AZ

Azərbaycan COP29-un təşkilində daha yüksək standartlar formalaşdıracaq - RƏY

Azərbaycan

Bakı, 7 oktyabr, AZƏRTAC

İndiyədək Azərbaycanda keçirilən mötəbər tədbirlərin nümunəvi peşəkarlıqla təşkil olunması COP29-un daha yüksək standartlar formalaşdıracağını deməyə əsas verir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli söyləyib.

O qeyd edib ki, dünyanın ən böyük tədbirlərindən biri olan COP29-un Azərbaycanda keçirilməsi ölkəni qlobal əhəmiyyətli müzakirələrin aparıldığı məkana çevirir. “Bu tədbirin Bakıda keçirilməsi təkcə ölkəmiz üçün deyil, bütün Türk dünyası üçün tarixi əhəmiyyət daşıyan hadisədir. COP29-un Azərbaycanda təşkili ilə bağlı qərarın yekdilliklə qəbul edilməsi isə ölkəmizin, onun Liderinin nüfuzunun dünya miqyasında yüksək dəyərləndirilməsi ilə yanaşı, həm də indiyədək keçirilən tədbirlərdə nümunəvi ev sahibliyinin göstəricisidir”, - deyən deputat Azərbaycanın indiyədək müxtəlif sahələr üzrə regional və qlobal miqyaslı tədbirlərə ev sahibliyi etməsinə diqqət çəkib. Diqqətə çatdırıb ki, Bakı artıq qlobal müzakirə platforması kimi qəbul edilir.

“Beynəlxalq tədbirlərin təşkilində ölkəmiz bir qayda olaraq öz standartlarını müəyyənləşdirir və istənilən proses üçün yeni bir mərhələyə, bəlkə də başlanğıca yol açır. COP29 isə şübhəsiz ki, ölkəmizin bu statusunu daha da möhkəmləndirəcək, eyni zamanda, Bakını dünyanın bu günü və gələcəyi ilə bağlı ən mühüm mövzuların müzakirə ediləcəyi əvəzolunmaz məkana çevirəcək”, - deyən E.Mirzəbəylinin sözlərinə görə, COP29 miqyasına və iştirakçıların sayına görə indiyədək keçirilən tədbirlərdən tamamilə fərqlənir. Çünki daha yüksək peşəkarlıq resurs və potensial tələb edir. Bu isə öz növbəsində prosesdə iştirak edən təsisat və mütəxəssislərin yüksək səviyyəli beynəlxalq tədbirlərin təşkilində daha böyük təcrübə qazanmasına imkan yaradacaq. Geridə qalan zaman kəsiyi sübut edir ki, Azərbaycan üçün bütün müstəvilərdə, həmçinin regional və qlobal tədbirlərin təşkilində əlçatmaz zirvə yoxdur.

Seçilən
16
1
azertag.az

2Mənbələr