1 oktyabr prokurorluq orqanlarının peşə bayramı günü kimi tarixə düşüb. Bəs prokurorluğunun işinin, peşəsinin adı nədir? Tam əminliklə demək olar ki, son illərdə prokurorluq “(d)işsiz”, gücsüz quruma çevrilib. Onun işi-peşəsi, ombudsmanınkı kimi, digər orqanlarda olduğu kimi, poçtalyonluqdan o yana keçmir. Poçtalyon işinin hüquq qorumaq olmadığını isə bilməyən yoxdur. Bəs niyə prokurorluq orqanları hüquq qorumaq görəvini poçtalyonluğa dəyişiblər? Şikayətləri başlarından etməkdən yana. Bunun başqa adı varmı? Özü də şikayətləri barəsində şikayət edilən vəzifəli şəxslərə, qurumlara göndərməklə hansı hüquq qorumaqdan danışmaq olar?
Başımıza gələnlərdən “başmaqçı” olduğumuz bir çox “poçtalyonluq” faktlarını diqqətə çatdırırıq. 31.05.2018-ci ilə kimi qüvvədə olan “Əlillərin sosial müdafiəsi haqqında” 25.08.1992-ci il tarixli Qanunun 30-cu maddəsinə görə, icra hakimiyyəti orqanları qeyri-yaşayış otaqlarını verməklə və xammalla təchiz etməklə əlillərin evdə əməyini və sahibkarlıq fəaliyyətini təmin etməyə borcludu(r.) Di gəl, icra hakimiyyətləri, xammalla təchizat bir yana qalsın, heç qeyri-yaşayış otaqlarını da verməkdən imtina edirlər. Prokurorluq isə qanunun icrasını və tətbiqini təmin etdirmək yerinə, yaxasını şikayəti icra hakimiyyətlərinə yönəltməklə qırağa çəkir. Hətta məhkəmə qərarının icra olunmamasına qiymət də verilmir. Məhkəmə qərarlarının icrasının məcburiliyinə, Konstitusiyanın üstün qüvvəsinə sayğısızlığa baxın, Xətai məhkəməsinin 26.05.2009-cu il və 21.06.2011 tarixli 2 qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ əlilinə verilən Nizami rayonu, Bəhruz Nuriyev-10A ünvanındakı əvvəllər 25 saylı DSK yerləşən otaqları borclular ƏMDX, Nizami RİH, Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələri mütəşəkkil cinayətkar dəstə şəklində ələ keçirib həmin ünvandakı Kapitalbankın , bank bunu yalanlayanda, 9 yaşlı Hüseynov Aydın Bəxtiyar oğlunun, 2021-ci ildə isə ata adı olmayan Türkiyə vətəndaşı Kerem Sezerin adına sənədləşdiriblər. 15 illik prokurorluğa , ombudsmana... şikayətlər isə poçtalyonluqla sonuclanıb. 3 il qabaq 161-ə zəngin “poçtalyonluq xidməti” ilə qeydə alınmamasını media işıqlandırandan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən (KQMBİ) Pirayə xanım Səmədzadə çağırıb, şikayəti qəbul edib və araşdırılacağını bildirib. 3 ildən də çox keçib, sonuc belədir ki, 2022-ci ilin 25 mayında KQMBİ-dən Orxan adlı əməkdaş 0507658875 nömrəsindən zəng edib şikayətçini çağırıb, şikayətçi tələbkarı həbslə şantaj edib.(?) Həmin ilin sentyabrında Nizami polisi tələbkar 1-ci dərəcəli Qarabağ əlilini evindən oğurlayıb 24-cü PŞ-də 9 qabırğasını sındırıb, 2 sutka işgəncə kamerasında həbsdə saxlanılıb, evi talan edilib. Nə var-nə var, niyə prokurorluğa şikayət edib, icranı, əmlakını tələb edirsən? Bəs Nizami prokurorluğu bu vandalizmə necə qiymət verib? Rayon prokuroru Pərviz İbayev cinayəti 3 ildir ört-basdır edir. Yeri gəlmişkən, bir neçə gün qabaq bu prokurorluqdan sənədlərlə birıikdə çağırıb, izahat belə almaqdan imtina ediblər ki, prokurorluğa aid deyil.(?)
ƏMDX-nın “Veteranlar haqqında” qanunun icrasından imtina etməsindən şikayətlərin də “bəxtinə” poçtalyonluq yazılıbmış”. Baş prokurorluqdan Bakı şəhər prokurorluğuna, oradan Nizami prokurorluğuna göndərilən şikayət sonda barəsində şikayət edilən ƏMDX-nın , DƏDKR-in özünə göndərilib. Belə “poçtalyonluq xidməti” ilə, əlbəttə Tarif Şurasının qərarı Konstitusiyadan üstün olar!(?)
ƏƏSMN-in, tabeliyindəki qurumların mənzillə, pensiya ilə təminatda yol verdikləri korrupsiya faktlarını da prokurorluq, ən yaxşı halda, “poçtalyonluq xidməti” ilə yola verir. 161-ə mənzillərin rüşvətlə bölgüsündən, hətta məhkəmə qərarı ilə haqq etdiyi mənzil hüququna rüşvətlə qadağa qoyulmasından şikayətlər 9-cu ildir barəsində şikayət edilən quruma göndərilir və mənzil yerinə “xüsusatların təsdiqini tapmadığı” cavabı tələbkara veriliir. Sonuncu yol KQMBİ-dən Kazım Həmzətov açıq mətnlə mənzillərin rüşvətlə bölgüsündə cinayət faktı olmadığını bildirib.(?) 2021-ci ilin 9 sentyabrında KQMBİ-də izahatını alan Rəşad Məmmədovun isə KQMBİ-də “qeydə alınmadığı” 3 ildir vurğulanır. Bəs KQMBİ özü də “qeydə alınmayıb”? Axı izahat idarədə alınıb? İndiyədək alınan yeganə izahat da yoxa çıxarılıb, belə poçtalyonluq olar?
18 aydır Xüsusi Şərtlərlə Təyinat Mərkəzi Filialının pensiyaları düz hesablamamasından, hətta 7 il qabaqkı məhkəmə qərarı ilə ayrılan əlil pensiyasını kəsməsindən, hətta əlilin həyat yoldaşının da pensiyasını qərəzlə azaltmasından 161-ə, 961-ə ( artıq bu nömrə 4925540, 4920138 nömrələri kimi işləmir) yüzə yaxın, elektron poçtla və məktubla minə yaxın şikayətlərin heç birinə görə adi izahat belə alınmayıb.
Baş prokurorun qəbuluna yazılmaq da poçtalyonsuz olmur(muş). Qəbula yazmağa borclu olan əməkdaşlar prokurorluğun mülki (?) pensiya cinayətlərində səlahiyyətsiz olduğunu bildirib, işgəncə faktı ilə bağlı qəbula bir həftə qalmış hər gün (?) teleqram vurmağı məsləhət bilir (?) Bu “poçtalyonluq xidməti”nin neçəyə oturduğu bir yana, heç qəbula düşməyə yardım etmədiyi isə prokurorluğu ilgiləndirmir.
Məğrur BƏDƏLSOY