AZ

ABŞ-Azərbaycan arasında böhran nə ilə nəticələnəcək? – “Azərbaycan çəkinmir, çox cəsarətlidir”

Cənubi Qafqaz regionunda baş verən geosiyasi dəyişikliklər bir çox məsələlərə aydınlıq gətirdi.  Özlərini demokratiya carçısı kimi təqdim edən dövlətlərin Azərbaycana qarşı qərəzli mövqeyi bir daha özünü göstərdi. Qarabağ münaqişəsi başa çatandan sonra ABŞ-nin fərqli yanaşma tərzi açıq-aşkar biruzə verməyə başladı. Son iki ildə isə Bayden administrasiyası açıq şəkildə Ermənistanın müdafiəsinə qalxıb və Azərbaycanı yeri gəldi-gəlmədi hədəfə almağa çalışır. İndi ABŞ Azərbaycana qarşı fərqli siyasət həyata keçirir. Erməni diasporunun əlində siyasi alətə çevrilən Bayden hakimiyyəti ölkəmizlə bağlı qərəzli bəyanatlar səsləndirir. ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələr, bəzi siyasətçilərin bəyanatlarının mətni Amerika Dövlət Departamentində hazırlanır və bu, birbaşa ABŞ-ın Azərbaycana siyasi hücumudur.

Məsələylə bağlı KONKRET.az-ın suallarını cavablandıran keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ-ın bu siyasətini Bayden hakimiyyətinin ermənipərəst siyasəti ilə izah etdi: “Münasibətlərin indiki mərhələsi çox qaynardır və böhranlı forma alıb.  Ümumiyyətlə, bu cür hallarla son illər tez-tez rastlaşırıq. Demokratlar  ermənilərin səsini yenidən qazanmaq üçün bu cür qərəzli siyasət aparırlar. Hakimiyyətdə olan demokratların siyasəti məhz onların təsiri altında formalaşır. Seçicilərin səsini  qazanmaq üçün ABŞ-də bəzi qrupların marağının üstün tutulması ənənəsi var. Sirr deyil ki, hazırkı administrasiyanın bəzi rəhbərləri məhz erməni diasporunun dəstəyi ilə öz siyasi karyeralarını qurublar. Bu baxımdan  əminəm ki, Azərbaycana münasibət müvəqqətidir. Çünki ABŞ-nin siyasi sistemi dövlətin maraqlarını hansısa mərhələdə daxili siyasi maraqlara qurban verə bilməz.  Azərbaycanın geopolitik vəziyyəti Amerika üçün böyük maraq kəsb edir. İlk növbədə ona görə ki, indiki mərhələdə istənilən Qərb ölkəsinin Mərkəzi Asiyaya çıxmasında həlledici rolu Azərbaycan oynayır. Bunu xəritəyə baxanda da aydın görmək olur. Ona görə də ötən ildən başlayan böhranlı vəziyyəti müvəqqəti hesab edirəm. İstər-istəməz ABŞ məcburiyyət qarşısında balanslaşdırılmış siyasət yaratmağa çalışacaq”.

Tofiq Zülfüqarov ABŞ-nin siyasətində   daim ikili standartların mövcudluğuna toxundu: “Qərb ölkələrinin bu cür yanaşması bütün müsəlman ölkələrinə qarşı yönəlib. Bu baxımdan onlar bizə həm də islam ölkəsi kimi baxırlar. Bütün hallarda isə hesab edirəm ki, indiki vəziyyət müvəqqəti xarakter daşıyır”.     Dünyadakı münaqişə ocaqlarının səngiməsi və başa çatması Qərbin siyasətinə uyğun deyil. Onlar öz maraqlarını həmin münaqişələrə uyğun qururlar. Bunu KONKRET.az-a açıqlamasında  politoloq Zərdüşt  Əlizadə dedi: “Məsələ çox sadədir. Böyük dövlətlərin xarici siyasətlərini həyata keçirmək üçün xüsusi tərzləri var. Münaqişə yarat və bu münaqişəni tənzimləmək üçün hər iki tərəfə göstəriş ver. Azərbaycan isə böyük dövlətlərin bu cür tərzini zərərsizləşdirib. 30 ildən artıq davam edən Qarabağ münaqişəsinə son qoyub. Bu isə bəzi dövlətləri əsəbləşdirir. Azərbaycanın münaqişəyə onların icasəzi olmadan son qoymasını heç cür həzm edə bilmirlər. Bu təzyiqin arxasında da məhz bu amil dayanır”.  ABŞ-nin Azərbaycana təsir imkanlarından danışan politoloq daha sonra əlavə edib ki, bunun üçün qarşı tərəfin xeyli imkanı var: “Təbii ki, əvvəllər Azərbaycanda hakimiyyət zəif olanda onlar ölkə daxilindəki dağıdıcı qüvvələrdən istifadə edirdilər. Onlar həmin qüvvələr hesabına Azərbaycanda mitinqlər təşkil edir, kütləvi iğtişaşlar törətməyə səy göstərirdilər. İndi bundan istifadə etmək imkanları yoxdur və deməli, onların Azərbaycana daxildə təsir imkanları sıfıra bərabərdir. Amma əllərində başqa imkanlar var. Azərbaycanın neft pulları Qərbdə yerləşir və bu məsələdən istifadə etmək istəyirlər. Amma bu, çətin məsələdir. Azərbaycanın Qərb ölkələrində saxlanılan vəsaiti hesabına həmin ölkələr öz iqtisadiyyatlarını stabilləşdirir. Güman etmirəm ki, onlar bu pullara əl qoysunlar. Bu baxımdan Azərbaycan rəhbərliyi özünü çox ötkəm və cəsarətli aparır və onlardan çəkinmir”.

Vəli Həsənoğlu,

KONKRET.az

phrase_var_article.chosen
65
50
konkret.az

10phrase_var_article.sources