AZ

“Dedi, filankəs xanımdır... “təkərə düşdüm” – 500 manatlıq kitabı pulsuz aparan nazir müavini kimdir?   


Xəbər verdiyimiz kimi, oktyabrın 2-8-də Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi təşkil olunub.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə 200-ə yaxın yerli və xarici təşkilatın, 90-dan çox tanınmış ədəbiyyat xadiminin iştirakı və 220-dən çox müxtəlif formatda tədbirin təşkili planlaşdırılıb.

"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu sərgiyə gələnlərin azlığından şikayət edib. O bu haqda sosial hesabında yazaraq yüksək vəzifəli şəxsləri kitab almağa səsləyib. Onun paylaşımında diqqət çəkən məqam isə nazir müavinlərindən birinin 500 manatlıq kitabı pulsuz götürüb getməsidir.

“Bir nazir müavini gəlmişdi, dedi ki, "ən böyük hədiyyə kitab hədiyyəsidir”. 500 manatlıq kitab yığdı, heç bir ödəniş etmədi”, - o yazıb.  

Musavat.com Şahbaz Xuduoğlu ilə söhbətləşib və həmin nazir müavininin kimliyi ilə maraqlanıb. 

- Şahbaz bəy, kitab sərgisində vəziyyət necədir? Alıcı azlığından şikayətlənirsiniz...

- Ötən illə müqayisədə iki dəfə az insan bu sərgiyə qatıldı. Biz bu yeri pul verib götürmüşük. Hər kvadrat metrə 130 manat ödəmişik. Bu sərgi ölkənin ən böyük mədəni hadisəsidir. Elə bil ki, Azərbaycan kitabının toyudur, hər kəs bu sərgidə iştirak etməlidir. Görsünlər ki, hansı kitablar, yeniliklər var. 

Yalnız məktəblilər gəlir, satışımız onların ümidinə qalıb. Bəs böyüklər haradadır. Azərbaycanın çox böyük şirkətləri var. Niyə özəl şirkətlər kitab satışına dəstək vermirlər. Bəs onlar nəyə dəstək olacaqlar. Nazirliklərin 10 min işçisi var. Niyə gəlib kitab sərgisində kitabı təbliğ etmirlər?

Ya Azərbaycan kitabına kütləvi dəstək olmalıdır ki, o yaşasın, inkişaf etsin, ya da hamı xarici dil öyrənib inkişaf etməlidir. 10 ədəd kitab gətirirsən 10 da burada qalır.  Bu günlərdə satılan kitablar hesabına qonorarlar, müəllif haqları ödənilir, mətbəə borcları qapadılır. Əgər belə günlərdə satış yoxdursa, o zaman hansı günlərdə satılacaq. Daha nəşriyyat işi nəyə lazımdır?! 

   Hər il Mədəniyyət Nazirliyi kitab alırdı. Bu il Satınalmalar üzrə Dövlət Agentliyi  dedi ki, kitab lazım deyil.  Sizə lazım deyilsə, onda bizə ümumiyyətlə, lazım deyil.  Onda biz də çıxıb gedək? Necə olur ki, Azərbaycan böyük vəzifədə dayanan insanlar deyir ki, bizə kitab lazım deyil. Belə şey olar...

- Şahbaz bəy, insanlar sərgidə kitablara edilən endirimlərin az olmasından da gileylənirlər...

-Burada ən az endirim 30 faizdir. Nə istəyirlər, kitabı pulsuz verək? 90 faiz endirim etdiyimiz kitablar da var, 1 manata satılır. 

- Nazir müavini ilə bağlı əhvalatı danışardınız. Adını açıqlaya bilərsinizmi?

- Nazirin xanım müavini gəldi. Satış menecerimiz kitabları göstərdi. O da dedi, “nə yaxşı, ən gözəl hədiyyə kitabdır”. Hamımız məəttəl qaldıq ki, bu varlı insan kimdir. Kassaya yaxınlaşanda köməkçisi dedi ki, bu filankəs nazir müavinidir, ödəniş etməyəcək. Bu hərəkət adamı fakt qarşısında qoymaqdır. Mən də susdum.   

-     Nazir müavini olanda pul almırlar ki? Məncə, tələb edə bilərdiniz. 

-      Elə bir vəziyyət yarandı ki, öz vəziyyətimdən özüm utandım. “Təkərə düşdüm”.

-      Çəkindiniz?

-      Çəkindim (gülür). Bugünki vəziyyət olsa idi, çəkinməzdim.  


Şahanə Rəhimli

Musavat.com

Seçilən
1
1
musavat.com

2Mənbələr