AZ

Narışkin gizli məlumatı niyə məhz Bakıda açıqladı?

"Azərbaycan və Rusiya təhlükəsizlik orqanlarının yaxınlaşması üçüncü tərəfdə qıcıq yaratmamalıdır. Amma bununla belə, bu sayaq əməkdaşlıq münasibətləri konfidisional saxlanılmalı idi". 

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev deyib.

Onun sözlərinə görə, Azərbaycanla Rusiya təhlükəsizlik orqanlarının yaxınlaşması hər hansı üçüncü dövlətə qarşı deyil:

"Bu dövlətlərarası münasibətlərdə, özəlliklə də strateji müttəfiq olan dövlətlər arasında əlaqələrin normal qaydasıdır. Belə yanaşma digər dövlətlər  tərəfindən də tam anlayışla qarşılanmalıdır. Təkcə Azərbaycanla Rusiya arasında deyil, ölkəmizlə Türkiyə və strateji müttəfiq olduğumuz digər dövlətlərlə də bənzər münasibətlər var. Bu münasibətlər də sadəcə olaraq, dövlətlərin təhlükəsizlik təhdidlərilə bağlı hər bir ölkənin təhlükəsizlik marağından çıxış edən məsələdir".
 


Bu baxımdan da həmsöhbətimizə görə, Azərbaycan və Rusiya təhlükəsizlik orqanlarının yaxınlaşması da kimsədə qıcıq yaratmamalıdır:

"Sözsüz ki, bu addım anti-Rusiya cəbhəsində olan qüvvələrdə müəyyən düşüncə yaradacaq. Narışkin düşüncələrini konkret hadisə üzərindən izah etdiyindən, bəlkə bu təxribat törətməkdə maraqlı olan qüvvələri əndişələndirə bilər. Hər bir dövlət öz təhlükəsizliyini təkcə özünün daxili potensialı ilə deyil, habelə digər ölkələrin kəşfiyyat məlumatları əsasında da təmin edir. Bu mənada Azərbaycan və Rusiya kəşfiyyat orqanları arasındakı belə münasibətlər qəbulolunan münasibətlərdir.  Belə münasibətlər hansısa üçüncü dövlətə qarşı deyil, əlaqədə olan ölkələrin daxili təhlükəsizliyini təmin etməyə hesablanmış əməkdaşlıq platformasıdır. Bu sayaq münasibətlər Qərb ölkələrinin öz aralarında  da mövcuddur". 

Həmsöhbətimizin fikrincə, əslində belə əməkdaşlıq münasibətləri konkret KİV üzərindən tirajlanmamalı idi:

"Çünki bu tərəfdaşlıq edən dövləti bir qədər zərbə altına qoya və yaxud həmin dövlətə qarşı qıcıq yarada bilər. Ona görə də məsələ əslində konfidisional saxlanılmalı idi. Amma Narışkin belə bir məlumatı verməklə görünür həm də hansısa bir tərəfə mesaj ötürüb".

Qeyd edək ki, Bakıda səfərdə olarkən Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin jurnalistlərə açıqlamasında bu yaxınlarda Rusiya və Azərbaycanın xüsusi xidmət orqanlarının rusiyalı diplomata qarşı təxribatın qarşısını birgə aldıqları barədə məlumat verib.

"Son vaxtlar biz xaricdə olan qurumlarımıza və ölkələrimizin vətəndaşlarına qarşı təxribat fəaliyyətinin genişlənməsini müşahidə və hiss edirik. Nümunə olaraq deyə bilərəm ki, nisbətən yaxınlarda xüsusi xidmət orqanlarımızın birgə səyi nəticəsində amerikalılar tərəfindən rusiyalı diplomatlardan birinə qarşı təxribat xarakterli təhdidin qarşısı alınıb", deyə Narışkin qeyd edib. 

Rüfət Sultan
Seçilən
65
qaynarinfo.az

1Mənbələr