AZ

“Hazırkı oyunçularla bundan artığını etmək mümkün deyil”

Azərbaycan yığmasının keçmiş futbolçusu Ceyhun Sultanovun futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində “Malmö” ilə matçda hesabı açan tərəf olsa da, üstünlüyünü qoruya bilmədi və yekunda məğlubiyyətlə (1:2) üzləşdi. Ağdam klubundakı eniş nə ilə bağlıdır?

– Əksəriyyət bu dəqiqə “Qarabağ”ın enişdə olduğunu deyir, amma mən belə düşünmürəm. Sadəcə, görünür ki, heyətdəki futbolçuların keyfiyyəti avrokuboklarda tam üst səviyyədə oynamaq üçün yetərli deyil. “Qarabağ”ın Azərbaycan çempionatında dominant futbol oynadığını nə qədər desək də, barışmalıyıq ki, bu heyətlə Avropa Liqasında istədiyin pley-off mərhələsinə çıxa bilməzsən. Çünki heyətin keyfiyyəti önəmlidir. “Qarabağ” dünən Avropanın yaxşı klublarından biri ilə oynadı. “Malmö” yaxşı heyətə malikdir, sürətli futbol oynayır və onların çempionatı bizimkindən üstündür. Yenə deyirəm, mən “Qarabağ”ın enişdə olduğunu düşünmürəm. Təmsilçimiz tam heyətlə oynasaydı, bəlkə də nəticə başqa cür olardı. Bu gün “Qarabağ” öz oyununu göstərir və mən oyun baxımından heç bir eniş görmürəm.

– “Qarabağ” ənənəvi olaraq yaratdığı qol epizodlarını lazımınca dəyərləndirə bilmir. Bu problemi necə həll etmək olar?

– “Malmö” yarım epizoddan qol vura bildi. “Qarabağ” isə həmişə qol vəziyyətləri yaradır, amma imkanlardan istifadə edə bilmir. Bu da məhz futbolçu keyfiyyətinə bağlı məsələdir.

– Liqa mərhələsinin ilk 2 turunda qeydə alınan məğlubiyyətlər “Qarabağ”ın pley-offa yüksəlmək şansını azaltmır?

– “Qarabağ”ın pley-offa düşmək şansı azdır. Çünki əvvəlki illərlə müqayisədə builki format daha çətindir və rəqiblər çox güclüdür. Biz pley-offa çıxmaq, daha da irəliləmək və Avropa Liqasını qazanmaq istəyiriksə, bu heyətlə mümkün deyil. Oyunçu keyfiyyətini qaldırmaq lazımdır.

– Milli komandamızın Millətlər Liqası çərçivəsində oktyabrın 11-də səfərdə Estoniya, 14-də isə evdə Slovakiya yığması ilə keçirəcəyi oyunlardan hansı nəticəni gözləyirsiniz? Sizcə, millimiz bu görüşlərdə bizi sevindirə biləcək?

– Əvvəla yığmamıza uğurlar arzulayıram. Heyətdən çox şey asılıdır. Düşünürəm ki, Estoniya ilə oyunda qələbə qazanmalıyıq. Slovakiya ilə evdə keçirəcəyimiz matçda isə ya qələbə qazanmalı, ya da ən azı heç-heçə etməliyik. Millimiz hər il hansısa komandaya badalaq vurmağı bacarır. Amma inkişafa nail olmaq istəyiriksə, bir oyunu yox, bütün görüşləri düşünməliyik. Əfsuslar olsun ki, Millətlər Liqasındakı ilk iki matçda məğlub olduq. Hamımız “zaman” deyirik, amma zamanla futbolçu yetişdirməliyik. Hazırkı oyunçularla bundan artığını etmək mümkün deyil. Gələcəkdə Azərbaycan futbolunu qabağa çəkə biləcək uşaqlar yetişdirməliyik. Əgər uşaq futbolunu qaldırmayacağıqsa, 50 il də zaman versək, xeyri olmayacaq.

FƏRİD

Seçilən
12
futbolinfo.az

1Mənbələr