AZ

Şagirdlərimin sevgisini qazanmışamsa, özümü xoşbəxt hesab edə bilərəm

Müəllim hər bir məktəbliyə bir şəxsiyyət kimi yanaşmalı və onu Vətənimizə layiqli, vicdanlı, sədaqətli bir vətəndaş olaraq yetişdirməlidir

Müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunur, böyük hörmətlə və yüksək ehtiramla anılır. “İki sahil” in əməkdaşı 5 Oktyabr- Beynəlxalq Müəllimlər Günü ərəfəsində ömrünü bu çətin, eyni zamanda, şərəfli peşəyə həsr edən müəllimlərimizdən biri ilə həmsöhbət oldu. Bir az da dəqiqləşdirməli olsaq müsahibimiz paytaxtın Nərimanov rayonunda yerləşən Alı Mustafayev adına 202 nömrəli tam orta məktəbin tarix müəllimi Nuriyyə Hümmətovadır.

-Nuriyyə müəllim, istərdik ki, özünüzü oxucularımıza təqdim edəsiniz…

-Atam Əli Hümmətov Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. Şagirdləri tərəfindən çox sevilən və hörmət edilən müəllim olub. Mən 13 yaşında atamı itirmişəm. Atamın vəfatı məni çox sarsıtdı. Böyüyəndə atamın işini davam etdirmək, müəllim olmaq qərarına gəldim. Tarix  müəllimim Əsgər Əliyev mənə bu fənni sevdirdi. Bu sevgi mənim tarix müəllimi olmağıma səbəb oldu. 1982-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna daxil oldum. 1987-ci ildə həmin institutun tarix ixtisası üzrə tam kursunu bitirdim. 1982-ci ildən Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Təmayül Məktəb  Müəssisə Kompleksində (KTTMMK) kitabxana müdiri və 1986-2001-cı illər arasında tarix müəllimi vəzifəsində çalışmışam. 2001- ci ildən etibarən Bakı şəhəri Nərimanov rayonundakı 202 saylı tam orta məktəbdə tarix müəllimi işləyirəm.

Artıq 38 ildir ki, bu işdə çalışıram. Fənnimi və şagirdlərimi sevirəm. Bu da işimdə uğur qazanmağıma əsasdır. Fəaliyyətim müxtəlif təltif və mükafatlarla dəyərləndirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin ( indiki Elm və Təhsil Nazirliyi), Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Fəxri fərmanlarına layiq görülmüş, Azərbaycan Respublikası Prezidentinin 2017 -ci il 3 oktyabr tarixli Sərəncamı ilə “Tərəqqi" medalı ilə təltif olunmuşam. 2018 -ci ildə Azərbaycan müəllimlərinin XV qurultayının nümayəndəsi olmuş, 2019-cu ildə Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən "Pedaqoji mühazirə" müsabiqəsinin Respublika üzrə qalibi olaraq III dərəcəli diploma layiq görülmüşəm.

-Müəllim kimi ilk dərsinizi  necə xatırlayırsınız?

-İlk dəfə müəllim kimi fəaliyyətə başladığım peşə yoldaşım Mehman müəllim mənə bildirdi ki, 9-cu sinifə dərs keçəcəksən. Bu sinifin şagirdləri həm yaxşı oxuyandır, həm də hər müəllimi qəbul etmirlər. Dərsi yaxşı tədris edə və özünü sevdirə bilsən sonradı yaxşı olar. İlk dəfə sinfə daxil oldum, özümü təqdim etdim, daha sonra dərsə başladım. Amma sözümü bir şagird kəsdi və dedi ki, ilk olaraq bizim sizə verəcəyimiz sualları cavablayın sonra dərsə başlayaq. Bu zaman anladım ki, bu sinfi ələ almaq üçün sanki aktyor olmaq lazımdır. Buyur, dedim ver sualını. Şagirdimin ilk sualı məktəbin yerləşdiyi ərazinin- Zeynəddin kəndinin coğrafi adının tarixi ilə bağlı oldu. Mən isə belə bir sualla qarşılasacağımı düşünməmişdim. Amma özümü itirmədim yüksək səslə,  özümə güvənərək sualı cavablamağa başladım. Zeynəddin -Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin sərkərdəsi olub dedim. Həmçinin şagirdimə tövsiyə etdim ki, Ziya Bünyadovun “Azərbaycan Atabəyləri dövləti” kitabını oxuyun. Sonra isə şagirdlərimlə həm bu kitab, həm də keçəcəyim mövzu ilə bağlı suallar ətrafında müzakirə apardım. Çox maraqlı dərs alındı. Mən həm şagirdləri sevdim , həm də özümü şagirdlərə sevdirə bildim.

Çalışdığım bu illər ərzində çox maraqlı hadisələrlə qarşılaşmışam.XXI yüzilliyin ilk onilliyində( il dəqiq yadıma düşmür) müəllimlərin peşə bayramı ərəfəsində lX sinifə dərsə getdim. Sinifə daxil oldum, şagirdlərimlə salamlaşdım və əyləşin dedim. Amma şagirdlər əyləşmədilər. Bu, məni təəccübləndirdi. Bu zaman Xalid adlı şagirdim "Qarabağ şikəstəsini" ifa etməyə başladı, ardınca" Ey əziz müəllimlər" mahnısı səsləndi və arxadan gül-çiçəklə bəzədilmiş üzərində şagirdlərimin təbrik üçün ürək sözləri yazılmış kiçik bir plakatı gətirib mənə təqdim etdilər. Şagirdlərimin qəlbində mənə qarşı sevgi və hörmətini görməkdən çox məmnun oldum. 2023-2024-cü tədris ilində məktəbimizin psixoloqu Türkan xanım şagirdlər arasında anket -sorğu aparmışdı. Şagirdlərimin bir çox fənnini yaxşı tədris edən, şagird şəxsiyyətinə hörmətlə yanaşan müəllim olaraq manim adımı qeyd edərək adımın ətrafını gül və ürək şəkilləri ilə bəzəmişdilər. Məktəb rəhbərliyi bununla bağlı mənə söyləyərək təşəkkür etdikdə ürəyim sevinc hissi ilə doldu. Şagirdlərimin bu cür dəyərləndirməsi mənim üçün çox böyük mükafatdır. Bir müəllim olaraq sagirdlərimin sevgisini qazanmışamsa, özümü xoşbəxt insan hesab edə bilərəm.

-Tez-tez "əvvəlki uşaqlar daha fərqli idi” kimi sözlər eşidirik. Necə düşünürsünüz, bir neçə il öncəki şagirdlərlə indikilər arasında fərq varmı?

- Qloballaşan, elm texnikanın daim inkişaf etdiyi bir dövrdə yaşadığımız üçün fərqlilik əslində təbii haldır. STEAM dərslərinin keçirilməsi elə bu fərqliliyin bir nümunəsidir. Təhsilimiz günü-gündən inkişaf edir. Buna tədrisdə aparılan islahatları, layihələri, müəllimlərin sertifikasiyasını nümunə göstərmək olar. Fənlərin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, yeni fənlərin də əlavə olunması hazırda təhsilimizin inkişafı üçün olduqca əhəmiyyətlidir.

-Hər peşənin çətinlikləri olur. Sizcə, müəllimlik sənətinin çətinlikləri, incə məqamları hansılardır?

-Müəllim hər bir şagirdə şəxsiyyət kimi yanaşmalı və onu Vətənimiz üçün layiqli, vicdanlı, sədaqətli bir vətəndaş olaraq yetişdirməlidir. Şagirdlərə eyni münasibət bəsləməli, onlar arasında fərq qoymamalıdır. Məsələn, bizim məktəbdə sağlamlığı məhdud olan şagirdlər var. Biz müəllimlər də həmin şagirdlərə son dərəcə həssas münasibət bəsləməliyik. Həmin şagirdləri də cəmiyyətə uyğunlaşdırmaq müəllimin üzərinə düşən başlıca vəzifədir.

-Adətən hər bir müəllimin özünəməxsus tədris metodları olur. Bəs sizin özünüzün fərqli bir dərs metodunuz varmı?

-Bəli, hər bir müəllimin özünəməxsus tədris metodu var. Mən də müəllimlik peşəsinə başladığım gündən bir məqsədim olub: şagirdlərə bilik verməkdən əlavə həm də bacarıqlar qazanmaq üçün istiqamətləndirirəm. Bu, mənim əsas metodlarımdan biridir. Ümumiyyətlə, hər bir sinfin şagirdlərinin zəif və güclü tərəfləri olur. Mən hər bir şagirdə  onun səviyyəsinə uyğun yanaşır, ona bilik qazanmağın yollarını göstərməyə çalışıram. Eyni zamanda, tövsiyə edirəm ki, şagird də öz üzərində işləyərək bilik qazanmalıdır. Zənnimcə, müəllim təkcə bilik verməklə kifayətlənməməlidir.

-Hər zaman müəllim şagirdinə öyrədir, bəs sizin şagirdlərinizdən öyrəndiyiniz nələrsə olubmu?

-Hər bir müəllim şagirdlərinə istiqamət verir, bilik öyrədir. Bəli, mənim də bir müəllim olaraq şagirdlərimdən öyrəndiklərim var. Necə ki, şagirdlərə öyrənməyin yollarını öyrədə bilmişəm, şagirdlərimdən də müəyyən elmlərin sirlərinin açılmasında mənə yardımçı olmalarını istəmişəm. Belə ki, 90-cı illərdə  informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarıqları əldə etməyə çalışırdım və hər zaman informatika müəllimindən xahiş edirdim ki, kompüterdə işləmək üçün mənə istiqamət versin, köməklik etsin. Kompüter otağında digər şagirdlərlə bərabər oturur, onların dəstəyindən istifadə edərək kompüterdən necə istifadə etməli olduğum haqqında məlumatlar öyrənirdim. Hazırda informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarıqlarıma görə mənə istiqamət verən şagirdlərə borcluyam.

-Azərbaycan gəncləri xalqın 30 ilə yaxın həsrətində olduğu ən böyük arzunsunu reallaşdırdı. Gənclər 44 günlük Vətən müharibəsində ön və arxa cəbhədə fədakarlıqlar göstrərək tarixi və əzəli torpaqlarımızın azad olunmasında öz sözünü dedilər. Tarixi Zəfərimizdə gənclərimizin rolundan bəhs etməyinizi istərdik...

- Prezident İlham Əliyevin rəhbərliyi altında gənc nəslin tərbiyə edilməsi istiqamətində də məqsədyönlü siyasət yürüdüldü və elə bir nəsil yetişdirildi ki, onlar Vətən uğrunda gözlərini qırpmadan irəli atıldılar. Yüksək vətənpərvərlik ruhunda yetişən gənclərimiz Vətən müharibəsində qanları, canları bahasına torpaqlarımızı düşmən işğalından azad etdilər. Həmin qəhrəman gənclərin arasında bir zamanlar yurd-yuvasından didərgin düşərək məcburi köçkünə çevrilən körpələr də var idi və bu da İlahi ədalətin qələbəsi idi ki, onlar onilliklərin ardından azman igidlər kimi düşmənin üzərinə yeriyib, mənfurlara divan tutaraq qisaslarını almışdılar... 

Şanlı Zəfərimizdə gənclərin rolu danılmaz və unudulmazdır.  Məktəbimizin şagirdləri olmuş Sahib Daşdəmirov, Rövşən Hüseynov, İsrafil İbrahimov ərazi bütövlüyümüzün bərpası uğrunda qanlı döyüşlər zamanı şəhid olmuşlar. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin.

-Təcrübənizdən çıxış edərək müəllimlərə, şagirdlərə nə tövsiyə edərdiniz?

-Müəllimlərə işlərində uğurlar arzulayıram və hər bir şagirdə bir şəxsiyyət kimi yanaşılması prinsipini gözləyərək dərslərini keçmələrini tövsiyə edirəm. Şagirdlərə isə dərslərə ciddi yanaşmalarını, müəllimlərinə hörmət etməyi məsləhət görürəm. Çünki gələcəyimiz onların əlindədir.

-Nuriyyə müəllim, qarşıdan 5 Oktyabr- Beynəlxalq  Müəllimlər Günü  gəlir. Bu münasibətilə ürək sözləriniz, arzularınız…

-Şagirdlərinin yolunda ömürlərini çıraq edən əziz müəllimlər, sizlərə can sağlığı və sağlam ruh arzu edirəm. Bütün müəllimləri peşə bayramı münasibətilə təbrik edirəm. İşlərində uğurlar arzulayıram.

-Müsahibəyə görə təşəkkür edirik. Sizin simanızda bütün müəllimlərimizi Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirik! Parlaq gələcəyimizin qurucuları olan yüksək ixtisaslı mütəxəssislər hazırlayan, xalqına və dövlətinə bağlı layiqli vətəndaş yetişdirən müəllimlərimizə şərəfli işlərində yeni nailiyyətlər arzulayırıq! Qoy, əkdiyiniz ağacların gülü, çiçəyi heç zaman solmasın!

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
9
ikisahil.az

1Mənbələr