AZ

Unudulmaz həmkarımız Elman Cəfərli haqqında xatirələr

Unudulmaz

Bakı, 7 oktyabr, AZƏRTAC

Əcəl aman versəydi, dəyərli dostumuz, fədakar həmkarımız, “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif olunmuş ustad tərcüməçi, AZƏRTAC-ın sabiq direktor müavini Elman Cəfərlinin 80 yaşı olacaqdı. Adətən yubilyar haqqında xoş sözlər, tərifli ifadələr söyləmək ənənədir. Ancaq biz uzun illər Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) çiyin–çiyinə çalışdığımız unudulmaz iş yoldaşımız Elman müəllim haqqında heç vaxt ənənə xatirinə söz söyləməmişik, qəlbimizdə yaşatdığımız duyğuları dilə gətirmişik. Elə aşağıdakı xatirələr də həmin qəbildəndir.

AZƏRTAC-ın Baş direktorunun (indiki İdarə Heyətinin sədri – red.) sabiq birinci müavini, Əməkdar jurnalist Vaqif Musayev deyir:

-Tale elə gətirib ki, mən rəhmətlik Elman Cəfərli ilə həm Azərbaycan Ensiklopediyasının Baş redaksiyasında, həm də AZƏRTAC-da birlikdə işləmişik. İndiki kimi xatırlayıram, günlərin birində Ensiklopediya binasının dəhlizində bəstəboy, gülərüz, yaraşıqlı bir oğlanla rastlaşdım. Onun kim olduğunu soruşanda dedilər ki, kiçik elmi redaktor vəzifəsinə təyin olunan Elman Cəfərlidir. Elə ilk günlərdən çalışqanlığı, dil biliyi ilə diqqəti cəlb edən Elmanla 5 il Ensiklopediya redaksiyasında çalışdıq. O, sonra fəaliyyətini “İdman”, “Həyat” (indiki “Azərbaycan”) qəzetlərində davam etdirmiş, “Həyat”ın Baş redaktorunun müavini vəzifəsində işləmişdir. Qismətimizdə AZƏRTAC-da da birgə işləmək var imiş. Elman öz ustadlarını həmişə dərin ehtiram hissi ilə xatırlayırdı. Deyirdi ki, Cəlil Xəlilov, Xasay Vəzirov, Azər Ələsgərov, İbrahim Novruzov, İsaxan Ömərov, Ənvər Quliyev kimi əsl peşəkarlarla birlikdə işləmək mənim üçün əvəzsiz məktəb olmuşdur. Bu məktəbin istedadlı yetirməsi olan Elman Cəfərli də öz məktəbini yaratmış, neçə-neçə gənc tərcüməçi yetişdirmişdir. Mən unudulmaz həmkarım Elman Cəfərli haqqında saatlarla danışa bilərəm. Ancaq qoy, bu kiçik xatirə onun onsuz qeyd olunan 80 illiyinə həmkar borcu olsun. Ruhu şad olsun!

Uzun illər AZƏRTAC-ın Baş direktorunun müavini vəzifəsində çalışmış Elman Cəfərli haqqında həmkarı, hazırda Agentliyin İdarə Heyəti sədrinin müavini, Əməkdar jurnalist Sevinc Abdullayeva da xatirələrini oxucularla bölüşür:

-Elman Cəfərli virtuoz tərcüməçi idi. AZƏRTAC-da öz aramızda onu tez-tez “pianoçu” adlandırırdıq. O, istənilən mürəkkəb mətni elə səhifədən virtuoz pianoçunun musiqi əsərini ifa etdiyi kimi tərcümə edirdi. Əlbəttə, bütün bunların arxasında onun malik olduğu geniş erudisiya, dərin bilik, mükəmməl söz ehtiyatı dururdu. Onun böyük linqvistik istedadı var idi. Ən əsası isə istənilən material onun tərcüməsində canlılığını qoruyurdu, müəllifin orijinal mətndə çatdırdığı hisslərin, emosiyaların bütün incəliklərini qeyri-adi şəkildə ifadə edirdi. O, ən yüksək səviyyədə mütəxəssis idi.

Elman müəllimin fitri istedadı onun böyük iş qabiliyyəti ilə vəhdət təşkil edirdi. O, tərcümə mətnləri üzərində həssaslıqla işləyərək, onun bütün detallarına nüfuz edir, öz ustalığını daim təkmilləşdirirdi. Onun “Rusca-Azərbaycanca lüğət”ə münasibəti barədə AZƏRTAC-da əfsanələr dolaşırdı: kitab qeydlərlə dolu idi, demək olar ki, hər bir səhifə onun bu və ya başqa kəlmədən istifadə olunmasının müxtəlif variantları, frazeologiyanın daha uyğun tərcümələri yazılmış xüsusi əlavə qoşma vərəqlə müşayiət olunurdu. Bütün bunlar onun şəxsi zəhmətinin, peşəkar tərcüməçi tapıntılarının bəhrəsi idi. Zənnimcə, belə bir lüğət dərc olunsa, həmin kitab fəaliyyətə yeni başlayan tərcüməçilər və başqaları üçün ən yaxşı dərs vəsaiti olardı.

Hər kəsin qəbul etdiyi yüksək səviyyəli peşəkarlığı ilə yanaşı, Elman Cəfərli ünsiyyətdə təkəbbürdən və təşəxxüsdən uzaq sadə bir insan idi. Bir çox tərcüməçi və müxbir onun məktəbini keçib. O, öz təklifini verə, nəzakətlə düzəliş edə bilərdi, amma əsla təkəbbürlü davranmaz və öyüd-nəsihət verməzdi.

-Elman Cəfərlinin onu tanıyanların, onunla ünsiyyətdə olanların qəlbində, yaddaşında xüsusi yeri var, - deyə AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini, Əməkdar jurnalist Dağbəyi İsmayılov da xatirələrini yada salır. Deyir ki, rəhmətlik olduqca mərd, xeyirxah və səmimi bir şəxsiyyət idi. Şən zarafatları, istiqanlılığı ilə diqqəti cəlb edən Elman müəllim tərcüməyə başlayanda tamamilə fərqli bir insana çevrilirdi. Kollektivdə bunu hamı bildiyi üçün iş prosesində heç kim ona yaxınlaşmazdı. Ona görə də onun istər sadə, istərsə də ən mürəkkəb mətnlərin tərcümələri qüsursuz, rəvan və dəqiq olardı. Mətnləri nəzərdən keçirəndə dərhal bilirdin ki, onu Elman Cəfərli tərcümə edib. Çünki onun tərcümələrində sinonimlərdən çox ustalıqla istifadə edilirdi. Hər həftə Agentlikdə çaparaq iclaslar keçirilirdi. Bu iclaslarda həm xəbərlərin, həm də tərcümə materiallarının dili, üslubu, nöqsanları təhlil edilir, əməkdaşlara tövsiyələr verilirdi. Gənc əməkdaşlar bu iclasları haqlı olaraq Elman müəllimin “ustad dərsləri” adlandırırdılar.

Unudulmaz Elman müəllim qısa ömrü ərzində Azərbaycan mətbuatında tərcümə sahəsində çox iş görüb, əcəl aman versəydi, daha çox iş görərdi. Nə etmək olar? Alın yazısı qarşısında insan övladı həmişə acizdir. Allah sənə rəhmət eləsin, Elman müəllim! Sən dostlarının, yetirmələrinin xatirələrində həmişə yaşayacaqsan!

 

Nərgiz Sadıxlı

Əməkdar jurnalist

Seçilən
26
azertag.az

1Mənbələr