AZ

Ermənistanın "B" planı: İrəvan sülh imzalamaq istəyirsə, nə etməli olduğunu bilir

“Ermənistan tərəfi Azərbaycanın siyasi iradəsini, qətiyyətini və tələblərini çox yaxşı bilir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Ekspert vurğulayıb ki, Azərbaycan yalançı və yarımçıq sülh sənədinə imza atmaqdan ona görə imtina edir ki, müzakirə olunacaq və həlli zəruri olan mühüm məqamlar hələ qalmaqdadır.

Onun sözlərinə görə, əslində indiki mövzud vəziyyətdə də, yəni razılaşdırılmış bəndlər əsasında da sülhün çərçivə sənədi imzalana bilərdi:

“Ancaq bunun üçün Ermənistan öz konstitusiyasına mütləq dəyişiklik etməli, Azərbaycana qarşı ərazi iddialarını əks etdirən maddələri aradan qaldırmalıdır. Məntiqi baxımdan bir dövlətin onun ərazisinə iddiaları öz konstitusiyasına salmış bir ölkə ilə sülh imzalaması absurd olar”.

Z.Məmmədov bildirib ki, Ermənistan sülhün tezliklə imzalanmasını istəyirsə, nə etməli olduğunu bilir:

“İrəvan üzərinə düşən addımları atmalıdır ki, sülh müqaviləsinin yaxın aylarda imzalanması mümkün olsun. Bundan sonrasını zaman göstərəcək. COP29-a hələ vaxt var. Ermənistan rəhbərliyi adekvatlıq nümayiş etdirərək qətiyyətli addımlar atarsa, irəliləyişə nail olmaq mümkündür”.

Zaur Məmmədov: Paşinyan hökuməti dünya ictimaiyyətini aldatmaqla məşğuldur

Həmsöhbətimizə görə, amma gedişat göstərir ki, hazırda Paşinyan hökuməti dünya ictimaiyyətini aldatmaqla məşğuldur. Ermənistan rəsmiləri məqsədli şəkildə sülhdən yana olduqlarını deyirlər:

“Əslində isə İrəvanın Qərbdə bağlı qapılar arxasında kimlərlə, hansı görüşlər keçirdiklərini, Azərbaycana qarşı "B" planının hazırlandığını yaxşı bilirik. Belə vəziyyətdə sülhdən danışmaq sözdə asan olsa da, reallıqda çətindir".

Qeyd edək ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsinin Azərbaycanla sülh sazişinin razılaşdırılmış bəndlərini imzalamağa hazır olduğunu deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanla danışıqlar prosesi dalana dirənib:

"Amma Ermənistanın bu məsələdə irəliləmək üçün siyasi iradəsi var. Hətta bu gün də biz razılaşdırılmış məqamları imzalamağa hazırıq".

Ermənistan baş naziri Nikol Paşinyan isə bildirib ki, indiki mərhələdə sülh sənədinin açıqlanması diplomatik baxımdan düzgün olmaz. Baş nazir sazişin bir neçə əsas komponentini, o cümlədən diplomatik münasibətlərin qurulması və ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələlərini qeyd edib.

Paşinyan onu da vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında müzakirə olunan sülh sazişində digər məsələlərlə yanaşı, bu sazişin icrasının gedişinə nəzarət etmək üçün birgə komissiyanın yaradılması da nəzərdə tutulur.

Aydın Baxış

Seçilən
20
bakivaxti.az

1Mənbələr