-mühafizə orqanları öz funksiyalarını dəqiq yerinə yetirərək, işlərini əlaqələndirməlidirlər. Başa düşməlisiniz ki, xoşbəxt uşaqlığın əsası həmişə ailə institutu olub və olacaq”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident Tokayevin sözlərinə görə, bu gün cəmiyyətimizin bir çox problem və yaramazlıqlarının kökündə valideynlərin uşaq tərbiyəsi prosesinə cəlb olunmasının azalması dayanır. Əsl fəlakət uşaqlarımızın rəqəmsal asılılığının artması, onların virtual aləmdə hədsiz batmasıdır.

“Övladlarımızla bağlı hər hansı faciə ürəyimdə həmişə ağrı ilə səsləşir. Bu cür hallara dərhal dövlət orqanlarının diqqətini cəlb edir, müvafiq tapşırıqlar verir və icrasını daim nəzarətdə saxlayıram”, - deyə dövlət başçısı vurğulayıb.

Kasım-Jomart Tokayevin qeyd etdiyi kimi, müasir texnologiyalar inkişaf üçün geniş üfüqlər açır, lakin eyni zamanda həyatımıza real təhlükələr də gətirir.

“Populyar sosial şəbəkələr nəinki uşaqları, hətta böyükləri də əsl zombiyə çevirə bilər. Valideynlər uşaq böyütmək məsuliyyətini dövlətin və məktəblərin üzərinə atmamalıdırlar. Övladına rəqəmsal gigiyena qaydalarını öyrətmək valideynin borcudur. Uşaqlara diqqət yetirmək, onlarla vaxt keçirmək, onları narahat edən mövzularda danışmaq vacibdir. Uşağın smartfon və ya kompüterdə nə etdiyinə ciddi nəzarət etmək lazımdır. Ümumiyyətlə, hesab edirəm ki, ölkədə məsuliyyətli valideynlik ideyasının təbliğinə yönəlmiş ictimai kampaniyaya başlamaq lazımdır”, - deyə dövlət başçısı qeyd edib.

Dövlət başçısı səlahiyyətli dövlət orqanlarına gənc nəslin təhlükəsizliyinin hərtərəfli təmin edilməsi üçün təsirli tədbirlər görməyi tapşırıb.

“Əsl qəhrəmanlarımızı uşaq və yeniyetmələr arasında təbliğ etməliyik. Şahmatçılarımızın Ümumdünya Olimpiadasında qazandıqları böyük uğur bu baxımdan gözəl nümunədir. Uşaqlarımız riyaziyyat, fizika və digər fənlər üzrə olimpiadalarda yüksək mükafatlar alırlar” deyən prezident hesab edir ki, belə istedadlı uşaqları dəstəkləmək və onların müəllimlərini həvəsləndirmək lazımdır.

Prezident bildirib ki, edilən hər şey uşaqların xeyrinədir. Ona görə də hamılıqla uşaqların sağlamlığına, təhsilinə, tərbiyəsinə xüsusi diqqət yetirmək lazımdır.

“Dövlət bu istiqamətdə sistemli tədbirlər həyata keçirir: bütün lazımi resurslar ayrılıb, infrastruktur yaradılıb. Ümumiyyətlə, deyə bilərik ki, bu iş tam sürətlə gedir, lakin qarşımızda duran vəzifələr genişmiqyaslıdır və hələ görüləsi işlər çoxdur”, - deyə dövlət başçısı vurğulayıb.

Seçilən
68
hafta.az

1Mənbələr