Kalininqraddan hərəkət edən sərnişin qatarlarında Litva gömrüyü Rusiya ordusu üçün nəzərdə tutulmuş hərbi təyinatlı yükləri ələ keçirib.
Hafta.az xəbər verir ki, yerli “LRT” kanalının məlumatına görə, Kaunas ərazi gömrüyünün və gömrük kriminal xidmətinin (Litva) əməkdaşları Kalininqraddan Moskvaya gedən sərnişin qatarlarında hərbi təyinatlı 4 yük aşkar ediblər.
Belə ki, bazar ertəsi, sentyabrın 30-da Kalininqraddan hərəkət edən qatarda bir partiya kamuflyaj torları tapılıb. Bundan əvvəl, sentyabrın 27-29-da gömrükçülər eyni qatarlarda silah gizlətmək üçün kamuflyaj torları aşkar ediblər.
Oktyabrın 1-də gömrükçülər Rusiya hərbçiləri üçün nəzərdə tutulduğu güman edilən kamuflyaj şalvarları olan poçt bağlamasını aşkar edərək saxlayıblar.
Litva gömrüyünün qeyd etdiyi kimi, belə yüklər adətən Rusiyanın Kalininqrad vilayətində fəaliyyət göstərən müxtəlif ictimai təşkilatların üzvləri tərəfindən Moskvaya göndərilir.
"LRT"-nin məlumatına görə, Litva gömrüyü müsadirə olunan əşyaları yardım kimi Ukraynaya ötürəcək.