AZ

Pekində Birinci Çin Azərbaycanşünaslıq beynəlxalq elmi konfransı keçirilib

Pekin Xarici Dillər Universitetinin (PXDU) təşkilatçılığı və ev sahibliyi ilə Birinci Çin Azərbaycanşünaslıq beynəlxalq elmi konfransı keçirilib.

Konfransın məqsədi Çində elmi yolla Azərbaycanın qədim tarixi, dili və mədəniyyətini tanıtmaq, iki xalq arasında mədəni əlaqələri dərindən araşdırmaq, iqtisadi əlaqələrin mövcud potensialını dəyərləndirmək, Çində azərbaycanşünaslıq elminin inkişafına təkan verməkdir. Çində Azərbaycan üzrə tədqiqat aparan alimlərin, xüsusilə gənc tədqiqatçıların üzə çıxarılması, onların Azərbaycanla bağlı araşdırmalarına istiqamət verilməsi, ölkəmizə dəvət edilərək azərbaycanlı alimlərlə əlaqələrinin qurulması və əməkdaşlığın genişləndirilməsi də konfransın hədəflərindəndir.

“İpək Yolu ruhu ilə Çin-Azərbaycan münasibətlərini möhkəmləndir!” devizi altında təşkil olunan beynəlxalq elmi konfransda Azərbaycanın və Çinin siyasi, iqtisadi və humanitar sahələrini təmsil edən 50-yə yaxın ekspert və aliminin ölkəmizin ədəbiyyatı, mədəniyyəti, iqtisadiyyatı, siyasəti haqqında məruzələri dinlənilib.

Konfransda “Azərbaycan dili, mədəniyyəti və təhsili”, “Bir kəmər-bir yol təşəbbüsü çərçivəsində Çin-Azərbaycan iqtisadi əlaqələri”, “Azərbaycan və Çin arasında mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələr” panelləri təşkil olunub.

Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev bildirib ki, Azərbaycan dili Çində ixtisas səviyyəsində məhz bu ali təhsil müəssisəsində tədris edilir. 2015-ci ildə Çin Təhsil Nazirliyinin qərarı ilə yaradılan Azərbaycan dili ixtisasına 2018-ci ildə Ümumçin qəbul imtahanı vasitəsilə daxil olan tələbələr 2022-ci ildə təhsillərini uğurla başa vurublar.

Anar ƏLİ
XQ

Seçilən
84
xalqqazeti.az

1Mənbələr