AZ

“Minimum əməkhaqqı artandan sonra özəl sektordan maaş artımı tələb etmək olmaz”

Ölkədə minimum əməkhaqqının artırılması məsələsi aktualdır. Hazırda 345 manat olan minimum əməkhaqqının gələn ilin əvvəli 10-15 % artırılması gözlənilir. Bu məsələ minimum əməkhaqqı ilə işləyən çoxsaylı işçiləri əhatə etdiyi üçün onların xüsusi diqqətindədir. Minimum əməkhaqqı artdıqca ölkədəki qiymətlər də artır. Bu səbəbdən, minimum əməkhaqqıdan bir az yüksək maaş alan şəxslər də maaşlarının artırılmasını tələb edir. 

Bəs ölkədəki bütün maaşlar minimum əməkhaqqıda olan artım qədər artırılmalıdırmı?

Valyuta.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, dövlətdə tarif cədvəli olur və onun birinci pilləsində minimum əməkhaqqı olur:

“Vahid tarif cədvəli ilə əməkhaqqı alan bütün dövlət işçilərinin hamısının maaşı artacaq. Dövlətdə vahid tarif cədvəli əsasında əməkhaqqı almayan şəxslər var. Məsələn, təhsil, səhiyyə, mədəniyyət və s. işçilərinin əməkhaqqısı Prezident Sərəncamı ilə tənzimlənir. Prezident uyğun bilərsə, onların maaşı da müəyyən qədər artır. Adətən, minimum əməkhaqqı artırılandan sonra həmin işçilərin də maaşının 5-15 % artırılması ilə bağlı Prezident Sərəncam imzalayır”.

“Özəl sektorda maaşların artırılması məcburi deyil”

Ekspert deyir ki, özəl sektorda isə bu məcburi deyil, yalnız minimum əməkhaqqının artırılması məcburidir:

“Yəni, özəl sektordakı maaşlar minimum əməkhaqqıda olan artım qədər artırılmaya da bilər. Özəl sektorda maaşları əmək bazarı müəyyənləşdirir. Əmək bazarı tələb edən zaman özəl sektorda da maaşlar artır. Çünki özəl sektor üçün işçi qüvvəsi resurs xərcidir. Daha ucuz işləyən işçilər varsa, bahalı işçi götürməyəcək. Bazarın tələbi ola bilər ki, 20-30 % artım tələb etsin və ya heç etməsin. Məsələn, jurnalistlərin maaşı azdır, İT mütəxəssislərinin maaşı yüksəkdir, bunu bazar tənzimləyir. Minimum əməkhaqqı artandan sonra özəl sektordan maaş artımı tələb etmək olmaz”.

“İstənilən halda minimun əməkhaqqının artması əmək bazarındakı şərtləri dəyişir. Birbaşa olmasa da, sonrakı zamanlarda işçinin daha yüksək maaş almasına gətirib çıxarır. Özəl sektora da dolayı yollarla təsirləri olur” - deyə, X.Kərimli əlavə edib.

Əvəz Həsənov

Seçilən
5
valyuta.az

1Mənbələr