AZ

Təbiətin səsləri: Heyvanların müdafiəsi və insanlığın borcu

Hər il oktyabrın 4-ü   Ümumdünya Heyvanları Müdafiə Günü qeyd edilir. Bu gün heyvanların hüquqlarının müdafiəsinə və onların rifahına diqqət yetirilməsi məqsədilə təsis edilib. 1931-ci ildə Florensiyada ekoloqların beynəlxalq konqresində heyvanların müdafiəsi gündəmə gətirildi və həmin tarixdən bəri bu gün rəsmi olaraq təqvimə daxil edildi. Həmin dövrdə heyvanların təbii yaşayış mühitinin qorunması və onların məhv edilməsinə qarşı tədbirlərin görülməsi ekoloqların ən əsas narahatlıqlarından biri idi. Heyvan növlərinin azalması və təbiətin balansının pozulması ekoloji fəlakətlərin qapısını açırdı. Bu səbəbdən, beynəlxalq ekoloqlar konqresi birgə qərar qəbul edərək, heyvanlara həsr edilmiş xüsusi bir günün təsis edilməsinə qərar verdi. Oktyabrın 4-ü, bu günün qeyd edilmə tarixi olaraq təsbit edildi. 

Ümumdünya Heyvanları Müdafiə Günü ilə bağlı maraqlı bir fakt budur ki, bu günün qeyd olunma tarixi-4 oktyabr təsadüfi seçilməyib. 4 oktyabr xristianlıqda heyvanların və təbiətin himayədarı sayılan Müqəddəs Fransisk Assizinin ölüm günüdür. O, heyvanlara olan xüsusi sevgisi və onlara qayğısı ilə tanınırdı. Fransisk heyvanları öz qardaşları və bacıları kimi görürdü və onların qorunmasının insanlığın mənəvi borcu olduğuna inanırdı. Məhz buna görə də 1931-ci ildə Florensiyada keçirilən ekoloqlar konqresi bu günü Ümumdünya Heyvanları Müdafiə Günü kimi təyin etdi.

Ümumdünya Heyvanları Müdafiə Günü heyvanların hüquqlarını qorumaq və bu mövzuda insanları maarifləndirmək məqsədilə təsis edilib. Hər il bu gün insanları heyvanların rifahına dair daha çox məlumatlandırmaq, heyvanlara qarşı zorakılığı azaltmaq və onların məhv olma təhlükəsinin qarşısını almaq üçün müxtəlif tədbirlər və kampaniyalar həyata keçirilir. Bu gün yalnız ev heyvanlarına deyil, həm də yabanı təbiətdə yaşayan və qorunmağa ehtiyacı olan bütün heyvanlara həsr olunub. Bu gün ilk dəfə 1931-ci ildə yalnız nəsli kəsilməkdə olan heyvanların problemlərinə diqqət çəkmək üçün qeyd edilsə də, zaman keçdikcə bütün heyvan növlərinin hüquqlarını və rifahını müdafiə edən bir günə çevrildi. Bu, heyvanların hüquqlarının yalnız bir qrupa deyil, ümumilikdə bütün canlılara aid olduğunu vurğulayan qlobal bir hərəkata çevrildi.

Heyvanların məhv edilməsi, onların qeyri-insani şəraitdə saxlanılması, təbii mühitlərin məhv edilməsi kimi problemlər qlobal ekosistemə zərər vurur. Bu səbəbdən, Ümumdünya Heyvanları Müdafiə Günü insanların bu məsələlərə daha həssas yanaşmalarını təmin etmək üçün vacib vasitədir. Hər il bu tarixdə dünyada minlərlə təşkilat, qeyri-hökumət təşkilatları (QHT-lər), heyvansevərlər və aktivistlər bir araya gələrək heyvanların rifahını dəstəkləyən layihələrə diqqət yönəldirlər.

Ümumdünya Heyvanları Müdafiə Günü keçən əsrlər ərzində heyvan hüquqlarının müdafiəsi sahəsində mühüm rol oynayıb. Bu gün yalnız heyvanların müdafiəsi ilə məhdudlaşmır, eyni zamanda onların təbii yaşayış mühitinin qorunmasına yönəlmiş qlobal səylərə də diqqət yetirilir. Dünyada minlərlə heyvan növü nəsli kəsilmək təhlükəsi ilə üzləşir, vəhşi təbiətdəki balans pozulub, heyvanlar insan fəaliyyəti səbəbindən təhlükə altında qalır. Müasir dünyada heyvan hüquqları müdafiəçiləri yalnız qanunvericilik səviyyəsində dəyişikliklər etməklə kifayətlənmir, eyni zamanda insanları etik davranışlara yönəltməyə çalışırlar. Bu çərçivədə, heyvanların sınaq materialı kimi istifadəsinin məhdudlaşdırılması, onların sirk, zoopark və akvarium kimi yerlərdə qeyri-təbii şəraitdə saxlanılmasına qarşı çıxılması və ovçuluğun idarə edilməsi sahəsində qətiyyətli addımlar atılır. Bu kimi səylər, Ümumdünya Heyvanları Müdafiə Günü ilə əlaqəli beynəlxalq kampaniyaların əsas prioritetləri arasındadır.

Heyvanların qorunması həm ekoloji tarazlıq, həm də insanlıq üçün həyati əhəmiyyət kəsb edir. Onlar təbiətin dövranında əsas rollardan birini oynayırlar, çünki hər bir heyvan növü ekosistemin incə toxunmuş zəncirinin bir hissəsidir. Məsələn, yırtıcılar və ovlar arasında olan tarazlıq, otlaqların sağlamlığı, hətta çiçəklərin tozlanması kimi proseslər birbaşa heyvanların fəaliyyəti ilə bağlıdır. Bu zəncirin bir halqası kəsildikdə, bütün ekosistem təsirlənir, çünki təbiətdə hər şey bir-birinə bağlıdır.

Elm adamları bu tarazlıqların pozulmasının planetin ekoloji sağlamlığına təsirini dərindən öyrəniblər. Məsələn, arıların yox olması halında, bitkilərin tozlanması prosesi pozulacaq, bu da qida tədarükünün kəskin azalmasına gətirib çıxara bilər. Yırtıcı heyvanların sayının azalması isə ot yeyən növlərin həddindən artıq çoxalmasına, bunun nəticəsində də bitki örtüyünün məhv olmasına səbəb olur. Bu, torpağın eroziyasına, meşələrin məhvinə və havanın keyfiyyətinin aşağı düşməsinə yol açır.

Nəsli kəsilmək üzrə olan heyvanların siyahısı hər il genişlənir. Beynəlxalq Təbiəti Qoruma Birliyinin (IUCN) "Qırmızı Siyahı"sına görə, yüzlərlə növ kritik təhlükə altındadır.
Amur pələngi adlanan Asiya pələngi artıq kritik səviyyəyə enib, dünyada təxminən 500-ə yaxın fərdi qalıb. Onun məhv olmasının əsas səbəbi qanunsuz ovçuluq və təbii yaşayış mühitinin azalmasıdır. Afrikanın tropik meşələrində yaşayan Qərb düzənlik qorillası ovçuluq, meşələrin qırılması və xəstəliklər səbəbindən ciddi təhlükə altındadır. Sumatra filləri də tükənmə astanasındadır. Yaşayış sahələrinin azalması, insanla təmaslar və qanunsuz fil dişi ticarəti onların populyasiyasını azaldır. Şimali ağ kərgədanın dünyada yalnız 2 fərdi qalıb. Onların nəsli demək olar ki, tükənmiş hesab olunur. Əsas səbəbi isə qanunsuz ovçuluqdur. Vaquita delfini adlanan və Meksika körfəzində yaşayan kiçik dəniz məməlisinin təxminən 10 fərdi qalıb. Onlar balıq torlarına dolaşaraq həlak olurlar.

Nəsli kəsilmək üzrə olan heyvanları qorumaq üçün ilk olaraq mühafizə sahələrini genişləndirmək lazımdır. Bu heyvanların təbii mühitlərinin qorunması üçün daha çox mühafizə zonaları yaradılmalıdır. Həmçinin qanunsuz ovçuluğa qarşı ciddi tədbirlər görülməlidir. Ovçuluq və heyvan hissələrinin ticarəti ilə mübarizə aparmaq üçün qlobal səviyyədə daha sərt qanunlar tətbiq edilməli və icra edilməlidir. Bunlarla yanaşı insanlar nəsli kəsilməkdə olan heyvanların əhəmiyyətindən xəbərdar olmalı və onları qorumaq üçün təhsilləndirilməlidir. Təbiət alimləri də bu növləri qorumaq üçün biotexnologiya, reproduktiv texnologiyalar və təbiət bərpası üzrə daha çox tədqiqat aparmalıdırlar.

Heyvanlardan elmi təcrübələrdə istifadə, çoxsaylı dərmanların və kosmetik məhsulların təhlükəsizliyini yoxlamaq məqsədilə geniş yayılmış bir praktika olub. Lakin bu proseslər bəzən ciddi əzab və zərər verərək heyvanların hüquqlarını pozur.
Kosmetik məhsulların təhlükəsizliyini yoxlamaq üçün siçan, dovşan və primatlar kimi heyvanlar tez-tez istifadə olunur. Məsələn, Draize testi adı ilə məşhur olan təcrübədə, kosmetik maddələr dovşanların gözlərinə və dərisinə sürtülərək onların zərərli təsiri yoxlanılır. Bu, heyvanlarda ciddi ağrı, iltihab və korluğa səbəb olur. Bu cür təcrübələr tamamilə qəddardır və əksər hallarda lazım deyil, çünki insanlarda daha təhlükəsiz alternativ metodlar mövcuddur (məsələn, in vitro hüceyrə testləri). Artıq bir çox ölkə kosmetik məhsulların heyvanlar üzərində sınaqlarını qadağan edib.
Yeni dərman preparatlarının insanlar üzərində təhlükəsiz olduğuna əmin olmaq üçün siçanlar, siçovullar və primatlar kimi heyvanlar üzərində sınaqlar keçirilir. Bu heyvanlar müəyyən dozada kimyəvi maddələrə məruz qalır və bu, onların həyatına təhlükə yarada bilir. Dərman sınaqları zamanı heyvanlar bəzən müxtəlif xəstəliklərə yoluxdurulur və daha sonra onların bədənləri üzərində təcrübələr aparılır. Heyvanların orqanizmi insan bədənindən fərqlidir, bu səbəbdən heyvan təcrübələri nəticəsində əldə edilən məlumatlar hər zaman dəqiq olmur. İnsan orqanizminə aid təcrübələrdə etibarlı olmayan bu üsul, əzab verən təcrübələrdən daha effektiv və humanist alternativlərin tapılmasını tələb edir. Nevroloji tədqiqatlarda bəzən primatlar və digər iri məməlilər istifadə edilir. Parkinson xəstəliyi və digər nevroloji xəstəliklərin öyrənilməsi üçün heyvanlar üzərində beyin əməliyyatları aparılır, bu zaman onların sinir sistemləri dəyişdirilir və bədənlərində qeyri-təbii reaksiya doğurulur. Heyvanların belə təcrübələrdə istifadə edilməsi həm əzab, həm də uzun müddət ərzində stress altında yaşamaqla nəticələnir. Bu təcrübələr bəzi elmi nəticələrə yol açsa da, heyvanlara verilən əzabın dəyəri ilə bağlı etik suallar ortaya çıxır. 
Kimya sənayesində istifadə olunan maddələrin zəhərli təsirini yoxlamaq üçün heyvanlar üzərində LD50 adlı testlər keçirilir. Bu testlərdə maddələr heyvanlara məcburi olaraq yedizdirilir və müəyyən dozada onların ölüb-ölmədiyi yoxlanılır. Bu cür təcrübələr zamanı heyvanlar şiddətli ağrı və zəhərlənmə nəticəsində tələf olur. LD50 testi həm elmi cəhətdən etibarsız, həm də etik cəhətdən qəbuledilməzdir. Zəhərli maddələrin insan orqanizminə təsirini müəyyən etmək üçün hüceyrə əsaslı metodlar kimi daha humanist və təhlükəsiz üsullar mövcuddur.

Bu gün heyvan hüquqlarının qorunmasında qlobal səylər daha da genişlənir və insanlığın təbiətlə harmoniyada yaşama ehtiyacı daha da vacib məsələyə çevrilir. Ümumdünya Heyvanları Müdafiə Günü bu prosesin mühüm bir simvoludur və heyvanların hüquqlarının müdafiəsi üçün ilhamverici bir məqam olaraq qlobal gündəmdə yerini alır.

Bununla yanaşı, heyvanların qorunması bəşəriyyətin mənəvi dünyası üçün də əhəmiyyətlidir. İnsanlıq tarixi boyunca heyvanlar insanların dostu, ruhən yaxınlığı hiss etdiyi canlılar olub. Bizim nağıllarımızda, miflərimizdə, hətta əfsanələrimizdə heyvanlar hər zaman mühüm rol oynayıb. İnsanlar heyvanların öz qürurları, müdriklikləri və sadə yaşamları ilə insanları öyrətdiklərinə inanırlar. Məsələn, bir dağda yaşayan canavarın sərbəstliyi, bir quşun uçmaq azadlığı insanlara həyat və mübarizə haqqında dərin dərslər verir.

Heyvanlar həm də planetin "canı"dır. Onların müxtəlifliyi və davranışları təbiətin gözəlliyini və mürəkkəbliyini əks etdirir. Bir qartalın zirvələrdəki uçuşunu izləmək, bir balinanın okean dərinliklərində üzməsi, ya da bir pişiyin sakitcə gözləri ilə seyr etməsi bizi təbiətin möcüzələri ilə bir daha tanış edir. Əgər bu canlılar yox olarsa, dünya yalnız ekoloji tarazlığı deyil, həm də mənəvi zənginliyini itirər.

Bəşəriyyət heyvanlara qarşı olan məsuliyyətini unutmamalıdır, çünki biz onlarla eyni planeti bölüşürük. Heyvanlar yalnız təbiətin bir parçası deyil, onlar bizim ən sadiq dostlarımızdır. Onlar bizə təbiətin dilini, sükutun ahəngini öyrədirlər. Onların varlığı sayəsində dünya daha zəngin, daha rəngarəngdir. Heyvanların qorunması təkcə ekosistemin deyil, insanlığın da gələcəyi üçün vacibdir. Bu dostluğu qoruyaraq, biz həm təbiətin, həm də öz mənəvi dünyamızın güclənməsinə töhfə veririk. Onları qorumaq, əslində, özümüzü qorumaq deməkdir.

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr