AZ

"Müəllim məktəbdən, şagird müəllimdən ayrı düşüb" – Təhsil ocaqlarındakı insidentlərin PƏRDƏARXASI

Yeni tədris ili başlar-başlamaz orta məktəblərdən həyəcan dolu xəbərlər gəlir. Əvvəlcə Şəmkir və Xaçmazda, daha sonra isə Bakıda şagirdlər arasında yaranan mübahisənin bıçaqlanma ilə nəticələnməsi, hətta 71 saylı məktəbin şagirdinin qətlə yetirilməsi cəmiyyətdə ciddi narahatlıq yaradıb. 

Təhsil müəssisələrində məktəblilər arasında bu cür insidentlərin səbəbi nədir?
 

MÖVZU İLƏ BAĞLI:

Sabunçuda qətlə yetirilən məktəblinin babası danışdı: “Arxadan gəlib baldırından vurdu” - VİDEO


Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Nadir İsrafilovun fikrincə, son zamanlar məktəblərdə və ya məktəbdən kənarda baş verməsindən asılı olmayaraq, şagird özbaşınalığı, dava-dalaş, aqressivlik, fiziki zorakılıq kimi davranış pozuntularına bıcaqlanma kimi kriminal element də əlavə olunub:

"Müəllim məktəbdən, şagird müəllimdən ayrı düşüb"

“Artıq, bu neçənci bıçaqlanma hadisəsidir. Özü də ard-arda qısa zaman kəsiyində... Açıq etiraf edək ki, zəmanəmizdə tərbiyə işi təhsildə gedən pozitiv dəyişikliklər fonunda o qədər də ürəkaçan görünmür. İstəsək də, istəməsək də razılaşmaqlıyıq ki, tərbiyə məsələləri əvvəlki mahiyyəti və dəyərini itirir. Yəni təlimə “ifrat” aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib. Yəni, bir növ təlim-tərbiyədən, müəllim məktəbdən, şagird müəllimdən ayrı düşüb”. 

"Sosial şəbəkələr uşaqlara müəllimdən daha çox təsir edir"

Nadir İsrafilov deyir ki, bu məsələyə sırf pedaqoji aspektdən yanaşmaq, onu bilavasitə təhsilin durumu ilə əlaqələndirmək doğru olmaz: 

“Belə halların baş verməsi daha çox sosial xarakterli məsələdir. Dəyərlər dəyişib, düşüncə və yanaşma tərzimiz başqalaşıb, tələb və təklif prinsipləri yenilənib. Getdikcə sürətlənən qloballaşma, yüksək texnologiyaların inkişafı və onun insani münasibətlərin önünə keçməsi əsas bilik, bacarıq, vərdiş, dünyagörüşü və tərbiyə elementlərinin ötürücüsü kimi məktəb faktorunu arxa plana keçirib. Bu gün “TikTok”, “Messenger”, “İnstaqram”, “Teleqram” və s. sosial şəbəkələr yeniyetmə və gənclərə daha çox təsir güçünə malikdirlər, nəinki məktəb mühiti, müəllim və valideyn öyüd-nəsihəti...”.

Nəslin “alfa” “beta”sı yox, əsil-nəcabəti olur...

N.İsmayılov qeyd edib ki, son zamanlar Qərbdən bizə transfer olunan “Nəsillər nəzəriyyəsi”nə bizdə də maraq göstərənlərin, nəsillərin “alfa”, “beta”, “Z (zet)” kimi bölgüsünü aparanların, sayının artımı kimi təhlükəli tendensiya müşahidə olunmaqdadır: 

"Unutmayaq ki, nəslin “alfa”, “beta”, “Z(zet)”ası olmur, nəslin əsli-nəcabəti olur. Nəsli-nəcabəti olmayandan nəslin davamçısı ola bilməz. Yeniyetmə və gənclərin virtual aləmə ifrat dərəcədə meyllənməsi, günün böyük hissəsini sosial şəbəkələrdə keçirməsi, ordakı yazışmaları, eləcə də telekanallardakı zorakılıq xarakterli proqramların təsiri bu kimi fəsadlara yol açır.  Bu vəziyyəti “Z nəslindən ZEK nəslinə keçid” kimi qiymətləndirənlər də var. Kim təminat verə bilər ki, bu təhlükəli tendensiyalar sabah və ya birisi gün də baş verməyəcək!? 

Bir də ki, mövcud əxlaqi keyfiyyətlər sosial, iqtisadi, hüquqi və s. münasibətlər təlim-tərbiyə prosesinə təsirsiz ötüşmür.


Deməli, hadisənin səbəblərini daha dərində axtarmalıyıq və nəzərə almalıyıq ki, antik dünyanın filosofları belə hesab edirdilər ki, yaxşı vətəndaş formalaşdırmaq üçün uşaqların savaddan daha çox əxlaq baxımdan yetişməsinin qayğısına qalmaq lazımdır. Bir də ki, arxasınca qaçdığımız ali təhsildən savayı, uşaqda heç olmasa, orta düşüncə və ibtidai mədəniyyət olmalıdır. Yəni təlimi tərbiyə işi olmadan təsəvvür etmək mümkün deyil”.

Rəna Cumaqızı, Bizim.Media 

Seçilən
129
bizim.media

1Mənbələr