AZ

Ukrayna üçün YENİ SINAQ: Zelenskinin 2025-ci il PLANI

2019-cu ildən Ukraynaya rəhbərlik edən Volodimir Zelenski 2025-ci ildə Ukraynada prezident seçkiləri keçirməyi planlaşdırır. Bu barədə bir müddət əvvəl “Ekonomist” nəşri xəbər yayıb. Məlumata görə, Ali Radadakı bütün siyasi partiyalar  ölkədə münaqişə bitənə qədər bütün seçkiləri təxirə salmağa razılaşıblar. Amma V.Zelenski növbəti il seçki keçirməyi hədəfləyir. Nəşr iddia edib ki, Ukrayna seçiciləri ölkəyə rəhbərlikdə yeni liderlər görmək istəyirlər. Bundan əvvəl isə Ukrayna Ali Radasının deputatı Oksana Savçuk ölkədə seçki məntəqələrinə hazırlıq işlərinə başlanıldığını elan edib. Deputatın sözlərinə görə, sonuncu dəfə ölkədə 2020-ci ildə bələdiyyə seçkiləri keçirilib. Bəzi ekspertlər 2025-ci il seçkilərinin Ukrayna üçün yeni bir sınaq olacağını iddia edirlər.

Hazırkı hakimiyyət orqanları tərəfindən Ukraynada seçkilərin keçirilməsi ehtimalını Medianews.az-a şərh edən politoloq Ərəstun Oruclu bildirib ki, V.Zelenski öz hakimiyyətini legitimləşdirmək, onun müddətini uzatmaq üçün seçkiyə ehtiyac duyur.

Onun sözlərinə görə, müharibə bitəcəyi, yaxud atəşkəs elan olunacağı halda Rusiya belə bir tələb irəli sürə bilər ki, Ukraynada legitim hakimiyyət yoxdur: “Bu səbəbdən də Volodimir Zelenski öz hakimiyyətini legitimləşdirmək, onun müddətini uzatmaq üçün seçkiyə ehtiyac duyur. Hər kəs anlayır ki, indiki şəraitdə Zelenskiyə alternativ yoxdur. Hətta ona, partiyasına qarşı olan müxalif qüvvələr də məcbur olub bu reallıqla hesablaşacaqlar ki, müharibə gedən bir ölkədə, əraziləri işğal altında olan dövlətdə prezident dəyişmək özü çox ciddi riskdir. Yeni gələcək prezident məsuliyyəti üzərinə götürəcəkmi? O, hansı addımları atacaq? Arxada qalan vəziyyəti necə dəyərləndirəcək? Bu mənada vəziyyət kifayət qədər mürəkkəbdir. Amma bir qədər əvvəl vurğuladığım kimi, legitimlik məsələsi gündəmə gələ bilər. Əslində, Ukrayna qanunvericiliyində bu məsələ çox ziddiyyətlidir. Orada söhbət prezident səlahiyyətinin uzadılmasından deyil, Ali Radanın fəaliyyət müddətinin uzadılmasından gedir. Faktiki olaraq belə mənzərə ortaya çıxır ki, hüquqi baxımdan Zelenskinin hakimiyyəti artıq qeyri-legitimdir”.

Ə.Oruclu deyib ki, ərazisi işğala, hücuma, hər gün atəşə məruz qalan, əhalisinin xeyli hissəsi qaçqına çevrilən ölkədə seçkinin necə keçiriləcəyini söyləmək çox çətindir: “Hər bir halda bu, rəsmi məlumat deyil. Əgər seçki rəsmi qaydada təyin olunarsa, o zaman bunu dəyərləndirmək olar. Ukraynada vəziyyət elədir ki, o hər həftə, hər ay dəyişə bilər. Biz 2025-ci ildən danışırıqsa, o zaman aydın məsələdir ki, bu il istənilən halda çatdırıb onu keçirə bilməzlər. Yəqin ki, seçki üçün məhz 2025-ci il nəzərdə tutula bilər. Ona qədər hələ bilmək olmaz nələr baş verəcək”.

Nailə QASIMOVA

phrase_var_article.chosen
112
50
medianews.az

10phrase_var_article.sources