AZ

Bütün yollar yataqdan keçir...

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kubra Məhərrəmova yazır...
Bir müddətdir ki, dünya şou biznesi çalxalanır. Həmişə ağzımızı açıb Qərbin, ABŞ-nin şou-biznesinə baxıb köks ötürürdük ki, bunlardakı fərasətə bax, gör necə biznes qurublar. Çoxumuz da avam kimi inanırdıq ki, orada insanlar öz istedad və bacarıqlarına görə milyonçu, bəzən isə milyarder olurlar.
Amma və lakin bir müddət əvvəl məlum oldu ki, sən demə bizə, avam və saf insanlara sırıdıqları bu "halal zəhmət" və "əziyyət" bizim düşündüyümüz deyilmiş. Hər gün bu "biznesin" yeni təfərrüatı dünya mediasına yayılır.
Biz elə sandıq ki, sözügedən "zəhmət" ancaq bizim bəzi "ailəvi" restoranlarda, "kabinetlərdə" baş verir. "Həcilər" gildiyasının təsis etdiyi yerli şou-biznes koalisiyası qərblilərin yanında toya getməli imiş. Sən demə "ikinci arvad", "kocuşum" statusları elə ən safı imiş.
Oxuculardan çox xahiş edirəm ki, yazdığımı bu cür həyat tərzi keçirən insanların reputasiyasını dəstəkləmək və ağartmaq kimi anlamayasınız. Bütün hallarda yaxşı hal deyil.
XXI əsrdə bir daha bizi başa saldılar ki, şou-biznes dediyin aləmdə bütün bu forma və məzmun zənginliyi məqbul imiş.
Onsuz da xalq hər şeyi bizdən daha gözəl bilir. Heç yadımdan çıxmaz, 44 günlük müharibənin qaynar dövrüdür, ermənilər Azərbaycan dilində, sosial şəbəkələrdə dezo yayır, şəhid fotoları, ad soyadları paylaşır, özlərini azərbaycanlı kimi təqdim edir. Hətta Allaha, Qurana and içirlər.
Bizim fərasətli uşaqlardan biri də qayıdasan ki, "əgər sən azərbaycanlısansa, onda de görüm Şəbnəm Tovuzlunu kim saxlayır?" Bu mem xeyli müddət gündəmdə oldu. Yəni dediyim odur ki, baş verənlər göz önündədir.
ABŞ-də baş verən və həbslə yekunlaşan məsələ barədə qısa məlumat verim.
Məşhur repçi "P.Diddy"nin (əsl adı Şon Kombs) insan alveri, zorlama və seks toplantılarının (məclislərinin) təşkili ittihamları ilə həbs olunub.
Artıq qalmaqala bir çox məşhurlar və nüfuzlu insanların adı hallanır. Dünya mediasına isə "P.Diddy"nin qaranlıq məclislərində iştirak edən adamların siyahısı tirajlanır.
Siyahıda kimlər yoxdur. Beyonse, Rihanna, Cennifer Lopes, həmçinin ABŞ-nin keçmiş prezidenti Barak Obama onun həyat yoldaşı Mişel, hətta Şahzadə Harri ilə həyat yoldaşı Meqan Markl da var. Diddinin "Freak Off" kimi tanınan "əyləncə məclislərində" deyilənə görə milyonçular və milyarderlər də olub. Və orada nə baş veribsə, hamısı video kasetlərə köçürülüb.
Məsələ bir az "Qarabulaq" hadisələrini xatırlatdı. Şayiələrə görə elə oralarda da buna oxşar hadisələr yaşanıb.
Nə isə, qayıdaq ABŞ-də baş verənlərə. Deməli bu qalmaqalın ən maraqlısı mənim üçün eks-prezidentin və onun arvadının adının hallanmasıdır.
Yəni siyasi yüksəkliyi belə əldə etmək üçün də, "yataqdan" keçmək lazımdır?
Çünki amerikalı müğənni Caquar Rayt deyir ki, "İnanıram ki, Barak Obamada belə bir kaset var. Bilirəm ki, Cennifer Lopesdə bir neçə kaset var. Bilirəm ki, Beyonsedə belə bir kaset var. Bu partilərin iştirakçılarına baş verənlərin yazıldığı kasetlərin surətləri göndərilib və bu videolarda görünənlər şokedici ola bilər.
Kifayət qədər ağır ittihamdır. Özü də ABŞ-də keçiriləcək prezident seçkiləri qabağı belə bir fikirlərin səslənməsi demokratlar üçün necə əks-səda verəcəyi maraqlıdır. Təbii ki, bunu Amerika cəmiyyəti müəyyən edəcək.
Digər tərəfdən də, qalmaqallı eks-prezident və hazırda prezidentlik uğrunda mübarizə aparan Donald Trampın da adı bu "yığıncaq"larda hallanır. Amma onu da qeyd etməliyəm ki, Tramp çox zaman belə qalmaqalların tam mərkəzində olub və necəsə hər zaman sudan quru çıxmağı bacarıb.
Pul, rüşvət, şahidlərin ağzının şantaj və ya böyük məbləğlərlə bağlanılması deyəsən yalan deyil. Çünki adam hər zaman vəziyyətdən çıxa bilib.
Ümumiyyətlə Amerika siyasi isteblişmenti çox rəngarəng və maraqlı tarixçəyə malikdir.
Məsələn ABŞ-nin sayca III Prezidenti Tomas Cefferson 1801-1809 illərdə hakimiyyətdə olmuş və ABŞ dövlət tarixinə dövləti quran atalar kimi düşüb. Həm də ABŞ siyasi tarixinə 14 yaşlı qul qız, Salli ilə seks macəraları yaşaması ilə yadda qalıb. Tarixçilərin fikrincə ABŞ prezidentinin Sallidən düz altı övladı olub. Onlar da doğulanda qul statusunda doğulublar, lakin Tomas onları azad edib.
Tomas guya quldarlığa son qoymaq, insanların azad olması (qul olmaqdan) üçün "mübarizə" aparıbmış. Lakin həqiqətdə elə ən böyük qul alverçilərindən biri olub. Onun elə şəxsi 600 nəfər qulu olub. Bəli, onun torpaq və ərazilərində işləyən, bütün əzab-əziyyətə dözən insanlar. Ən gülməlisi isə odur ki, Tomas əfsanəvi ABŞ İstiqlaliyyət Bəyannaməsinin müəlliflərindən biridir.
Məsələni çox uzatmadan seks qalmaqalı ilə tarixə düşən digər ABŞ prezidentinə keçid alıram.
ABŞ-nin sayca 22-ci prezidenti Qrover Klivlend. O dövrün KİV-i yazırdı ki, ABŞ prezidentinin Mariya Halpin adlı qadından nikahdankənar oğlu var imiş. Qəzetlər yazırdı ki, prezident bu məsələnin böyüməməsi üçün Mariyanı dəlixanaya, uşağı isə körpələr evinə yerləşdiribmiş.
Deyilənə görə Mariya Qrover tərəfindən təcavüzə məruz qalıbmış.
Növbəti seks qalmaqallı ABŞ prezidenti isə olduqca populyar olan, ABŞ-nin 35-ci prezidenti (1961-1963) Con F. Kennedidir.
Kenedinin bioqrafları yazırlar ki, Kennedi xanımlar arasında olduqca sevilən idi. Onun saysız-hesabsız eşq macəraları haqqında həyat yoldaşı Jaklin də məlumatlı idi. Lakin cütlük Amerika cəmiyyəti üçün ideal ailə və ər-arvad rolunu oynayırdı. Kenedinin ən məşhur eşq macəralarında dünya çapında olan ulduz aktrisalar Merilin Monro və Marlin Ditrixin adı çəkilir. Hətta sarı mətbuat Merilin Monronun ölümündə prezidentin ətrafının izini görürdü. Təxminlərdən biri Manronun Kennedinin qardaşı tərəfindən zəhərləndiyi göstərilir. Lakin bu təxminlər elə təxmin kimi qaldı. Çünki daha sonra Kennedi özü də sui-qəsd nəticəsində həyatını itirdi.
Kennedinin ardınca, elə Kennedi öldürülən gün hakimiyyətə gələn Lindon Conson da eşq macəraları ilə sələfindən geri qalmırdı. Yeri gəlmişkən, Kennedinin ölümündə Conson hamıdan çox şübhə altında idi. Çünki Conson korrupsiya qalmaqalının tam mərkəzində idi və Kennedi ondan can qurtarmağın yollarını axtarırdı.
Conson prezident olaraq tarixə sərvəti 98 milyon dollar olaraq ABŞ-nin ən varlı liderlərindən biri kimi düşüb. Amma o amerikalıların yaddaşında o həm də katibələrdən ibarət hərəmi olan prezident kimi də qalıb. Onun sevgililərini az qala həyat yoldaşı üzdən tanıyırdı. Lakin siyasi hakimiyyət üçün o da sevən və sevilən arvad rolunu ifa edirdi.
Və siyahının ulduzu Bill Klintondur. ABŞ-nin bəlkə də ən populyar prezidentlərindən biri, sayca 42-ci olan Bill Klinton (1993-2001) Monika adlı xanımla intim münasibətləri ilə qalmaqalın tam mərkəzində olub. Hadisə 1998-ci ilə təsadüf edir. Elə Levinskinin dediyinə görə onlar dəfələrlə "Ağ evin" oval kabinetində görüşüblər. Eşq macərasının detallarına varmadan qeyd etmək istərdim ki, o zaman Bill Klinton əvvəlcə bütün olanları təkzib etdi. Lakin sübut və faktlardan sonra Monika ilə əlaqədə olduğunu etiraf etdi. Bundan sonra ABŞ cəmiyyəti ölkə başçısını yalan ifadə verməkdə ittiham edərək impiçment tələb etdilər. Düzdür Klintonun yenə də bəxti gətirdi və o vəzifəsini qoruya bildi. Lakin Monikanın həyatı məhv, Klintonun Monikaya vəd etdiyi əbədi sevgi və münasibətlər yox oldu. Hətta müsahibələrin birində Klinton deyir ki, Monika onu iş stresindən xilas etmək üçün vasitə idi.
Sonda seks qalmaqalları ilə gündəmdə olan ABŞ-nin eks-prezidenti və hazırda prezidentik uğrunda mübarizə aparan, milyarder Donald Trampdır. Onun adı bir sıra qadınlara təcavüz etməkdə, saysız-hesabsız intim münasibətlərdə hallanır. Amma görünən odur ki, bütün bunlar onun ölkə başçısı olmasına mane olmayıb.
İndi yenə qayıdıram məsələnin əvvəlinə. Bəlkə elə dünya çapında uğur və populyarlıq qazanmaq elə "əyləncə məclisləri"ndən keçir. P.Diddinin təşkil etdiyi "əyləncə məclisləri"ndə parlaq ulduzlar, müğənni və aktrisalar ilə yanaşı tanınmış siyasətçilər, milyon və milyard sahibləri olan iş adamları olub. Yəni şou-biznes-siyasət və hakim dairələrin adamları bir-birinə bağlı olublar.
Onu da qeyd edim ki, P.Diddi sıradan bir müğənni deyil. Onun sərvəti "Forbes" tərəfindən 2022-ci ildə 1 milyard dollar qiymətləndirib. İndi bu pulu P.Diddy mahnı oxumaqla qazanıb, yoxsa "əyləncə məclisləri"ni təşkil etməklə, bunu yəqin ki, müəyyən edəcəklər. Deyilənlərə görə bu sərvətin əldə olunmasında P.Diddi şantajdan istifadə edib. Videokasetlər və digər kompromatlar vasitəsilə.
Ən maraqlı sual isə budur. Bu qədər fiqurantın iştirakı ilə baş verən cinayət tərkibli hadisələr necə olub ki, illər boyu gizli qalıb? Kimlər P.Diddinin "əyləncə məclisləri"ni qoruyub? Axı ala qarğa bala çıxara bilməz o cəmiyyətdə? Hadisələrin inkişafını gözləyək.
Seçilən
7
oxu.az

1Mənbələr