AZ

İsrail-İran müharibəsinin başlanması an məsələsidir - ÖZƏL

"Yaxın Şərqdə dünyanın taleyi həll olunur".

Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Dünya üçün proqnozlaşdırılması mümkün olmayan bir təhlükənin ərəfəsindəyik. Bu təhlükə İranın və İsrailin arasındakı müharibə vəziyyətinin getdikcə daha da reallaşması və gərginləşməsi ilə bağlıdır. Təəssüf ki, bölgədə marağı olan dövlətlərin müdaxiləsi hələlik nəinki müsbət nəticə vermir, əksinə daha da qızışdırıcı rol oynayır. Bu nöqteyi nəzərdən onu demək lazımdır ki, İsrail özünün mənafeləri baxımından daha çox qisasçı mövqedən çıxış edir və qisas iddiaları ilə yaşayır. Digər ölkələr, Avropanın bəzi ölkələri və Amerika Birləşmiş Ştatları isə İsrailin mövqelərinə birmənalı şəkildə dəstək verməklə, əslində həm İranın cəzalandırılması üçün bu vəziyyətdən istifadə etməyə çalışırlar, həm də İsraili yeni-yeni əməliyyatlara ruhlandırırlar. Əgər İsrailin Qəzzada apardığı quru, yerüstü əməliyyatlar zamanında dayandırılmış olsaydı, bu gün Livanda bu faciələr yaşanmazdı və əgər Livanda faciələrin davam etdiyi bir vaxtda İran-İsrail münasibətlərinin tənzimlənməsi üçün daha təsirli addımlar atılmış olsaydı, dünya üçün bu təhlükə indiki qədər real olmazdı. Xüsusilə də Amerika Birləşmiş Ştatlarının bölgədə apardığı siyasət İsraillə sırf müttəfiqlik münasibətləri çərçivəsində olsa da, amma bəşəriyyət üçün və Şərqdə sülh təhlükəsizliyi üçün olduqca təhlükəli rol oynamaqdadır. Çünki İsrailin indiki şəraitdə, xüsusilə də Həmasa, Hizbullaha və İrana qarşı bu cür dəstəkləndirməsi, onun silahlandırılması, açıq-aşkar müharibənin miqyasının daha da genişləndirilməsinə xidmət edir.
Avropa Birliyinin bəzi çəkindirici bəyanatlarının xüsusi rolunu, əhəmiyyətini qeyd etmək lazımdır. Çünki Avropa Birliyi hiss olunur ki, burada vəziyyətin nə qədər gərgin bir hal alacağından narahat olmağa başlayır və hadisələrin cilovlanması üçün müəyyən səylər göstərir. Amma Avropa Birliyinin birbaşa bu bölgədə gedən proseslərə təsir göstərmək imkanları təbii ki, yetərli deyil və bu şəraitdə Avropa Birliyinin xüsusi rol oynayacağından danışmaq bir az mümkünsüzdür. Burada ən ciddi rol Amerika Birləşmiş Ştatlarına məxsusdur. Təbii ki, baş verə biləcək ən dəhşətli və təhlükəli ssenarilərin məsuliyyəti də birinci növbədə ABŞ-ın üzərindədir. Ona görə ki, burada Yaxın Şərqdəki məsələlərə birtərəfli yanaşma var. Yalnız İsrailin özünümüdafiə hüququ qabardılır. Amma Yaxın Şərqdə böyük problemin əsas tərəflərindən biri olan Fələstin ərəblərinin dövlətçilik hüququnun və öz müqəddəratını təyin etmə hüququnun tanınması yönümündə təəssüf ki, əhəmiyyətli addımlar atılmır. Bəzi Avropa ölkələrinin, o cümlədən İspaniyanın və bəzi Skandinaviya ölkələrinin Fələstin dövlətinin müstəqilliyini tanımaqları bu arada müsbət rol oynasa da, amma təsirli və həlledici rol təəssüf ki, oynaya bilmir. Amma hər halda bəzi Avropa dövlətlərinin Fələstin xalqının hüquqlarını məhz indi tanımaları tarix üçün də olsa çox əhəmiyyətli faktlardır. Buna görə də bu məsələlərə, yəni Yaxın Şərqdəki müharibə vəziyyətinə müdaxilə birinci növbədə Şərq probleminin həlli kontekstində baş verməlidir. Yəni Yaxın Şərq probleminin iki suveren dövlət prinsipi ilə həll olunması əsas götürülməlidir. Yəni Fələstin dövləti və İsrail dövlətinin yaşamaq haqqı. Amma çox təəssüflər olsun ki, burada məsələlərə yanaşma iki suveren dövlət prinsipi çərçivəsində deyil, tamamilə ondan fərqli bir müstəvi üzərindədir və birmənalı şəkildə İsrailin dəstəklənməsi və terrorun birmənalı şəkildə ittiham edilməsi müstəvisində cərəyan edir ki, bu da Yaxın Şərqdə sülhün yaxınlarda bərqərar ola biləcəyinə dəlalət eləmir. 
Burada Türkiyənin rolu xüsusi nəzərə alınmalıdır və təəssüflər olsun ki, Türkiyənin bu bölgədə oynaya biləcəyi rolu çox böyük olsa da, amma bölgənin əsas münaqişə iştirakçısı olan ölkələr, o cümlədən İsrail, Amerika Birləşmiş Ştatları Türkiyənin oynaya biləcəyi pozitiv rola, təəssüf ki, hələ yetərincə dəyər verə bilmirlər və yaxud da vermirlər. Bir sözlə, dünya Yaxın Şərqdə böyük təhlükə qarşısındadır. İsrail-İran müharibəsinin başlanması an məsələsidir və bir halda ki, İsrail artıq qisas hissi ilə alışıb yanır. Bu müharibənin başlanma ehtimalı böyükdür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr