Bakı, 2 oktyabr, AZƏRTAC
Hər bir xalqın tarixində Vətəni üçün atdığı addımlarla, gördüyü işlərlə vətəndaşları tərəfindən qəhrəmanlıq simvolu, xilaskar kimi qəbul edilən, illər keçsə də qəlblərdə daim yaşayan şəxsiyyətlər vardır. Belə şəxsiyyətlər dövlətin ən çətin, qaranlıq dövrlərinə işıq tutmuş, xalqının gələcəyini xilas etmiş və adlarını dövlətçilik tarixinə əbədi yazdırıblar. Şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyev də Azərbaycan xalqının əvəzsiz şəxsiyyəti, əbədi qəhrəmanıdır. Xalqımız Ulu Öndərin əziz xatirəsini daima yad edir, onun vətəni üçün etdiyi əvəzsiz xidmətləri heç vaxt unutmur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deyib.
O bildirib ki, 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycan Respublikasını aydınlığa çıxardan bir tarix kimi yadda qalıb. Belə ki, bu seçkilər zamanı xalq öz üzərinə düşən böyük məsuliyyəti çox gözəl dərk edərək qurtuluşa gedən yolun ilk addımını atmış – Ulu Öndər Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Heydər Əliyevin böyük səs çoxluğu ilə Prezident seçilməsi ilə bugünkü qüdrətli, suveren, müstəqil Azərbaycan dövlətinin təməli qoyuldu.
“Ümummilli Lider Azərbaycanın taleyüklü məsələlərinin həlli uğrunda mübarizə apararkən, öz həyatını təhlükəyə ataraq xalqın və dövlətin maraqlarını hər şeydən üstün tutdu. Xüsusilə, 1993-cü ildə ölkədə baş verən siyasi gərginlik zamanı o, Gəncəyə yollanıb oradakı qiyamın qarşısını aldı. Ulu Öndərin müdrik və qətiyyətli rəhbərliyi, ölkəni çətin dövrlərdən çıxararaq sabit və inkişaf etmiş bir respublikaya çevirməyi bacarıb. Heydər Əliyevin qlobal düşüncəsi, geniş dünyagörüşü və reallığa əsaslanan siyasəti ölkənin taleyində həlledici rol oynayıb. Ulu Öndər təkcə Azərbaycanda deyil, beynəlxalq səviyyədə də hörmət qazanmış, yüksək səviyyəli dövlət xadimi kimi tanınıb. Peşəkarlığı və strateji düşüncəsi ilə fərqlənən Ümummilli Lider siyasət dünyasında “siyasət qrosmeysteri”, “siyasət nəhəngi” və “siyasət patriarxı” kimi tanınırdı.
Təkcə siyasi fəaliyyətləri ilə deyil, həm də natiqlik qabiliyyəti ilə də yadda qalan Ulu Öndərin çıxışları, hər zaman xalqı ruhlandırmış, millətə ümid və inam vermişdir. Onun nitqlərində, yalnız siyasi ideyalar deyil, həm də xalqın tarixi, mədəniyyəti və mənəvi dəyərləri öz əksini tapırdı. Hər zaman xalqın dilində danışan, onların ürəyindən keçənləri ifadə edən Böyük Liderin çıxışları dərin analitik təhlil və mövzuya dərindən yanaşma ilə fərqlənirdi”, - deyə Milli Məclis sədrinin müavini qeyd edib.
Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın siyasi və iqtisadi suverenliyinin təmin olunduğunu, ölkədə siyasi stabilliyin bərpa edildiyini və iqtisadi yüksəlişin təməlinin qoyulduğunu diqqətə çatdıran Z.Əsgərov Ulu Öndərin neft strategiyasının Azərbaycan üçün əhəmiyyətindən danışıb: “1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” adlanan neft müqaviləsi ölkənin neft ehtiyatlarının beynəlxalq şirkətlərlə əməkdaşlıq şəraitində istismar edilməsini təmin etmişdir. Bu strategiya Azərbaycanın iqtisadi qüdrətini artıraraq ölkəyə böyük həcmdə xarici investisiya axınının gəlməsinə şərait yaradıb, neft strategiyasının uğurlu həyata keçirilməsi Azərbaycanın enerji təhlükəsizliyini təmin edib və ölkəni dünya enerji bazarında əsas oyunçulardan birinə çevirib”.
Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutmasının Heydər Əliyevin dövlətçilik siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayan Milli Məclis sədrinin müavini 1995-ci ilin noyabrın 12-də qəbul edilən Konstitusiyanın ölkəmizin demokratik cəmiyyətə inteqrasiyası üçün zəruri hüquqi baza yaratdığını deyib. Bildirib ki, Ulu Öndərin rəhbərliyi ilə ölkənin təhlükəsizlik, siyasi-hüquqi sistemində aparılan köklü islahatların demokratik proseslərin genişlənməsinə və hüquq sisteminin möhkəmləndirilməsinə rəvac verib. Heydər Əliyevin hüquqi islahatları sayəsində Konstitusiya Məhkəməsi, Ombudsman təsisatı və digər demokratik institutlar yaradılıb, ölüm hökmü ləğv edilib. Beləliklə, aparılan bütün bu islahatlar hüquqi dövlət prinsiplərinin möhkəmlənməsində mühüm rol oynayıb.
Ulu Öndərin Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq aləmdə düzgün təqdim olunması üçün ardıcıl addımlar atdığını, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində qətiyyətli mövqe sərgilədiyini vurğulayan Ziyafət Əsgərov qeyd edib: “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin təməllərini elə möhkəm qoyub və onu elə layiqli davamçıya təhvil verib ki, Azərbaycanın gücü, qüdrəti gündən-günə artır. İkinci Qarabağ müharibəsi ilə bizə tarixi Zəfər yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə ölkəmizə növbəti tarixi Qələbəni bəxş edib. Erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması, qondarma rejimin ləğv olunması ilə Azərbaycanın suverenliyi tam bərpa olunub”.
Milli Məclis sədrinin müavinin fikrincə, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, gücünə, qüdrətinə qarşı çıxmaq istəyən hər bir kəs bilməlidir ki, Azərbaycan Heydər Əliyev siyasəti ilə yaşayır və irəliləyir, bu siyasət dövlətimizin sarsılmaz təməlində dayanır. Müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi isə Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayacaq.