AZ

Erik ten Haqla narazılıq, Harri Maquayrdan dəstək

“Mançester Yunayted”in düşərgəsində “qırmızı şeytanlar”ın niderlandlı baş məşqçisi Erik ten Haqla bağlı qeyri-müəyyənlik davam edir.

Arena.az “Caught Offside” dərgisinə istinadən məlumat verir ki, “Mançester Yunayted”in bəzi futbolçuları Erik ten Haqın son qərarları ilə bağlı ciddi şübhələr yaşamağa başlayıblar.

Mənbənin məlumatına görə, komandanın geridə qalmış oyunlarının nəticələri ilə yanaşı, “Mançester Yunayted”in bir sıra futbolçuları niderlandlı mütəxəssisin, həmvətəni olan hücumçu Coşua Zirkzedən necə istifadə etməsindən narazıdırlar. Bu səbəbdən də hücumçu lazımi səmərə nümayiş etdirmir. Həmçinin, “qırmızı şeytanlar”ın oyunçuları hesab edirlər ki, Ten Haq argentinalı cinah hücumçusu Alexandro Qarnaçoya kifayət qədər oyun vaxtı təmin etmir.

Bundan əvvəl mətbuatda, “Mançester Yunayted” rəhbərliyinin Ten Haqın yerinə məşqçi axtardığı barədə şayiələr baş qaldırıb.

Bu qarışıq mənzərədə “Mançester Yunayted”in ingilis mərkəz müdafiəçisi Harri Maquayr niderlandlı mütəxəssisin müdafiəsinə qalxıb:

“Bir futbolçunun ətrafına baxması və başqalarını uğursuzluqlarda təqsirləndirməsi, komanda yoldaşını günahlandırması, heyəti və ya taktikanı qınaması asandır. Ancaq bir özünüzə baxmağınız gərəkdir, çünki biz futbolçular meydana çıxanlarıq. Biz məsuliyyət daşımalıyıq.

Nəticələr həminki deyil. Bilirəm ki, daha çox xal qazanmalıyıq. Amma bu, baş vermir, ona görə də Bazar günündən başlayaraq bununla bağlı nəsə etməliyik”, deyə Maquayr komanda yoldaşlarına qiyabi səslənib.

Xatırladaq ki, “Mançester Yunayted” bu gün İngiltərə Premyer Liqasının 7-ci turu çərçivəsində səfərdə “Aston Villa” ilə qarşılaşacaq.

6 oyundan 7 xal toplamış “Mançester Yunayted” Premyer Liqanın yarış cədvəlində ad-sanına yarşmayan 14-cü pillədə qərarlaşıb.

Əlavə edək ki, Erik ten Haqın “Mançester Yunayted”dəki gələcəyinin bu oyundan asılı olduğu haqda da şayiələr var.

phrase_var_article.chosen
70
arena.az

1phrase_var_article.sources