AZ

Mirzoyan KTMT-dən çıxış yollarını Qərbin Təhlükəsizlik platformalarına məruzə etdi...

Image

Arzuxan Əlizadə: “Ermənistanın KTMT-dən çıxması zaman məsələsidir”

İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla bağlı bütün risqləri öyrənir. Bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib. 

“Hər birimiz daha ehtiyatlı olmalıyıq. Dayanıqlılıq prioritet olmalıdır və baş verə biləcək proses yaxşı hesablanmalı, idarə olunmalıdır. Bu sadə məsələ deyil”, – o bildirib. 

A.Mirzoyanın sözlərinə görə, Ermənistan KTMT üzvlüyünü dondurub və əvvəlki münasibətlərə qayıtmaq niyyətində deyil: “Biz özümüzü işləməyən hərbi ittifaqda görmürük”.

Göründüyü kimi, erməni rəsmilər açıq işarə edirlər ki, Ermənistan KTMT-dən çıxacaq.

“Ola bilsin ki, Paşinyan bunu tezləşdirmək istəyir, amma bunun üçün zəmin hələ tam yaranmayıb”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadənin fikrincə, Ermənistanın KTMT-ni tərk edəcəyi sirr deyil: “Məlum olduğu kimi, Ermənistanla Rusiya arasında münasibətlər pisləşən templə davam edir. Bunun əsas səbəbi Ermənistanın baş naziri Nikol Paşinyanın qərbmeyilli siyasət aparmasıdır. Belə ki, Ermənistanın mövcud hakimiyyəti ABŞ, Fransa kimi Qərb dövlətləri ilə əlaqələri gücləndirməklə yanaşı, həm də Rusiyadan uzaqlaşır. Bu isə rəsmi Moskvanın regiondakı təsir imkanlarının Qərbə satılması deməkdir. Məsələ ondadır ki, erməniləri regionumuza bəla edən, yoxdan Ermənistan yaradan Rusiya olub. Özü də tarixi, əzəli Azərbaycan əraziləri hesabına. İndi ermənilər Rusiyaya xəyanət edirlər. Var gücləri ilə Qərbin qucağına atılmağa çalışırlar. Hesab edirəm ki, Ermənistanın KTMT-dən çıxması zaman məsələsidir. Uyğun geosiyasi zəmin yaranan kimi, onlar bu hərbi qurumdan çıxacaqlar. Nə qədər ki Paşinyan və komandası hakimiyyətdədir, belə bir ehtimal böyükdür. Ola bilsin ki, Paşinyan bunu tezləşdirmək istəyir, amma bunun üçün zəmin hələ tam yaranmayıb. Çünki Paşinyan hakimiyyəti Ukrayna müharibəsinin bu qədər uzanacağını düşünmürdü. Onlar hesab edirdilər ki, müharibə səbəbindən sanksiyalar Rusiyanı çökdürəcək və Ermənistan da bundan maksimum istifadə edəcək. Ancaq bu, belə olmadı. Üstəlik, Ermənistan iqtisadi baxımdan Rusiyadan çox asılıdır. Ermənistanda istehsal olunan məhsulların böyük hissəsi Rusiya bazarında realizə olunur. Rusiya münasib qiymətə Ermənistanı qazla təmin edir. Ən başlıcası isə, qadağan olunan məhsulları Ermənistan Rusiyaya ixrac etdiyi üçün milyardlar qazanır. Bu və digər səbəbdən Ermənistanın KTMT-ni tərk etməsi yubanır. Ancaq Qərbin Ermənistanda artan hərbi mövcudluğu bu məsələni aktuallaşdırır. Yəni Ermənistan davamlı olaraq iki stulda otura bilməz. Əvvəl-axır seçim etməlidir”.

Vidadi ORDAHALLI





Seçilən
17
baki-xeber.com

1Mənbələr