AZ

Ermənistanın kənardan hərbiləşdirilməsi erməni xalqının növbəti faciəsinə yol açırŞƏRH

Ermənistanın

Bakı, 5 oktyabr, AZƏRTAC

Ermənistanın baş naziri Nikol Paşinyan yenə də havadarlarından olan Fransa dövlətinə növbəti dəfə üz tutub. Azərbaycandan fərqli olaraq Ermənistan heç bir zaman təhlükəsizliyini özü təmin etməyib. Hətta torpaqlarımızı işğal etdiyi dövrdə belə, yəni, Azərbaycan üzərində dırnaqarası qalibiyyət əldə etdiyi zaman da Ermənistan təhlükəsizlik qarantiyasını xaricdən alıb və bunu kənar dövlətlərin hesabına təmin edib. Azərbaycan isə müstəqil xarici siyasət həyata keçirmək və milli təhlükəsizliyini qorumaq, beləliklə tam müstəqil olmaq bahasına torpaqlarını itirib. Həm Ümummilli Lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev ölkənin milli təhlükəsizliyinin qarantiyası kimi yalnız Azərbaycan dövlətini görüb və xarici təzyiqlərə baxmayaraq heç bir güzəştə getməyib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib.

Vətən müharibəsindən sonra Paşinyanın Ermənistan üçün yeni qarant qüvvə axtarışında olduğunu deyən deputat əlavə edib: “Paşinyan bu vaxta qədər hökumətin həyata keçirdiyi siyasətin artıq işləmədiyini gördü. Ona görə də regiondan qovulan Minsk qrupunun üzvləri – Fransa və ABŞ-ı fərqli ampulada qaytarmaq qərarı verdi. Bu dəfə həmin ölkələr müxtəlif missiyalarla yalnız Ermənistan ərazisində möhkəmlənməyə başladılar.

Fransa Ermənistana həm maddi, həm də hərbi yardımlarını dəfələrlə artırıb. Makron hökuməti Ermənistanı hərbiləşdirməklə oradakı revanşist qüvvələri təşviq edir, Azərbaycana qarşı yeni müharibəyə həvəsləndirir. Fransa hesab edir ki, Cənubi Qafqaz regionunda qalmasının tək yolu Ermənistanın daxilinə daha dərindən inteqrasiya etməkdir. Çünki Azərbaycan heç bir xarici qüvvəni öz ərazisinə buraxmır və ölkənin suverenliyini hökumət yüz faiz öz təminatı altında saxlayır”.

Deputatın sözlərinə görə, Vətən müharibəsi təkcə işğalçı üzərində qələbə deyildi, həm də işğalçını həvəsləndirən bəzi siyasi liderlərin məğlubiyyəti idi.

“Bu, Paşinyanla bərabər Makronun dövlətimizin başçısı İlham Əliyevə şəxsi məğlubiyyəti idi. Çünki Makron müharibənin ilk günlərindən Azərbaycana müxtəlif formalı təzyiqlər göstərməyə çalışdı, ölkəmiz əleyhinə BMT Təhlükəsizlik Şurasında beş qətnamə layihəsi irəli sürdü. Buna baxmayaraq dövlətimizin başçısı sonacan təzyiqlərə məhəl qoymayaraq şanlı Qələbə qazandı. Ermənistanın məğlubiyyətini Makron şəxsi uğursuzluğu kimi qəbul etdiyindən, müharibədən dörd il keçməsinə baxmayaraq, Azərbaycan əleyhinə fəaliyyətini dayandırmır. O, praqmatik düşüncədən kənara çıxaraq məsələni şəxsiləşdirməklə məşğuldur.

Unutmaq olmaz ki, Azərbaycan gündən-günə güclənməkdə davam edir. Ermənistanın süni şəkildə kənardan hərbiləşdirilməsi erməni xalqının növbəti faciəsinə yola açır. Onlar həmişəki kimi kənar qüvvələrin əlində alət olmaqda davam edirlər”, - deyə P.Vəliyeva vurğulayıb.

 

Seçilən
11
1
azertag.az

2Mənbələr