AZ

Zəngilanda uşaqların rəqəmsal bacarıqları artırılır

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 2-də Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kənd orta məktəbinin yuxarı sinif şagirdləri üçün “Uşaqların rəqəmsal bacarıqlarının artırılması” mövzusunda maarifləndirici təlim keçirilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məktəbin direktoru Azər Niftəliyev Komitənin gənclər, xüsusilə də uşaqlar üçün təşkil etdiyi təlimləri yüksək qiymətləndirib və informasiya təhlükəsizliyinin təmin edilməsində seminar və təlimlərin mühüm rol oynadığını vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr və informasiya texnologiyaları sektorunun müdiri Zəminə Səfərova müasir informasiya texnologiyaları dövründə qadınların və uşaqların rəqəmsal bacarıqlarının artırılmasının vacibliyini vurğulayaraq, artıq ikinci ildir ki, Ağalıda müvafiq mövzuda keçirilən təlimlərin işğaldan azad edilən digər torpaqlarda da davamlı olacağını bildirib.

Sonra təlimçi qismində çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşı, ekspert Aygün Əhmədova ağıllı şəhər və ağıllı kənd konsepsiyaları, fərdi inkişaf üçün rəqəmsal bacarıqların əhəmiyyəti, elektron təlim platformaları, texniki vasitələrdən düzgün və təhlükəsiz istifadə, elektron mühitdə təhlükəsiz işləmək bacarığı, eyni zamanda, informasiya ilə işləmək bacarığı, virtual mühitdə mədəni-hüquqi davranışlar, sosial şəbəkələrdə diqqət edilməli məqamlar barədə məktəbliləri məlumatlandırıb.

Təlim müddətində texnoloji ixtisaslar, xüsusilə proqramlaşma, kibertəhlükəsizlik və qrafik dizayn kimi hazırda gənclərin marağını cəlb edən sahələr üzrə nəzəri və praktiki biliklər verən resurslar təqdim olunub.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Seçilən
74
azertag.az

1Mənbələr