"Bu sənəd münaqişənin xüsusiyyətlərini əks etdirməlidir, əks təqdirdə onun önəmi olmayacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakı ilə İrəvan arasında razılaşdırılmış 80 faizlik sənəd layihəsinin Azərbaycanın məlum 5 baza prinsipilə uzlaşıb-uzlaşmadığına aydınlıq gətirərkən deyib:
"Beş baza prinsipləri sazişin əsasını təşkil edir. Bu sənəd münaqişənin xüsusiyyətlərini əks etdirməlidir. Ümumi bəyanat olmamalıdır ki, BMT nizamnaməsinə sadiyik. Məsələni belə sadələşdirmək düzgün olmaz. Amma görürük ki, Ermənistan öz təbliğatını məhz bu istiqamətdə aparır".
Həmsöhbətimiz Paşinyanın sülh sənədinin mətnini ictimailəşdirməsində problem görmür:
"Burada böyük bir problem görmürəm. İrəvan sənədi ictimailəşdirir qoy ictimailəşdirsin. Bu onların danışıqlar texnologiyasına münasibətidir. Bu və ya digər sənəd və ya onun hansısa hissəsi heç də ictimaiyyətlərin barışmasına xidmət etmir. Çünki nəticədə xalqlar sülhə nail olmalıdır".
Sazişin icrasına nəzarət üçün birgə komissiyanın yaradılmasına gəldikdə, sabiq nazir bu kimi məsələlərlə müvafiq dövlət qurumlarının məşğul olduğunu deyib:
"Birgə kommisiyaların nəyə nəzarət edəcəyini demək çətindir. Sual yaranır - ölkələrin digər qurumları nə ilə məşğuldur? Onların funksiyalarını hansısa şəkildə təkrarlamaqda məntiq yoxdur. Məntiqlə baxanda bu məsələlərə dövlət qurumları onsuz da nəzarət və icra edir. Birgə kommisiya nə edəcək ki?".
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə son hökumət saatı zamanı Ermənistan və Azərbaycan arasında müzakirə olunan sülh sazişində digər məsələlərlə yanaşı, bu sazişin icrasının gedişinə nəzarət etmək üçün birgə komissiyanın yaradılmasının da nəzərdə tutulduğunu deyib. Ermənistan XİN sədrinin müavini Kostanyan isə bildirib ki, sülh müqaviləsinin məzmunu ictimaiyyətdən gizlədilmir:
"Bu proses şəffafdır, sizi proseslərdən daim xəbərdar edirik, görüşlərlə bağlı press-relizlər yayılır, həm baş nazir, həm də Xarici İşlər Nazirliyi mütəmadi olaraq məzmun barədə məlumat verir".
Xatırladaq ki, həm Azərbaycan, həm də Ermənistan rəsmiləri sülh sənədinin təxminən 80 faizinin artıq razılaşdırıldığını bəyan ediblər.
Rüfət Sultan