AZ

Göyçədə Aşıq Ələsgərin abidəsi nə vaxt bərpa oluna bilər?..

Image

Faiq İsmayılov: “Göyçəyə “Böyük Qayıdış” baş verəndən sonra Aşıq Ələsgərin büstünün bərpası tam mümkün olacaq”

Terrorçu Ermənistan dövləti tərəfindən  Qərbi Azərbaycanda xalqımıza məxsus bütün mədəni, tarixi, dini abidələr dağıdılıb. Erməni vandalizminə məruz qalan abidələrdən biri də görkəmli sənətkar, ustad aşıq Ələsgərin Göyçə mahalının Ağkilsə kəndindəki qəbirüstü abidəsidir. Ustad aşığın dağıdılmış abidəsinin qalıqlarının qalıb-qalmadığını deyə bilmərik, çünki onunla bağlı əlimizdə hər hansı bir məlumat yoxdur. 

Prezident İlham Əliyev Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında “Gün gələcək, biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik” bəyanatını verdi. Ölkə başçısının bu mesajı bizdə ümid yaratdı ki, Aşıq Ələsgərin ermənilər tərəfindən vandalcasına dağıdılan abidəsinin bərpa ediləcəyi gün heç də uzaqda deyil. 

Qeyd edək ki, Aşıq Ələsgərin doğulduğu Ağkilsə kəndində 1972-ci ildə ustad Aşığa 150 illik yubileyi ilə əlaqədar qəbirüstü bust qoyulub. Hazırda isə büstün dağıdıldığı barədə məlumatımız var. 

Aşıq Ələsgərin Göyçədə dağıdılmış abidəsini necə bərpa etmək olar? Bu nə vaxt baş verəcək? 

“Ustad aşığın dağıdılmış büstünün qalıqları tapılarsa…”

AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı, maddi irs üzrə mütəxəssis Faiq İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, hazırkı şəraitdə bu abidəni bərpa etmək mümkün deyil, çünki onun qalıqları əlimizdə yoxdur. F.İsmayılovun sözlərinə görə, amma Qərbi Azərbaycana qayıdış başlayandan sonra Aşıq Ələsgərin qəbirüstü büstünü bərpa etmək tam mümkündür. “Hazırda məlum səbəblərdən Göyçə mahalına gedə bilmirik. Bu baxımdan, indiki şəraitdə Aşıq Ələsgərin büstünün bərpası mümkünsüzdür. Ustad aşığın dağıdılmış büstünün qalıqları tapılarsa o konservasiya edilib olduğu kimi saxlanılacaq. Natəvanın, Bülbülün. Üzeyir Hacıbəyovun büstləri kimi. 

Aşıq Ələsgərin Göyçədə büstü yenidən qurulacaq, buna bizim də əminliyimiz var. Prezident eyni zamanda öz çıxışında Qərbi Azərbaycana qayıdışımızı da vurğulayıb. Güman edirəm ki, bu tezliklə baş verəcək. Göyçəyə qayıdıb Aşıq Ələsgərin heykəlini orada quracağıq. Göyçəyə “Böyük Qayıdış” baş verəndən sonra Aşıq Ələsgərin büstünün bərpası tam mümkün olacaq”-deyə F.İsmayılov bildirdi. 

F.İsamyılov qeyd etdi ki, Aşıq Ələsgərin büstünün ermənilər tərəfindən dağıdılması misilszi vandalizm aktıdır və gün gələcək haqq-ədalət öz yerini tapacaq, Ağkilsədə ustadın abidəsi ucaldılacaq. 

İradə SARIYEVA





Seçilən
4
1
baki-xeber.com

2Mənbələr