AZ

“Üzünü sevgiyə çevirən” filmlər

Artıq bir neçə gündür ki, VII Beynəlxalq Animasiya Festivalı öz işinə başlayıb. Festival Azərbaycan Animasiya Assosiasiyası və “PERI FILM MMC” tərəfindən, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə təşkil olunub. 

Festivalın proqramına bir-birindən maraqlı yerli və xarici animasiya filmləri,   müsabiqələr və peşəkar proqramlar daxildir. Builki festivalın əsas mövzusu  “Sevgi” adlanır. “Üzünü sevgiyə çevir” şüarı ilə animasiyasevərlərə təqdim olunan filmlər insani duyğuları vizual şəkildə ifadə etməsi ilə maraq doğurur.  

Qeyd edək ki, keçirilməyə başladığı bir neçə il ərzində bu festival qlobal platformaya çevrilməklə yanaşı, yerli animasiya mütəxəssislərinin bir araya gəlməsinə şərait yaradır. Animasiya rejissorlarını və studiyaları bir araya gətirmək, onları beynəlxalq təcrübə ilə tanış etmək baxımından da festival önəmlidir. Burada yüzlərlə animasiya filmi nümayiş etdirilir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər kecirilir. 

Biz də builki animasiya tədbirində iştirak edərək, yerli və xarici animatorlarla tanış olduq, onlarla maraqlı söhbət etdik. Onların dediklərini oxuculara təqdim edirik. 

Animasiya rejissoru Nəzrin Ağamalıyeva:  

– Biz “Hədis” filmini çəkəndə düşündük ki, əvvəlcə onu klassik formada tamaşaçılara təqdim edək. Yəni personajlar da klassik formada olsun. Sonra fikirləşdik ki, bu, xeyli vaxt alacaq. Buna görə də, filmi digital formada yaratdıq. Amma çalışmışıq ki, filmdə animasiya effektlərini qoruyub saxlayaq. Burada gördüyünüz kimi, sulu boyadan da  istifadə olunub. Sulu boya ilə ərsəyə gələn animasiya filmlərini daha çox sevirəm. 

Animasiya rəssamı və rejissor Məsud Pənahi: – Bildiyiniz kimi, bu il “Tıq-tıq xanım” animasiya filminin 50 yaşı tamam olur. Bu, uşaqlar üçün ərsəyə gətirdiyim ən yaxşı cizgi filmi hesab olunur. Hazırda başqa bir cizgi filmi üzərində işləyirəm. Filmin prodüsseri Animafilm studiyasının direktoru Rəşid Ağamalıyevdir. Mövzu işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi ilə bağlıdır. Qarabağda minaların partlaması nəticəsində indiyə qədər yüzlərlə insan həyatını itirib. Filmi çəkməkdə məqsədim “gizli qatil” sayılan mina və mərmilərlə çirklənmiş ərazilərə gələn insanların qorunmasına töhfə verməkdir.  

Xatırladaq ki, festivala, əsasən, müsabiqə, müsabiqədənkənar və peşəkarlar üçün proqramlar daxildir. Ümumiyyətlə isə, bu il festivala 2 beynəlxalq və 2 yerli kateqoriya üzrə 37 ölkədən 196 film daxil olub, 18 ölkədən 48 filmin müsabiqədə iştirak etməsi məqbul sayılıb. Onlardan ­12-si yerli, 36-sı isə beynəlxalq kateqoriyalarda yarışacaq. 

Fidan SALMANOVA 
XQ

 

Seçilən
52
xalqqazeti.az

1Mənbələr