"Lukaşenko ağır ürək-damar xəstəliyindən, aktiv trombozdan əziyyət çəkir, bu da onun bütün orqanlarında qansızmalara səbəb olur..."
Özünü Belarus prezidenti adlandıran Aleksandr Lukaşenko 2025-ci ildə prezident seçkilərində iştirak edəcək.
Moderator.az xəbər verir ki, bu barədə Belarus müxalifətçisi Valeri Tsepkalo "gordonua.com" nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində deyib.
Avqust ayında Lukaşenko bəyan edib ki, Belarus sakinləri özlərinin başqa prezidenti olacağına alışmalıdır.
Tsepkalonun sözlərinə görə, respublikada prezident seçkiləri 2025-ci ilin iyun ayından gec olmayaraq keçirilməlidir.
"Lukaşenko bu seçkilərdə, heç şübhəsiz, iştirak edəcək. Çünki özünün yaratdığı hakimiyyət sistemi onun insanları formal olaraq vəzifələrə təyin etmək imkanı olmadıqdan sonra azadlıqda olacağını nəzərdə tutmur", - o, deyib.
"Vəziyyət bir balaca dəyişən kimi bu gün, guya, onun tərəfdarı olan və ya, sadəcə, ona tabe olanlar öz səmtini tez bir zamanda dəyişəcək", - müxalifətçi vurğulayıb.
Tsepkalonun fikrincə, Lukaşenko üçün öz varisini müəyyən etmək "faktiki olaraq real deyil".
"Çünki hakimiyyətin indiki sistemində onun varisində ya şəxsi qisas hissi, ya da, ola bilsin ki, hansısa səbəblərdən onunla haqq-hesab çəkmək istəyi olacaq, lakin tamamilə aydındır ki, Lukaşenko çox tez bir zamanda həbsxanaya göndəriləcək", - o, izah edib.
Ona görə də Tsepkalo hesab edir ki, Lukaşenko "100 faiz seçkilərdə iştirak edəcək", hərçənd, o cümlədən Rusiyanın qeyri-legitim prezidenti Vladimir Putin də daxil olmaqla "əslində heç kim bunda maraqlı deyil".
"Putin Belarusda heç olmasa hansısa müddətə hakimiyyətin, Ukraynada, Gürcüstanda, Ermənistanda olduğu kimi, xalqın əlinə keçməsini istəməzdi. Nizamlanmayan hakimiyyət dəyişikliyi baş verəndə, xalq azad və ədalətli seçkilərdə özünə siyasi rəhbər seçir. Bu, Putin üçün ən qorxulu təhlükədir. O, Lukaşenkonu əvəzləmək istəyir, amma bu zaman hakimiyyətin ötürülməsinin idarə edilən olmasını istəyir", - müxalifətçi deyib.
"Lukaşenko çoxsaylı xəstəliklərdən əziyyət çəkir..."
Tsepkalo Aleksandr Lukaşenkonun ciddi xəstə olduğunu deyib. "Bu adamın çoxsaylı xəstəlikləri var, o cümlədən o, aktiv trombozdan əzab çəkir, daima dərmanlar qəbul edir, bu dərmanlar onun qarın nahiyəsinə yeridilir. Bunlar hormonlar da ola bilər. Tamamilə aydındır ki, ötən ilin may ayında olduğu kimi, Lukaşenkonun səhhəti ilə bağlı istənilən məqamda nəsə baş verə bilər", - o, deyib.
Ötən il Batsmana verdiyi müsahibəsində Tsepkalo deyib ki, Lukaşenko ciddi və sağalmaz ürək-damar xəstəliyindən əziyyət çəkir, bu da onun bütün orqanlarında qansızmalara səbəb olur. May ayında Lukaşenko Moskvada Putinlə görüşlərdən sonra Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
Lukaşenkonun səhhəti ilə bağılı müxtəlif şayiələrlə əlaqədar olaraq Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya bəyan edib ki, Rusiyanın müdaxiləsi olmadan ölkənin demokratiya yoluna dönməsinə hazır olmaq lazımdır.