AZ

“Bizimlə heç kim zarafat etməsin, səbrimizlə də oynamasın!”

Prezident İlham Əliyevin Cəbrayılda səsləndirdiyi bu xəbərdarlıq bədxahlarımızı ayıltmalıdır

Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərində yeni evlərinə köçən sakinlərə mənzillərin açarlarının təqdim edilməsi ilə bağlı mərasimdəki çıxışı da əvvəlkilər kimi dolğun məzmunlu idi. Ölkəmizin liderinin bildirdikləri istər yerli ictimaiyyətə, istərsə də beynəlxalq aləmə mesaj notlarının zənginliyi baxımından diqqət çəkirdi.

Əvvəlcə dövlətimizin başçısının Cəbrayılın azad edilməsinin 44 günlük müharibədəki önəmi barədə səsləndirdiyi fikirlərə nəzər salaq. Prezident İlham Əliyev vurğulayıb ki, bu qədim diyarımızın düşmən tapdağından qurtarılması Ermənistanın 10 noyabr 2020-ci il tarixli kapitulyasiyasına aparan yolda həlledici amil idi. Ölkəmizin lideri, habelə, həm Cəbrayılın, həm də digər müqəddəs yurd yerlərimizin düşmən tapdağından xilasını Vətən övladlarının misilsiz şücaətinin nəticəsi kimi qiymətləndirib: “Beləliklə, İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizlə başa çatdı. Bu gün bütün Azərbaycan xalqı qəhrəman övladlarımıza minnətdarlıq hissi ilə yaşayır, vətənpərvərlik ruhunda yetişmiş gənc nəsil vaxtilə itirilmiş torpaqlarımızı xalqımıza, dövlətimizə qaytara bilmişdir”.

Prezident İlham Əliyevin üzərində dayandığı ikinci məsələ Cəbrayılın hazırkı inkişafı fonunda işğaldan azad edilmiş digər ərazilərimizin dirçəldilməsi idi. Həqiqətən, bu gün vaxtilə düşmən tapdağında inləyən, ruhsuz görkəmə sahib bölgələrimiz tam bir quruculuq meydanıdır. Meydanın hər nöqtəsində böyük işlər görülür, nəhəng layihə və təşəbbüslər reallaşdırılır. Bütün bunlar böyük iradə ilə geri qaytardığımız Vətən torpağına sahiblənmək əzmimizin misilsiz, nəsillərə miras qalacaq nümunələridir. Dövlətimizin başçısı mövcud istiqamətdəki fəaliyyətdən söz açaraq bəzi detalları diqqətə çatdırıb.

“Deyə bilərəm ki, azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur”, – deyən Prezident İlham Əliyev insan amilinin üzərində dayanıb, işğaldan azad edilmiş bölgələrimizdə məşğulluğun önəmini vurğulayıb. Yəni, dövlətimiz üçün təkcə yurd yerlərimizi məskunlaşdırmaq deyil, eyni zamanda, oradakı əhalinin iş yerləri ilə təminatı da prioritet vəzifədir. Bu yerdə bir faktı diqqətə çatdırmaq istərdik.

***

Qəzetimizin müxtəlif saylarında ermənilərin keçmiş SSRİ zamanında Azərbaycana iddialarından, torpaq peşkəşləri hesabına ərazilərini genişləndirmələrindən, konkret olaraq, 1929-cu ildə Ermənistan SSR tərkibində Meğri rayonunun yaradılmasından, beləliklə Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən quru yolun bağlanmasından bəhs etmişik. 1969-cu ildə ulu öndər Heydər Əliyevin respublikamızda rəhbərliyə başlamasından sonra sözügedən ərazi hədiyyələrinə son qoyulmasından da həmçinin.

Əlavə edək ki, erməni millətçiləri ötən əsrin 50-60-cı illərində “cənfəşanlıq” göstərir, imperiya rəhbərliyindəki şəxslərin, bəzən isə sapı özümüzdən olan baltaların əli ilə ən müxtəlif vasitələrə əl atırdılar. Məsələn, o zamanlar sonradan işğal edilmiş rayonlarımızın əhalisinə bildirilirdi ki, yaşadıqları yerlərə yol çəkmək və sair həyati vacib tədbirləri gerçəkləşdirmək mümkün olmadığından, onların Aran yerlərində məskunlaşmaları daha münasibdir. Belə deyimlər insanları aldatmağa hesablanmışdı. Necə deyərlər: insan yoxdursa, problem də yoxdur. Düşüncə və plan bu idi. Deməli, indi işğaldan azad edilmiş ərazilərimizi təkcə məskunlaşdırmamalı, eyni zamanda, həmin torpaqlarda qərar tutmalıyıq. Bu isə maddi gəlirli, sosial rifahlı və təminatlı məşğuliyyətdən asılıdır ki, dövlətimiz mövcud istiqamətdə də müstəsna səylər göstərməkdədir.

Bir sözlə, erməni vandallarının xarabazara çevirdikləri və hazırda göz oxşayan mənzərələrdə insan nəfəsi duyulmalıdır. Bu nəfəs Şuşa, Laçın Zəngilan və sair yerlərdə olduğu kimi, Cəbrayılda da duyuldu. Ancaq ən yaxın tarixi unutmaq olmaz. Həm də ona görə olmaz ki, həmin tarixi bizə yenidən yaşatmaq istəyənlər öz əməllərini gerçəkləşdirmək üçün, bir növ, fürsət axtarışındadırlar. Prezident İlham Əliyevin də vurğuladığı kimi, azacıq büdrəməyimizi gözləyirlər. Bu barədə söz açacaq, Ermənistanın və havadarlarının anti-Azərbaycan kampaniyasının hazırkı motivlərinə nəzər salacağıq. Hələlik isə dövlətimizin başçısının Ermənistanın sırf Cəbrayıl rayonunda həyata keçirdiyi vəhşiliyi xarakterizə edən bir fikrinin üzərində dayanaq: “Mən tarixi Zəfərimizdən sonra birinci dəfə Cəbrayıla gələndə dəhşətə gəldim. Biz bilirdik ki, ermənilər bizim torpaqlarımızda öz vəhşiliyini hər yerdə göstərmişlər. Bilirdik ki, ərazilərimizin böyük əksəriyyəti dağıntılar içindədir. Amma bu dərəcədə vəhşiliyi, qeyri-insani hərəkətləri təsəvvür etmək mümkün deyildi. Cəbrayılda, demək olar ki, cəmi iki bina qalmışdı. Orada da erməni hərbçiləri yerləşmişdilər”.

Yeri gəlmişkən, ermənilər işğal illərində Ağdamda cəmi bir məscid saxlamışdılar. Onu da məscid olduğuna görə yox, hərbi məqsədlərlə, daha doğrusu, ətrafa nəzarət etmək üçün. Həmçinin, hazırda yüksək səviyyədə bərpası həyata keçirilmiş müqəddəs İmarət kompleksini murdarlamışdılar. Ümumən, işğaldan azad edilmiş yurd yerlərimizin hər birində onların vandal xislətinin nişanələri var. Təəssüf ki, dünya birliyi bunu görmür, onun bəzi qütbləri Ermənistana dəstək yolu tuturlar ki, dövlətimizin başçısı Cəbrayıl sakinləri ilə görüşündə bu məqama da əhatəli yer verib. Həmçinin, beynəlxalq miqyasda Azərbaycana münasibətdə ittiham ritorikasının seçildiyini, sanksiya hədələrinin eşidildiyini diqqətə çatdıran Prezident İlham Əliyev Ermənistana adekvat yanaşılmadığını deyib. “Hansısa Qərb dövlətinin rəsmi nümayəndəsi bir dəfə onlara irad tutubmu? Xeyr. Onlar hətta dünyanın bir nömrəli təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə də məhəl qoymurdular. Halbuki Təhlükəsizlik Şurasının qətnamələri mütləq icra edilməlidir. 1993-cü ildə dörd qətnamə qəbul edilmişdir. Kimsə 2020-ci ilə qədər onlara bir söz dedi ki, sən o torpaqları işğal etmisən, oradan çıxmalısan?”

***

Ölkəmizin lideri uğradığımız tarixi ədalətsizliyin ATƏT-in Minsk qrupu seqmenti üzərində də dayanıb. Bildirib ki, bu təsisat otuz ilə yaxın müddətdə işğal faktını malalamaqla, ona bəraət qazandırmaqla və ölkəmizi alçaldıcı sülhə təhrik etməklə məşğul olub: “Minsk qrupunun fəaliyyəti bundan ibarət idi. Biz bütün beynəlxalq platformalarda öz haqq səsimizi ucaldanda bizə deyirdilər ki, sizin sözləriniz çox kəskindir. Bu kəskin ritorika sülhü yaxınlaşdırmır, sülhü uzaqlaşdırır. Ermənistanla dil tapmalısınız, barışmalısınız, müharibəni uduzmusunuz, bununla barışın. Bax, bütün bunları biz eşitmişik, həm rəsmi çıxışlarda, həm bağlı qapılar arxasındakı təmas əsnasında. Bizim isə mövqeyimiz birmənalı, qətiyyətli idi və dəyişməz idi: bir qarış torpaq işğal altında qala bilməz! Məsələ sülh yolu ilə həllini tapmasa, biz məsələni müharibə yolu ilə həll edəcəyik. Mənim sözlərim bütün arxivlərdə vardır. Buna nə desələr yaxşıdır?! Müharibənin, bu münaqişənin hərbi həlli yoxdur. Yəni, Qərb dövlətləri, ilk növbədə, bizi məğlubiyyətlə barışdırmaq üçün bütün çirkin əməllərdən istifadə edirdilər ki, təki biz torpaqları işğaldan azad etməyək. Bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər. Bu ədalətsizliyin dərəcəsinə baxın ki, bizim torpaqlarımızı Ermənistana bağışlamaq istəyən ölkələr bu münaqişənin, guya, həlli ilə məşğul olurdular”.

Bəli, Prezidentin adını çəkdiyi beynəlxalq dairələr üçün bir milyon insanımızın evsiz-eşiksiz vəziyyətdə, vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, çadırlarda məskunlaşması heç bir əhəmiyyət daşımırdı. Bu gün onlar həmin insanların özlərinin, övladlarının doğma yurdlarına qayıdışlarından, ərazilərimizin çiçəklənməsindən, tərəqqisindən qeyzlənirlər, ürək açan mənzərələrimizi gözləri götürmür və hər imkandaca ölkəmizə arxadan bıçaq sancmağa çalışırlar. Təəssüf ki, ermənipərəstliyə söykənmiş riyakarlığın müxtəlif “nümunələri” günümüz üçün aktuallığını qorumaqdadır. Ancaq artıq təəssüflənməkdən keçib. Zaman mübarizə zamanıdır. Dövr geridə qalan atların güllələndiyi dövrdür. Ona görə ayıq olmalıyıq. Prezident İlham Əliyevin son zamanlardakı çıxışlarında vurğuladığı ən mühüm məqamlardan biri də elə budur.

Yaxşı görürük ki, müxtəlif beynəlxalq dairələr Ermənistanın 44 günlük müharibə ilə itirdiklərini ona geri qaytarmağa, erməni avantürizmini diri saxlamağa girişiblər. Dövlətimizin başçısı Cəbrayıl sakinləri ilə görüşündəki çıxışında bu barədə, kifayət qədər, detallı söz açıb. Nəzərə alaq ki, Prezidentin açıq ritorikaya üstünlük verməsi adi sayıla bilməz. Axı ölkəmizin liderinin bütün fikirləri reallıqla ciddi fiksasiya təbiətinə malikdir. Buna əminik. Elə isə cənab İlham Əliyevin kollektiv Qərb riyakarlığının ABŞ seqmenti barədə nələri bildirdiyinə diqqət yetirək: “Bu gün səhər mənə məlumat verildi. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün. Axı, biz nə etmişik? Biz öz doğma torpaqlarımızı azad etmişik. Burada erməni yaşayıb?”

Göründüyü kimi, Azərbaycan Prezidenti Birləşmiş Ştatların son zamanlar Bakı-İrəvan münasibətlərinin nizamlanması fonundakı fəallığının, saxta bitərəflilik mahiyyətini ortaya qoyur. ABŞ başda olmaqla, dünya birliyinin riyakarlığını və ikiüzlülüyünü də həmçinin. Qeyd edək ki, hazırda bu “dəstxətin” ölkəmizə qarşı sanksiya mahiyyəti gündəmdədir. O mahiyyət ki, hələ torpaqlarımızın işğala məruz qaldığı 1992-ci ildə də özünü göstərib. Söhbət “Azadlığa dəstək aktı” deyilən sənədə 907-ci düzəlişdən gedir.

Yada salaq ki, həmin düzəliş təxminən on ilə yaxın müddətdə öz qüvvəsini saxladı. Nəticədə Azərbaycan Vaşinqtonun yardımından məhrum duruma düşdü. Sanki işğalçı biz idik, Ermənistan yox! Sonra Birləşmiş Ştatlar Prezidenti sözügedən sənədin qüvvəsini dayandırmaq hüququ əldə etdi ki, bunun nəyə hesablandığını dövlətimizin başçısı Cəbrayıl sakinləri ilə görüşdə tam açıqlığı ilə vurğulayıb: “Amerika 1992-ci ildə bizə qarşı sanksiya tətbiq etmişdir, o vaxt ki, torpaqlarımız əldən gedirdi. Sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı. Nə üçün? Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, – özü də bütün dünyanın gözü qarşısında, - bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Bu nankorluğun dərəcəsi var, yoxsa yox?! Yəni, biz sizə lazım olanda sən bu sanksiyaları aradan qaldırırsan, biz sizə lazım olmayanda yenidən bərpa edirsən. Nə üçün? Bax buna görə, buna görə, bu binaya görə. Bunun kimi bütün bölgələrdə inşa etdiyimiz, bərpa etdiyimiz keçmiş köçkünlərimizin yaşayış yerlərinə görə. Bax, onların gözü bunu götürmür, bu günü götürmür. Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür”.

Göründüyü kimi, Prezident İlham Əliyev hazırda anti-Azərbaycan, ermənipərəst qüvvələrin, dünya erməniliyinin düşdüyü durumla bağlı son dərəcə doğru təsbit müəyyənləşdirib. Onlar, sözün əsl mənasında, yas və matəm içərisindədirlər. Onlar, həmçinin Azərbaycanın heç kəsdən icazə almadan öz əzmini ortaya qoymasını həzm edə bilmirlər, hiddətləri yerə-göyə sığmır. Dövlətimizin başçısı bununla əlaqədar məqamları da açıqlayıb və xalqa həqiqəti görmək, dərk etmək və düzgün nəticə çıxarmağın, dostu düşməndən ayırmağın vacibliyi mesajını verib: “Bizim dostumuz odur ki, bu günə sevinir. Mən bunu bir neçə gün bundan əvvəl demişəm. Bu günə məyus olan və bu günü qəbul etməyən heç vaxt bizim dostumuz ola bilməz, bunu Azərbaycan xalqı bilməlidir. Açıq demək lazımdır, yəni diplomatik dillə qoy, diplomatlar danışsın. Mən Azərbaycan xalqına həmişə həqiqətləri demişəm, bütün dövrlərdə və bu gün də həqiqət bundan ibarətdir. Ancaq biz öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq. Xüsusilə mən gənc nəsli nəzərdə tuturam. Çünki bu gün anti-Azərbaycan qüvvələrin əsas hədəfi gənc nəsillərin şüurudur. Ona təsir etməyə çalışırlar. Ona görə Azərbaycana qarşı olmazın yalanlarını uydururlar, tirajlayırlar, öz mətbuatlarında, öz “qeyri-hökumət təşkilatları”nda. Anti-Azərbaycan mövqeyində olan müxtəlif ünsürləri bu günə qədər də maliyyələşdirirlər Azərbaycanda, müxtəlif QHT-lər adı altında, hansısa ictimai qurumlar adı altında”.

Bu gün Ermənistanı kütləvi şəkildə silahlandırırlar. Adını ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, erməni əhalinin təhlükəsizliyinin təminatına dəstək və sair qoyurlar. Ancaq məlumdur ki, məqsəd Cənubi Qafqazdakı erməni avantürizmini gücləndirməkdir. İstəkləri Azərbaycana qarşı həmin avantürizmdən bəhrələnmək, ölkəmizi daim təzyiq altında saxlamaq, nəticədə qeyri-bərabər öhdəliklər götürməyimizə nail olmaqdır. Dövlətimizin başçısının növbəti mesajı da bu yolu tutanlaradır: “Bu gün Ermənistanı silahlandıran Qərb ölkələri görəsən nə fikirləşirlər? Hesab edirlər ki, biz buna göz yumacağıq? Yoxsa ki, biz gözləyəcəyik ki, bax, bu binalar da bu günə düşsün? Xeyr, gözləməyəcəyik. Heç kim bizi çəkindirə bilməz. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik!”

Prezident İlham Əliyevin xəbərdarlıq məntiqinin növbəti hədəfi məhz Ermənistanın özüdür. Dövlətimizin başçısı ölkənin, obrazlı desək, təhlükəli sularda üzdüyünü vurğulayır. Yada salaq ki, ölkəmizin lideri xalqa ötən ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonrakı müraciətində Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanı kimi görməklə bağlı çağırış səsləndirmiş, eyni zamanda, bölgəni daimi konfrantasiyalara çevirmək istəyən, Ermənistanı bu baxımdan alət edənlərə səslənmişdi. Prezident Əliyev Cəbrayıl sakinləri ilə görüşündə də eyni məntiqi qabardıb. Bu məntiqdə İrəvana xəbərdarlığın səslənməsi təbiidir: “Mən Ermənistana da bax, burada, dağıntılar arasında xəbərdarlıq edirəm: dayandırın bu təhlükəli oyunları! Bir tərəfdən sülhdən danışırlar, yalan-palan danışırlar, digər tərəfdən genişmiqyaslı silahlanma gedir. Silahları da kim verir onlara? Fransa və onun kimi anti-Azərbaycan ölkələr. O silahlar nə üçün onlara pulsuz verilir? Yəni, dediyim kimi şəhər-kəndlərimizi yenə də bax, bu vəziyyətə salmaq üçün. Nə qədər çalışsalar da, heç nə alınmayacaq. Ancaq bu gün Cənubi Qafqazı rahat buraxsınlar, əl çəksinlər, getsinlər öz işləri ilə məşğul olsunlar, öz problemləri ilə məşğul olsunlar, öz qanlı keçmişlərini yusunlar, öz günahlarını yumağa çalışsınlar. Bu gün əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpa etsinlər, müstəmləkəçilik siyasətinə son qoysunlar, xalqları əzməsinlər, hər yerə burunlarını soxmasınlar. Xəbərdarlığım budur və hesab edirəm ki, bunu eşidən və buna əməl edən səhv etməz”.

Sonda bildirək ki, Prezident İlham Əliyevin Ermənistana xəbərdarlığında 44 günlük müharibəni və lokal xarakterli antiterror tədbirlərini yada salmasında böyük anlam var. Məsələ ondadır ki, İrəvan ona verilən silah-sursatların fonunda illüziya bataqlığındakı yerini möhkəmləndirir, xislətinə xas olaraq yalmanmaq yolu tutur, yeni hamilər tapır və Azərbaycana qarşı mübarizəyə həvəslənir. Bakının heç nəyə baxmayaraq, heç bir qüvvədən çəkinmədən məqsədinə nail ola biləcəyinə əminlik formalaşdıran dövlətimizin başçısının bu fikirlərini nəzərə çatdırır və yazımızı tamamlayırıq: “Əgər Cəbrayılı, şəhəri azad etmək üçün bizə bir həftə lazım idisə, Qarabağı 44 günə azad etmişiksə, separatçıların yuvası olan o bölgələri cəmi bir neçə saat ərzində azad etmişik. Bizimlə heç kim zarafat etməsin və səbrimizlə də oynamasın. Mən bu sözləri istənilən yerdə deyə bilərdim. Çünki yenə də deyirəm, Azərbaycan xalqına həmişə həqiqətləri deyirəm, fikirlərimi deyirəm. Dünyada vəziyyət dəyişir. Əlbəttə ki, bizim də hadisələrə münasibətimiz adekvat olmalıdır. Ancaq hesab etdim ki, mən bu sözləri bax, bu dağıntılar və bu gözəl binalar arasında deməliydim ki, onu həm Azərbaycan xalqı eşitsin, həm bizim dostlarımız eşitsin və bir daha bizim Qələbəmizə sevinsin, düşmənlərimiz də eşitsin və düzgün nəticə çıxarsın”.

Ə.CAHANGİROĞLU
XQ

phrase_var_article.chosen
123
xalqqazeti.az

1phrase_var_article.sources