AZ

Azərbaycan Ermənistana qaz satacaq? - Açıqlama

Xəbər verdiyimiz kimi, Ermənistanın hakim "Mülki müqavilə” fraksiyasından olan deputat, İqtisadi məsələlər üzrə daimi komissiyanın sədr müavini Babken Tunyan bildirib ki, İrəvan tədarükün diversifikasiyası çərçivəsində Azərbaycandan qaz ala bilər.

“Belə bir vəziyyət yaranarsa, biz Azərbaycanla ticarət əlaqələri qura biləcəyik. Hər hansı resursa ehtiyacımız varsa, daha ucuz, keyfiyyətli resursu kimin təmin etdiyini düşünməliyik. Əgər bu resurs Azərbaycan tərəfindən təmin edilərsə, o zaman bu məsələ müzakirə oluna bilər. Bununla yanaşı, təbii ki, şaxələndirmə prinsipini və alternativ mənbələri qorumaq lazımdır”, - deyə o qeyd edib.



Mövzu ilə bağlı politoloq Rasim Musabəyov Bakupost.az -a bildirib ki, Ermənistan lideri Paşinyanın ölkəsinin Azərbaycandan qaz idxalçısına çevrilə biləcəyi ilə bağlı son bəyanatından sonra bu mövzu hər iki ölkənin mətbuatında fəal müzakirə olunur:

"Qeyd edim ki, hazırda ən başlıca məsələ tərəflər arasında sülh sazişinin imzalanmasıdır. Xatırladım ki, hələ sovet dövründə Azərbaycandan Ermənistana qaz kəməri çəkilmişdi və bir neçə il əvvəl belə bir vəziyyət yaranmışdı ki, Azərbaycan Dövlət Neft Şirkəti müəyyən müddət ərzində bu kəmərlə Ermənistana on milyonlarla kubmetr qaz verirdi. Bu, Rusiyanın “Qazprom” şirkəti Gürcüstan ərazisindən Ermənistana keçən qaz kəmərini təmir üçün dayandıranda baş verib. Sonra “Qazprom” Bakıya müraciət etdi və bir neçə həftə ərzində ölkəmiz Ermənistana qazı sovet kəməri ilə çatdırdı. Sonradan “Qazprom” bu məbləği Azərbaycana qaytardı. Biz əminliklə deyə bilərik ki, Ermənistan-Azərbaycan münasibətləri tam nizamlandıqdan sonra Naxçıvan Muxtar Respublikası da SSRİ dövründə olduğu kimi Ermənistan ərazisindən keçməklə qaz alacaq. İndiyədək Naxçıvan İran vasitəsilə qazla təmin olunur. Yəni, əlverişli şəraitdə Ermənistan Azərbaycanın əsas hissəsindən Naxçıvana tranzit qaz nəqli üçün pul ala biləcək, üstəlik, özü də bu qazın alıcısına çevriləcək və beləliklə, bu cür diversifikasiya yolu ilə təchizat öz enerji davamlılığını təmin edəcək”.

Sevinc,
BakuPost
Seçilən
3
1
bakupost.az

2Mənbələr