AZ

Sosioloqlardan məktəblərlə bağlı HƏYƏCAN TƏBİLİ: Şagirdlərə nəzarət bu şəxslərə verilməlidir!

"Hazırda məktəb-valideyn kontaktı yox səviyyəsindədir. Müəllimlə valideyn yolda üz-üzə gəlsə bir-birini tanımayacaq mövqedədilər. Əvvəllər  valideynlər valideyn iclasında iştirak edirdilər, müəllimlərlə birbaşa kontaktda olurdular. Axır vaxtlar ümumiyyətlə belə şeylər yoxdur. İldə bir dəfə iclas olur, onda da valideynlər iclaslarda iştirak etmirlər". 

Bu sözləri Sitat.info-ya açıqlamasında son vaxtlar məktəblərdə qeydə alınan neqativ hallardan, bir neçə məktəbdə baş verən bıçaqlanma hallarından danışan sosioloq Lalə Mehralı deyib.

O bildirib ki, hər iki tərəf eyni şəkildə məsuliyyət daşıyır: "Hansı tərəfdən baxırsınızsa baxın burada problemi yalnız  məktəbin üzərinə, və ya yalnız  valideynin üzərinə atmaq doğru deyil: "Bununla yanaşı müəllimlərin uşağa söz demə hökmü əlindən alınıb. Müəllim şagirdə nəsə deyən kimi müəllimin üstünə valideyn gəlir. Belə olan halda, sizcə şagirdin müəllimə hər hansı bir rəğbəti qalacaqmı, ondan çəkinəcək, ona hörmət edəcəkmi? Yəni şagirdin gözündə müəllimin bütün reputasiyasının məhv olması məhz valideynlərin əsəridir.”
 

Ekspert, məktəbdə baş verən hadisəyə görə, sadəcə məktəbi məsul görməyin doğru olmadığını vurğulayıb: "Bu gün sırf məktəbi günahlandırmaq, sırf məktəbdə baş verib deyə bundan məktəbi məsul göstərmək vəziyyətdən qaçış yoludur. Doğrudur məktəbin daxilində baş veribsə burada məktəb də məsuliyyət daşıyır, ancaq o məktəbə göndərilən uşaqlar hansı evdən gedir, onlar evdən çıxanda valideyn onun üzərindəki bıçaqdan niyə xəbərsiz olur? Nəticə olaraq valideyn öz vəzifəsini nə qədər yerinə yetirir?!”

Məsələ ilə bağlı Sitat.info-ya danışan sosioloq Əhməd Qəşəmoğlu isə deyib ki, artıq məktəbləri əvvəlki qaydalarla idarə etmək mümkün deyil: "Biz elə bilirik ki, indi də məktəbləri  30, 40 il əvvəlki kimi idarə də bilərik, amma belə deyil.
Elə biliri kki, illər əvvəlki kimi hamı direktora, müəllimlərə qulaq asır, belə deyil. Cəmiyyət xeyli mürəkkəbləşib. Bu mürəkkəblik də məktəblərdə özünü göstərir. İndiki direktor və müəllimlər də bilmir ki, uşaqla tam olaraq necə rəftar etmək lazımdır. Ona görə də pedoqoji təhsil verən müəssisələrimizdə müəllimləri  bir müddət ciddi şəkildə hazırlamaq lazımdır. Onlar bilməlidirlər ki, şagirdlərlə hansı söhbətləri aparmaq, problemlərə necə reaksiya vermək, valideynlərlə necə münasibət qurmaq lazımdır və s".

Ə.Qəşəmoğlu qeyd edib ki, indiki vaxtda məktəblərdə sosial iş xidməti olmalıdır: "Bir çox pedoqoji təhsil müəssisələrində guya sosial iş sistemi var. Amma vəziyyət heç də ürək açan deyil.  Buna görə də məktəblərdə formal olaraq məktəblinin dostu, psixoloq vəzifələrini birləşdirib 3-4 nəfərlik sosial işçi qrupu  yaratmaq lazımdır. Həmin sosial işçilər həm məktəb daxilindəki davranışı hər zaman müşahidə edib lazım olduqda müdaxilə edə, tədbir görə bilərlər, həm də valideynlərlə məktəb arasındakı əlaqələri gücləndirərlər". 

Fatimə,

Sitat.info

 

Seçilən
3
sitat.info

1Mənbələr