AZ

“Gözlərim tutulur, 71 yaşlı qızımdan savayı heç kimim yoxdur” - Barat Şəkinskayanın qızı ilə müsahibə

Musavat.com-un növbəti həmsöhbəti Xalq artisti, aktrisa Barat Şəkinskayanın qızı, AzTV-nin ilk ali dərəcəli qadın rejissoru Solmaz Həmzəyevadır.

- Solmaz xanım necəsiniz?

- Qızım, gözlərim tutulur, çox pis görürəm. Gözlərimə iynə vururlar. Həkimlərə qızım aparıb, gətirir. Yuxum da yaxşı deyil. Bütün gecəni oyaq qalıram. Səhər 8-9 radələrindən saat 1-ə kimi yatıram. Bu, keçirdiyim əsəb və streslərlə bağlıdır. Yaş da öz sözünü deyir. 92 yaşım var, zarafat deyil. Bu qədər itki ilə hələ çox yaşadım.

- Axı can şirin şeydir. İnsan nə qədər yaşasa da, həyatdan doymur ...

- Mənim üçün hər şey rahat olsaydı, təbii ki. Lakin hər şeyin vaxtı var, qızım. 92 yaşda artıq onu fikirləşmirsən, canınla əlləşirsən. O dövr keçdi daha. 92 yaşıma qədər heç yerim ağrımayıb, şikayətim olmayıb. Məni xəstələndirən payıma düşən dərdlər oldu. Anamı, oğlumu, qardaşımı itirmişəm. Onların yerini heç kim doldura bilmir.

- Gününüz necə keçir, evdə darıxmırsınız ki?

- Yox, darıxmıram, evdə özümə quluq edirəm. Köməkçim yoxdur. Evi yığışdırıram, yemək bişirirəm. Bazarlığımı isə qızım edir. Onları etməsəm, passivləşərəm.

- Keçmiş həmkarlarınızdan kimlərlə əlaqəniz var?

- Şərqiyyə Hüseynova və Roza Tağıyeva ilə danışırıq.

- Ananız bu günlərdə tez-tezmi xatirinizə gəlir?

- Divar onun şəkilləri ilə doludur. Heç unutduğum gün olmur. İndi anamdan 7 yaş böyüyəm. O, 85 yaşında rəhmətə getdi. Mənim isə 92 yaşım var. Bir neçə dəfə anamı və oğlumu yuxuma görmüşəm. Heç nə demədilər, xəyal kimi görünüb getdilər. Anam yuxumda gülümsədi və əli ilə salam göndərdi. Oğlum isə yuxuda dedi ki, ağlama, sən ağlayanda məzarım islanır. 71 yaşında bir qızım qalıb, başqa heç kəsim yoxdur. Oğlum 1987-ci ildə 27 yaşında vəfat etdi.

- Zamanı geri çevirmək şansınız olsaydı, ömrünüzün hansı çağına qayıtmaq istərdiniz?

- Heç birinə... Çünki həmişə işləmişəm, qayğı içində olmuşam, rahat həyatım olmayıb. Kişilərlə bərabər çalışmışam. Keçmişə boylananda itkilər gözümün qabağına gəlir.

İlk ali dərəcli qadın rejissor olmuşam. Nəbi Xəzri deyirdi ki, qadından rejissor olmaz. Deyirdilər, bəs Solmaz necə oldu? Cavab verirdi ki, Solmaz haçandan qadın oldu, o kişi kimi işləyir. Sizinlə danışdıqca gözümün qabağına dərmanlı pambıq tarlalarında apardığımız çəkilişlər gəlir. Canımı fəda edirdim. Onda başqa ideallarımız var idi.

Şahanə Rəhimli


Seçilən
4
1
azia.az

10Mənbələr