AZ

Qurumlar metrodakı ölümü iki gündür müzakirə edir: Çıxış yolu axtarılır -RƏSMİ

Ötən gün saat 19:00 radələrində "Bakı Metropoliteni" QSC-nin “Ulduz” stansiyasında sərnişin qatar yoluna düşüb. Hadisəyə görə qatarların hərəkətində 24 dəqiqə yubanma olub.

Qatar yoluna düşən 20 yaşlı şəxs sağ aşağı ətrafın amputasiyası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Onun hər iki ayağı amputasiya olunub. Bu, eyni gündə təkrarlanan ikinci hadisə olub. Həmin tarixdə saat 16:00-da başqa bir sərnişin metronun "28 May" stansiyasında qatar yoluna düşüb və vəfat edib.

Ümumiyyətlə, Bakı metrosunda sərnişinlərin qatar xəttinə düşməsi halları zaman-zaman təkrarlanır. Bu hadisələr sıxlıqda daha tez-tez baş verir. Bəzi ölkələrin təcrübəsinə nəzər yetirsək, bu cür halların qarşısının alınması üçün şüşə arakəsmələrdən istifadə olunduğunu görərik. Belə ki, xətdə sadəcə qatarın qapı hissəsi açılır və sərnişinlərin bədbəxt hadisə ilə qarşılaşması riski olmur.

Maraqlıdır, metropoliten hökumət qarşısında bu məsələni qaldırıbmı? Bakı Metropolitenində şüşə arakəsmələrdən istifadə edilə bilərmi?

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında bildirib:

“İnsan həyatından heç nə dəyərli ola bilməz. Məsələ heç vaxt gündəmdən düşmür. Metropolitendə sədlərin qoyulması ilə bağlı araşdırma aparılıb. Tətbiq olunmasının imkanları yoxlanılıb. Sadəcə olaraq, təhlükəsizliyin hansı tədbirləri bu gün üçün mümkündür, daha tez həllini tapandır - bunlara diqqət edilir.

Dünənki hadisə həm dünən axşam, həm bu gün səhər müzakirə olunub. Dediyim odur ki, bu məsələ ikinci planda olmur və aidiyyəti qurumlarla da müzakirəsi aparılıb”.

Naibə

"Cebheinfo.az"

Seçilən
64
cebheinfo.az

1Mənbələr