İnşaat işləri innovativ metodologiya ilə aparılıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) redaksiyamıza verilən məlumata görə, bu il Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli–Füzuli–Şuşa Avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyasının innovativ inşaat metodologiyası kateqoriyasında birinci yerə layiq görülüb. Bu nüfuzlu mükafatın qalibi yol-nəqliyyat ekspertləri, müstəqil beynəlxalq münsiflər heyəti və hakimlərin qiymətləndirmələrinə əsasən seçilib. Belə bir uğur əldə etməklə AAYDA müstəsna layihələri mükəmməlliyə, eləcə də innovasiyaya və cəmiyyətə müsbət təsirinə görə mükafatlandırılan təşkilatların elit qrupuna qoşulub.
Bolqarıstanın Plovdiv şəhərində sentyabrın 26-da reallaşan mükafatlandırma mərasimində Azərbaycanın yol infrastrukturu sahəsində əldə etdiyi uğurlar, icrası həyata keçirilən və davam etdirilən mühüm yol layihələri barədə geniş məlumat verilib. Ölkəmizdə yol infrastrukturunun yenilənməsinin Prezident İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biri olduğu vurğulanıb.
Mərasimdə BMT-nin 29-cu iqlim konfransının bu il Azərbaycanda keçiriləcəyi, bu nüfuzlu tədbirə ölkəmizin, eləcə də AAYDA-nın ciddi hazırlaşdığı, 30 illik işğaldan sonra azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 69,1 kilometrlik 45 avtomobil tunelinin, 13,4 kilometrlik 463-dən artıq körpü və yol ötürücüsünün tikildiyi bildirilib. Mühüm yol infrastrukturu layihələrindən biri olan və innovativ inşaat metodologiyası nominasiyası üzrə qalib seçilən, 81,7 kilometrlik I texniki dərəcəli Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda da 11 körpü, 7 tunel və 9 viaduk inşa edildiyi diqqətə çatdırılıb.