"İnter Mayami"nin kapitanı Lionel Messi MLS müntəzəm çempionatında Şərq Konfransının qalibi olub.
QOL.az xəbər verir ki, onun komandası 32-ci turda səfərdə ən yaxın izləyicisi "Kolumbus Kryu"ya qalib gəlib. Bu qələbədən sonra xallarının sayını 68-ə çatdıran "İnter Mayami" mövsümün bitməsinə 2 tur qalmış birinci olub.
Nəticədə Messi karyerasında 46-cı kuboku qazanıb. Ötən il 37 yaşlı forvard "İnter Mayami" ilə Liqa Kubokuna yiyələnib. Əvvəllər o, 2 dəfə Fransa çempionu, Fransa Superkubokunun qalibi olub. Həmçinin Messi "Barselona" ilə 34 kubok qazanıb.
Argentina millisinin heyətində isə Messi dünya çempionatının (2022-ci il), Amerika Kubokunun (2021 və 2024-cü illər), Finalissimanın (2022-ci il), Olimpiya Oyunlarının (2008-ci il) və gənclər arasında dünya çempionatının (2005-ci il) qalibi olub.