AZ

Zəfər yolu ilə ...

Son dayanacaq Şuşadır

Xəbər verdiyimiz kimi, sentyabrın 23–24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı, Daxili İşlər Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsi, Mətbuat Şurası və digər qurumların, habelə ölkənin aparıcı kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda ikigünlük seminar keçirildi. Həmin seminarın iştirakçısı kimi, bu mühüm tədbirlə bağlı deyəcəklərimi sona saxlamaqla, bəzi məsələlərdən başlamağı məsləhət bildim.

İndiyədək Şuşada olmamışdım. Nəinki Şuşada, heç Füzulidə, Xankəndidə, Laçında, Kəlbəcərdə də... olmamışdım. Ölkəmizin bu dilbər guşəsinə dəfələrlə getmək istəsəm də, müəyyən səbəblər üzündən alınmamışdı. Haradasa otuz il bundan əvvəlki erməni işğalından sonra güman edirdim ki, bu yerləri görmək mənə nəsib olmayacaq. Amma, necə deyərlər, sən saydığını say, görək fələk nə sayır...

İndi isə seminar iştirakçılarını aparan avtobusda Zəfər yolu ilə Füzulinin Alxanlı qəsəbəsindən Şuşaya doğru gedirik. Burada bizi Şuşaya aparan Zəfər yolunun əhəmiyyəti barədə bir neçə kəlmə deməyə ehtiyac var. İndiyədək Füzulidən Şuşaya yol olmayıb. Sovetlərin vaxtında belə Qalaya ancaq bir yol vardı – Ağdam–Xankəndi–Şuşa yolu. İndi isə Füzulidən Şuşaya müasir tələblərə cavab verən geniş və rahat yol çəkilmişdir. Həm də Qələbə günündən 8 gün, Ermənistanın kapitulyasiyasından isə 6 gün sonra çəkilişinə başlanılmış Zəfər yolu işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən ilk layihə olmuşdur.

İşğala məruz qalmamış yaşayış məskənləri bitdikdən sonra erməni faşistlərinin xaraba qoyduqları kənd və qəsəbələrin arasından keçdikcə, daha doğrusu, düşmən vəhşiliyinin nəticəsini gördükcə insanın damarlarında qanı donur.

Təsəvvürümə 70-80-ci illərin, yəni bu yerlərdə həyatın qaynadığı dövrün mənzərəsi gəlir. O vaxtlar bu kəndlərdə insanlar firavan və sülh içində yaşayıb-yaradır, özlərinə ev-eşik, qapı-baca qurub-tikir, qayğısız ömür sürürdülər. Ta bədnam qonşularımız peyda olanadək...

Yağı düşmən “bu torpaqlarda siz yox, biz yaşamalıyıq!” iddiası ilə vəhşicəsinə hücuma keçdi, hər şeyi alt-üst etdi. Daş üstündə daş qoymadı, əlinə keçəni yağmalayıb Ermənistana apardı, qalanını isə şor qiymətinə cənub qonşularımıza –dindaşlarımıza satdı.

Əhalinin bir qismi döyüşlərdə həlak oldu, qalanı isə tələm-tələsik başını götürüb təhlükəsiz yerlərə pənah apardı.

Yol boyu hər iki tərəfdə dünyanın güclü, demokratik dövlətlərinin məzlum və mədəni xalq kimi qəbul etdiyi ermənilərin “dəst-xətti” görünür: yandırılmış evlər, məktəblər, xəstəxanalar, dağıdılmış və yerlə-yeksan edilmiş məscidlər, ziyarət yerləri, qəbiristanlıqlar, kəsilmiş ağaclar, qırılmış elektrik xətləri... Budur Amerika Birləşmiş Ştatları və Fransa başda olmaqla Qərb dövlətləri rəhbərlərinin utanıb-qızarmadan halına göz yaşı axıtdıqları, kütləvi şəkildə silahlandırdıqları, çox böyük məbləğlərdə vəsait ayırdıqları erməni faşistlərinin əməlləri...

Dörd il bundan əvvəl, noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzulidə olarkən dövlət başçımız bu vəziyyəti görərək ürək ağrısı ilə demişdir: “Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər... Sanki bu torpaqlardan vəhşi bir qəbilə keçib.”

Zəfər yolu Şuşaya yaxınlaşdıqca dik və sərt döngələr, qalın meşələr bir-birini əvəz edir. Bizim şir ürəkli əsgər və zabitlərimiz dörd il bundan əvvəl məhz bu qalın meşələri, uca zirvələri, sıldırım qayaları dəf edərək Şuşaya yaxınlaşmışdılar.

O vaxta qədər Azərbaycan Ordusunun belə hünər sahibi olduğuna nəinki ermənilər, heç hayların Qərbdəki havadarları da inanmırdılar. Onlar güman edir və inanırdılar ki, erməni xalqı döyüşkən millətdir və Ermənistanın çox güclü ordusu var. Azərbaycanlılar isə döyüşməyi bacarmırlar, zəif ordusu var.

Ermənistan–Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə məşğul olan beynəlxalq qurumların rəhbərləri, ATƏT-in Minsk qrupunun həmsədrləri, həmin dövlətlərin liderləri söhbətlər zamanı dəfələrlə Azərbaycana məsləhət görürdülər ki, münaqişənin hərbi həlli yolu yoxdur, məsələ yalnız sülh, danışıqlar vasitəsilə həll olunmalıdır...

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz sübut etdi ki, münaqişənin hərbi yolla həlli var. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, qazilərimizin sağlamlığı, şəhidlərimizin canı-qanı bahasına biz bütün dünyaya sübut etdik ki, bu münaqişənin hərbi yolla həlli var və buna nail olmuşuq.

Avtobus Şuşaya yaxınlaşdıqca Cıdır düzü tərəfdən sıldırım qayalar bütün əzəməti ilə görünürdü. Bizə məlumat verdilər ki, Azərbaycanın xüsusi təyinatlıları məhz həmin qayaları dırmaşaraq şəhərə girmiş və düşmən üzərinə şığımışlar. Şübhəsiz, həmin qayaları dəf eləmək üçün gərək yüksək səviyyəli peşəkar alpinist olasan. Xüsusi təyinatlı Azərbaycan oğulları yüngül silahlar götürərək, həmin keçilməz qayaları dəf etmiş və düşmənin başının üstünü almışlar...

Ermənilər bu istiqamətdən hücumun qeyri-mümkünlüyünü nəzərə alaraq, oraya nəzarətçi belə qoymamışdılar. Əsas diqqəti şəhərə Xankəndi tərəfdən gələn yeganə yola yönəltmiş, orada güclü müdafiə istehkamları qurmuşdular.

Azərbaycan döyüşçülərinin gözləmədikləri tərəfdən qəfil hücumu təpədən-dırnağadək ən müasir silah-sursat və döyüş texnikası ilə təchiz olunmuş erməni silahlı qüvvələrini çaşdırıb pərən-pərən saldı. Beləliklə, “Ermənistanın güclü ordusu var, ermənilər döyüşkən xalqdır” mifi də darmadağın edildi. Çünki qəhrəman Azərbaycan oğulları Şuşada qərarlaşmış, özlərindən qat-qat çox olan düşmən əsgər və zabitlərini darmadağın etdilər. Biz elə həmin döyüşdə bütün dünyaya göstərdik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Azərbaycan Prezidentinin dediyi kimi, “erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerində oturtduq. Onlar bizim qabağımızda diz çöküblər və bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq – müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi.”

Şuşa işğaldan azad olunandan sonra düşmən dərk etdi ki, digər ərazilərdə də müqavimət göstərməyin heç bir mənası yoxdur. Qəhrəman Ordumuz ertəsi günü 70-dən çox kəndi, qəsəbəni və digər yaşayış məntəqələrini işğalçılardan azad etdi. Bu, əslində, düşmənə vurulan sonuncu zərbələr idi. Bütövlükdə isə, əməliyyatların gedişində 300-dən çox yaşayış məntəqəsi Silahlı Qüvvələrimiz tərəfindən azad edildi, necə deyərlər, düşmənin beli qırıldı, məcbur olub noyabrın 10-da kapitulyasiya sənədinə imza atdılar...

Amma istər Şuşanın geri alınması, istərsə də digər şəhər, qəsəbə və kəndlərimizin düşməndən təmizlənməsi çox böyük çətinliklər hesabına başa gəldi. Qırx dörd gün çəkən İkinci Qarabağ müharibəsində ordumuz hər gün irəli gedib, bir-birinin ardınca yaşayış məntəqələrimizi azad edib. Bir nəfər də olsun döyüş meydanını tərk etməyib. Tərifli Ermənistan ordusunda isə özlərinin etiraf etdiklərinə görə, 12 mindən çox fərari olmuşdur. Budur bizə nümunə göstərilən “güclü ordu”nun real sifəti.

Azərbaycan Ordusu isə ... Gəlin burada Prezident İlham Əliyevi dinləyək: “...Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək... Ali Baş Komandan kimi müharibənin nəticələrini şərtləndirən amillərə nəzər salaraq, təhlil edərək tam əminliklə deyə bilərəm ki, birinci yerdə, birinci növbədə milli ruh məsələsidir, mənəvi hazırlıqdır...

44 gün ərzində bu çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq, hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı, sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək – müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir! Bu, həqiqətdir!”

Ali Baş Komandan, həmçinin ordumuzun itki verməsini də qeyd etdi. Bəli, müharibələr itkisiz ötüşmür. Vətən müharibəsi və antiterror tədbirlərində Azərbaycan Ordusu 3200-dən çox şəhid vermişdir. Şübhəsiz, II Qarabağ savaşında qazanılmış şanlı Qələbədə bu tarixi savaşda iştirak edən 90 mindən çox gəncin hər birinin xidməti danılmazdır. Amma şəhidlik zirvəsinə ucalmış gənclərimizin xidmətləri daha böyükdür. Onlar Vətən, torpaq uğrunda canlarını qurban vermişlər...

Bu yerdə Şuşanın azad edilməsindən sonra telekanalların birində gedən verilişi xatırlamamaq olmur. Həmin verilişdə o vaxtadək olan şəhidlərimizin sayı açıqlandı – 2783 nəfər. Türkiyə orgeneralına sual verildi: sizcə, çoxdur, yoxsa az? Generalın cavabı, təqribən, belə oldu: Qarabağ sizin üçün qiymətlidirsə, 278 min şəhid versəniz də azdır. Yox, əgər qiymətsizdirsə 2783 şəhid çoxdur...

***

Şuşa bizi ənənəvi şəkildə – dumanı, çiskini ilə qarşılamadı. Əsl sakit payız havası idi. Ömür boyu Bakının tüstüsünü, zəhərli havasını udmuş bizim üçün tərtəmiz Şuşa havasına öyrəşmək o qədər də asan olmadı.

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa ona doğma olan sakinlərini görüb ikinci ömrünü yaşayır. Şəhər böyük tikinti meydanını xatırladır. Hər tərəfdə tikinti-quruculuq işləri gedir. Ermənilərin dağıtdığı tarixi abidələr, mədəniyyət nümunələri, digər tikililər bərpa olunur, yenidən inşa edilir...

Şəhərdə tikinti-quruculuq işləri, əslində, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra başlamışdır. İlk növbədə, Şuşaya yol çəkilməli idi. Ona görə Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir və gələn ilin sonuna qədər onun da hazır olacağı gözlənilir. Qaladakı tarixi abidələrin bərpasına da dərhal başlanılmışdır. Vaqifin məqbərəsi yenidən qurulmuşdur. Ondan sonra Yuxarı Gövhər ağa məscidi, Saatlı məscidi, Mamayı məscidi, Mehmandarov məscidi və evi də bərpa olunmuşdur. Çöl Qala məscidində artıq bərpa işləri aparılır. Şəhərdə dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyüyü beşulduzlu “Şuşa” mehmanxanasıdır. Bütün tikililər ənənəvi Şuşa memarlığı üslubunda inşa edilmişdir. Eyni zamanda, Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin düşmən tərəfindən dağıdılmış abidəsi, habelə Xurşidbanu Natəvanın, Üzeyir bəyin və Bülbülün güllələnmiş büstləri yenidən öz yerinə qoyulmuşdur. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü yenə də əvvəlki görkəmində bərpa edilmişdir. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur.

Məscidlərdən söhbət düşmüşkən, deməliyik ki, ermənilər Şuşadakı 17 məsciddən 16-sını dağıtmış, birini isə başqa xalqa mənsub olan məscid kimi təqdim etməyə çalışmışlar. Şuşa azad ediləndən sonra, guya, orada aparılmış təmir işləri dərhal ləğv edilmiş və məscid yenidən qurulmuşdur.

Yeni tikilən binalar və digər obyektlər də qədim Şuşa memarlığına uyğun inşa olunur. Şəhəri gəzdikcə insanın ruhu dincəlir. Hər şey göz oxşayırdı. Bəli, bu gün biz yenidən dirçəldilən Şuşanı görürük.

***

... Amma, şəxsən mən Şuşanı təsəvvürümdəki Şuşa kimi görmək istəyirdim. Ertəsi günü də Günəş çıxarkən qaldığımız “Qarabağ” hotelinin 4-cü mərtəbəsinin eyvanından şəhəri seyr edərkən yaxındakı dağların zirvələrində nə duman gördüm, nə də çən. Heç səmada da bulud yox idi. Səhər yeməyindən sonra Saatlı məscidinin yanında ağaclara qulluq edən bağbandan soruşdum:

– Bəs hanı Şuşanın duman-çəni?

O bir qədər uzaqdakı zirvəyə tərəf baxıb dedi:

– Bir qədər səbirli olun, görəcəksiniz.

O boylandığı səmtə mən də baxdım. Kor duman yavaş-yavaş şəhərə doğru sürünürdü.

Az sonra duman şəhəri qoynuna aldı. Əvvəlcə çiskin, sonra dolu yağdı. Daha sonra isə gurşad yağış başladı. Axır ki, Şuşanı təsəvvür etdiyim kimi gördüm.

***

Bakıya qayıdarkən yolüstü Xankəndidə olduq. Şəhərin əsas küçələrindən keçərək bu dərs ilində fəaliyyətə başlamış Qarabağ Universitetinə getdik. Universitetin qarşısında bizi rektor Şahin Bayramov qarşıladı. Rektor dedi ki, universitetin pedaqoji-müəllim heyəti və tələbələri dörd gün bundan əvvəl möhtərəm Prezidentimiz İlham Əliyevlə keçirdiyi görüşün unudulmaz təsiri altındadır. Dövlət başçımız universitetimizin açılışında iştirak etdi və çıxışında bildirdi ki, Xankəndidə Qarabağ Universitetinin yaradılması tarixi hadisədir.

Prezidentə məlumat verdik ki, hazırda universitetin 1200 tələbəsi var. Demək olar ki, ölkəmizin bütün bölgələrindən tələbələrimiz var. Xeyli hissəsi 600-dən çox bal toplayıb.

Universitetdə altı fakültə yaradılıb. Qarşıdakı illərdə tibb fakültəsi də təşkil olunacaq. Bundan əlavə, Xocalıda Aqrar elmlər fakültəsi, Şuşada turizm fakültəsi də açmağı nəzərdə tutmuşuq. Bu mənada universitetimiz bir neçə şəhəri birləşdirəcək.

Universitetin əsas tədris korpusuna baş çəkdik, bəzi auditoriyalarda dərsin gedişi ilə maraqlandıq. Hər şey yüksək səviyyədə idi. Əmin olduq ki, Qarabağ Universiteti yaxın vaxtlarda Azərbaycanın qabaqcıl ali təhsil müəssisələrindən birinə çevriləcəkdir.

***

“Azərbaycanın Xirosiması” adlandırılan Ağdam ərazisinə daxil olarkən viran edilmiş, xarabazara çevrilmiş böyük şəhərin miskin görkəmi insanı haldan çıxarır. Ucu-bucağı görünməyən xarabalıqda Cümə məscidindən savayı salamat bir tikili gözə dəymir. Bunu bədnam qonşularımız, çörəyimizi yeyən, amma bizə daim nifrət bəsləyən ermənilər etmişlər. Cümə məscidini mal, heyvan, hətta donuz saxlamaq üçün, minarələrindən isə ətrafı nəzərdən keçirmək məqsədilə nisbətən salamat saxlamışlar.

Üç il bundan əvvəl Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşını qoyarkən demişdir: “Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası mənə təqdim edildi. Yer seçildi və həm Zəfər, həm İşğal muzeyləri çox möhtəşəm olacaq. Şəhərin içində böyük bir meşə zolağı olacaq – 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər. Şəhərin müasir standartlara, müasir tələblərə uyğun inkişaf planı artıq tam işlənib hazırlanıb... Tramvaylar ölkəmizdə hələ heç yerdə yoxdur. Amma Ağdamda olacaq... Biz Ağdamı bir güllə atmadan, bir şəhid vermədən azad etdik və bu gün buradayıq və bundan sonra əbədi burada olacağıq. Mən deyirəm bu şəhər, bütöv rayon dünya üçün nümunə olacaq”.

***

Yazının əvvəlində qeyd etdiyim kimi, bu səfərimiz Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda keçirilən iki günlük seminarla bağlı idi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramil Məmmədov media nümayəndələri ilə dini mövzuda seminarın Şuşada keçirilməsinin təsadüfi olmadığını diqqətə çatdırdı. Bu ərazilərdə xalqımıza məxsus yüzlərlə dini və tarixi abidə dağıdılıb. Məscidlərimiz təhqir olunub, dini məbədlərimizin tarixinin saxtalaşdırılmasına cəhdlər edilib.

Komitə sədri əlavə etdi ki, hazırda müxtəlif dövlətlər din amilindən siyasi-psixoloji və ideoloji təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. İdeologiya elə bir həssas istiqamətdir ki, ictimaiyyət və dövlət, vətəndaş cəmiyyətləri institutları ilə hökumət qurumları məsuliyyəti bölüşməlidirlər. Açılış mərasimində çıxış edən Nazirlər Kabineti Aparatı Humanitar məsələlər şöbəsinin müdiri Ərəstü Həbibbəyli sosial mediada yayılan dezinformasiyalar və ənənəvi medianın rolu barədə fikirlərini diqqətə çatdırdı.

Seminarın “Dini etiqad azadlığı və azad media: sərhədlər haradan başlayır?” mövzusunda I sessiyası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun, “Dini radikalizmlə mübarizə və media” mövzusunda II sessiyası Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun, “Dini maarifləndirmənin təşkilində medianın rolu: əsas təbliğat və təsir metodları” mövzusunda III sessiyası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatı rəhbərinin müavini Elşad Miraləmin moderatorluğu ilə aparıldı. Mütəxəssislər və ekspertlər mövzularla bağlı fikirlərini söyləyib, təkliflərini verdilər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri R.Məmmədov seminarda səslənən bütün təkliflərin nəzərdən keçiriləcəyini bildirdi.

Qüdrət PİRİYEV
XQ
Bakı–Şuşa–Xankəndi–Ağdam–Bakı

phrase_var_article.chosen
113
xalqqazeti.az

1phrase_var_article.sources