AZ

2024-cü ilin Nobel Sülh Mükafatına kimlər təqdim edilib?

 
"Ukrayna, Livan və Qəzza bölgəsində müharibələr səbəbindən 2024-cü ildə Nobel Sülh Mükafatı qalibi olmaya bilər..."
 
Nobel Komitəsi 2024-cü il üçün Nobel Sülh Mükafatına namizədlərin siyahısını dərc edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co.il" nəşri məlumat yayıb.
 
Favoritlər arasında BMT-nin baş katibi Antoniu Quterriş, BMT-nin Beynəlxalq Cinayət Məhkəməsi və BMT-nin fələstinli qaçqınların işləri üzrə Agentliyi (UNRWA) var.
 
Mükafatlandırma Komitəsinin qalibin seçilməsi barədə oktyabrın 11-də Osloda elan edəcəyi gözlənilir. Lakin elə ola bilər ki, Ukrayna, Livan və Qəzza bölgəsində müharibələr, habelə Sudanda döyüşlər səbəbindən 2024-cü ildə bu nüfuzlu nominasiya qalibsiz qalsın.
 
286 namizəd arasında həmçinin Roma Papası Fransisk, mərhum rusiyalı dissident Aleksey Navalnı və Ukrayna prezidenti Vladimir Zelenski də var. Lakin ekspertlərin fikrincə, Navalnıya bu mükafat verilə bilməz, çünki Nobel Sülh Mükafatı ölümündən sonra heç kimə verilmir. Zelenski isə ehtimal ki, qalib olmayacaq, çünki döyüşən ölkəyə rəhbərlik edir.
 
UNRWA ilə bağlı da mübahisələr ola bilər, hər şeydən öncə ona görə ki, təşkilatın doqquz əməkdaşı ötən ilin 7 oktyabrında İsrailin cənubuna HƏMAS yaraqlılarının hücumunda əli olduğu deyilir. Bu təşkilat İsrail ilə yanaşı ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınıb.
 
Planetdə indiki mürəkkəb vəziyyəti nəzərə alaraq Norveç parlamenti tərəfindən təyin edilən və adları gizli saxlanılan beş nəfərdən ibarət Sülh Mükafatı Komitəsi öz diqqətini ikinci dünya savaşından sonra formalaşan beynəlxalq dünya düzəninin möhkəmləndirilməsinin zəruriliyinə və bu ideyanı daşıyan təsisata-Birləşmiş Millətlər Təşkilatına yönəldəcək. Bu o deməkdir ki, qələbə təşkilatın baş katibi Antoniu Quterrişə nəsib ola bilər.
 
"Quterriş Birləşmiş Millətlər Təşkilatının ali rəmzidir, - bunu Norveç tarixçisi Asle Sven "Reuters" agentliyinə deyib. - Lakin Haaqadakı Məhkəmənin də şansları çoxdur, çünki məhz Beynəlxalq Cinayət Məhkəməsi beynəlxalq humanitar hüququn dünyanın hər yerində tətbiq edilməsini təmin etməlidir".
 
Ekspert və müşahidəçilərin fikrincə, Norveç Komitəsi bu il ümumiyyətlə heç kimə mükafat verməyə bilər. Buna bənzər hal onun tarixində 19 dəfə, sonuncu dəfə 1972-ci ildə olub.
 
Otən il Sülh Mükafatı "ölüm hökmünün ləğvi üzərində işləyən hüquq-müdafiə hərəkatı"nın yaradılması və idarə edilməsinə görə İran həbsxanasında olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədiyə verilib.
 
Nobel Sülh Mükafatı hər il sülhün möhkəmləndirilməsinə verilən böyük tövhəyə görə təqdim edilən beynəlxalq mükafatlardan ən nüfuzlusudur. XIX əsrin sonlarında Alfred Nobel tərəfindən təsis edilib. Onun qalibləri beynəlxalq münaqişələrin həllinə,  insan haqlarının müdafiəsinə,  tərksilaha və digər sahələrdə sülhə kömək edən əhəmiyyətli tövhələr vermiş şəsxlər və təşkilatlar olur. 
 
Mükafatın verilməsi prosesi çox mürəkkəbdir, buraya namizədlərin irəli sürülməsi, onlara Norveç Nobel Komitəsində baxılması və qalibin elan edilməsi daxildir. Mükafat Osloda təqdim olunur və pul mükafatı ilə müşayiət edilir, onun məbləği ildən-ilə dəyişir.
 
Bu il Nobel Mükafatı laureatları 7-14 oktyabrda elan ediləcək. Sülh Mükafatı laureatının adı isə oktyabrın 11-də elan olunacaq.
Seçilən
10
moderator.az

1Mənbələr