Qərb və Ukrayna rəsmiləri Ukraynadakı münaqişəyə son qoymaq üçün “Alman ssenarisi” adlı planı müzakirə etməyə başlayıblar. Bu plana görə, Ukrayna itirilmiş ərazilərini geri qaytarmadan NATO-ya daxil ola bilər.
Plan Kiyevin nəzarətində olan regionların NATO-ya daxil edilməsini və bu regionlara təhlükəsizlik zəmanətlərinin verilməsini nəzərdə tutur. Lakin bu zəmanətlər Rusiyanın nəzarəti altında olan əraziləri əhatə etmir. Financial Times-ın məlumatına görə, bu ssenarini NATO-nun keçmiş baş katibi Yens Stoltenberq də gündəmə gətirib.
Qəzet yazır ki, Qərb diplomatları bu variantın Ukraynanın NATO üzvlüyü müqabilində öz ərazilərindən imtina etməsi anlamına gələ biləcəyini bildiriblər. Planın kökündə, itirilmiş ərazilərin gələcəkdə diplomatik yollarla geri qaytarılması məqsədilə hələlik bu bölgələrdən imtina edilməsi dayanır.
Stoltenberq bəyan etmişdi ki, Ukraynanın NATO-da qəbulu yalnız Kiyevin nəzarətində olan torpaqlara şamil edilə bilər.
Lakin bu planın həyata keçirilməsində ciddi çətinliklər var. Rusiya Ukraynanın NATO-ya üzvlüyünə qəti şəkildə qarşıdır, ABŞ və digər NATO ölkələrinin isə bu planı nə dərəcədə dəstəkləyəcəyi bəlli deyil. "Financial Times" bildirir ki, ABŞ və müttəfiqlərinin Ukraynanın NATO üzvlüyünü müdafiə etmək üçün öhdəlik götürməyə hazır olub-olmaması ilə bağlı suallar qalmaqdadır.
TAHİR