AZ

Metrostansiyaların platformasında təhlükəsizlik səddi quraşdırılacaq? – RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi ötən gün Bakı Metropoliteninin iki stansiyasında iki bədbəxt hadisə baş verib. Nəticədə bir nəfər sərnişin həyatını itirib, digər sərnişinsə müxtəlif xəsarətlər alıb. Nəzərə alaq ki, bu metroda baş verən ilk bədbəxt hadisə deyil. Belə hallar mütəmadi baş verir.

Bəs, belə halların qarşısını almaq üçün nə etmək lazımdır?

Qeyd edək ki, dünyanın əksər iri şəhərlərində metrostansiyalarda platforma ilə dəmir relslər arasında xüsusi təhlükəsizlik pərdələri var. Qatar stansiyaya daxil olub dayandıqdan sonra şəffaf “təhlükəsizlik qapıları” vaqonların qapıları sinxron qaydada açılıb, bağlanır. Bununla da sərnişinlərin relslər üzərinə düşmə ehtimalı tamamilə aradan qaldırılır.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı metrosunda daha bir sərnişin qatar yoluna DÜŞDÜ - VİDEO


Ölkəmizdə bu təcrübədən istifadə oluna bilərmi?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Bakı Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, bu məsələ Bakı Metropolitenində araşdırılmış bir mövzudur:

“Məsələnin bir neçə tərkib hissəsi var. Bildiyimiz kimi, paytaxtın mərkəzi hissəsindəki stansiyalar əsasən sovetlər dönəmində inşa edilib. Həmin stansiyalarda təhlükəsizlik pərdələrinin qurulması kifayət qədər çətindir. Bunun üçün ilk növbədə stansiyaların platformlarında bərkitmə işləri aparılmalıdır. Amma nəzərə alaq ki, 30-40 il əvvəl inşa edilən metro infrastrukturunda kənar müdaxilə yolverilməzdir. Bu çox ciddi problemlərə yol aça bilər. 

İkinci variant odur ki, bütün metro stansiyalarında qatarların qapılarının sinxron açılıb bağlanmasını təmin edən sistem quraşdırıla bilər. Amma bu sistemlərin quraşdırılması ilk növbədə kifayət qədər böyük vəsait tələb edir. Üstəlik, sistemlərin quraşdırılması üçün stansiyalarda ən azı müəyyən müddətə xidmət dayanmalıdır. Bu da asan məsələ deyil”. 

üsahibimiz onu da əlavə edib ki, yeni sistemin quraşdırılması stansiyalarda bərkitmə-gücləndirmə işini zəruri edir:

“Əgər stansiyalarda təhlükəsizlik qapıları quraşdırılacaqsa, o zaman “28 may” kimi pilon tipli stansiyalarda, yəni orta zaldan sağ və sol yola keçərkən sərnişin sıxlığının və platformanın yükgötürmə qabiliyyətinin tənzimlənməsi çox vacibdir. Çünki metroda həyata keçirilən istənilən layihə sərnişin təhlükəsizliyi aspektindən araşdırılmalıdır. 

Bundan əlavə, tunellərdə havalandırma sistemləri var. Yeni layihələndirmə  zamanı qatarın hərəkətindən yaranan təbii hava axınının idarə olunması gündəmə gələcək. Bu problemin də həlli əlavə suallar yaradır. Həmçinin hərəkətin təşkili ilə bağlı bir neçə məsələ var. Bir sözlə, uzun müddət istismar edilən stansiyalarda yenidən layihələndirmə heç də asan məsələ deyil.

Ona görə də Bakı Metropoliteni sərnişindaşımada təhlükəsizliyin təmin edilməsi üçün bütün zəruri addımları atır. 


Son zamanlarda stansiya girişlərində sıxlıq müşahidə olunur. Bu onunla bağlıdır ki, platformalar ifrat dərəcədə yüklənməsin.  Bu da birbaşa sərnişinlərin təhlükəsizliyi üçün atılan addımlardan biridir. Sərnişinlərin sıx olduğu stansiyalarda nəzarətçilərin sayı artırılıb. Radio vasitəsi ilə sərnişinlərə davamlı olaraq xəbərdarlıqlar edilir ki, təhlükəsizlik xəttini keçməsinlər və s. Bütün bunlarla yanaşı stansiyalarda təhlükəsizlik pərdələrinin çəkilməsi məsələsi Bakı Metropoliteninin gündəliyində qalır”.

Surxay Atakişiyev, Bizim.Media

phrase_var_article.chosen
57
50
bizim.media

10phrase_var_article.sources