TƏHSİL TARİXİMİZDƏN
XX əsrin əvvəllərinə qədər Bakı, Təbriz, Xoy, Naxçıvan və başqa şəhərlər ilə yanaşı İrəvan Azərbaycanın aparıcı elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Azərbaycanın elm və mədəniyyət tarixinə “İrəvani” təxəllüsü ilə daxil olmuş və öz önəmli töhfələrini vermiş xeyli alimlərə, ədəbiyyat və incəsənət xadimlərinə rast gəlmək olur. Mirzə Qədim İrəvani (1825-1875), Fazil İrəvani (1782-1885), Mirzə Məhəmməd İrəvani (1718-1799), Şeyx Mövla Həsən İrəvani, Balağa İrəvani, Mirzə Müslüm İrəvani (1755-1823), Aşub İrəvani (1813-1891), Ləli İrəvani (Mirzə Əlixan Hükəma Ləli), Dəlil İrəvani (1763-1817), Şeyx Əbdülkərim İrəvani (1810-1891), Çeşmə İrəvani (1763-1817), Hacı Şeyx Əli Əsgər İrəvani (1810-1891), Hacı Molla Məhəmməd İrəvani, Şakir İrəvani, Mirzə Əli İrəvani (1894-1935), Hacı Şeyx Cavad İrəvani (1870-1958), Qabil İrəvani, Mirzə Ağası İrəvani, Əbdülqasim İrəvani (1774-1823) və başqa görkəmli şəxsiyyətlərin yaradıcılığı bunu bir daha təsdiq edir. Bütün bunlara baxmayaraq, həmin ərazilərin əsl sakinləri və sahibləri azərbaycanlılar olsa da, tarixin müxtəlif dövrlərində zor gücünə öz əzəli torpaqlarında yaşamaq hüququndan məhrum edilmişlər. Belə ki, 1918-ci ilin may ayında Qərbi Azərbaycanda qatı mürtəce mövqedən çıxış edən daşnakların hakimiyyətə gəlməsi nəticəsində azərbaycanlılara qarşı amansız və kütləvi terror, soyqırım siyasəti ən qəddar metodlarla həyata keçirilməyə başladı.
Bununla da İrəvanda soydaşlarımızın ictimai-siyasi, ədəbi-mədəni həyatı tənəzzülə uğramış, onun görkəmli nümayəndələri soyqırıma və deportasiyaya məruz qalmışlar. Sonralar Azərbaycanda elm və mədəniyyətin inkişafında böyük rol oynamış Mustafa bəy Topçubaşov, Əziz Əliyev, Əhməd Rəcəbli, Əhməd Cəmil, Cəfər Xəndan, Heydər Hüseynov, Maqsud Məmmədov, Səid Rüstəmov, Bəhmən Axundov, Mirzə Cabbar Məmmədzadə, Cabbar Əsgərzadə, Həsən Seyidov, Cabbar Məcnunbəyov, Əli Məhzun və başqa görkəmli şəxsiyyətlərin ailələri də bu dövrdə öz doğma ocaqlarını tərk etməyə məcbur olmuşlar.
1918-1920-ci illərdə Qərbi Azərbaycanda erməni millətçiləri tərəfindən 300-dən artıq azərbaycanlı kəndi yerlə-yeksan edilmiş, on minlərlə dinc sakin kütləvi şəkildə qətlə yetirilmişdir. Xalqımıza məxsus bir çox mədəniyyət, maarif ocaqları dağıdılmışdı. Bununla da 1918-1920-ci illərdə erməni daşnakları tərəfindən azərbaycanlıların total şəkildə məhv edilməsi İrəvan ədəbi-mədəni mühitinin tənəzzülə uğramasına səbəb olmuşdu. Ədəbi-mədəni mühitin görkəmli nümayəndələrinin bir qismi məhv edilmiş, bir qismi isə amansızcasına qətlə yetirilməkdən xilas olmaq üçün Türkiyə, İran, Azərbaycan, Orta Asiya və başqa ölkələrdə özlərinə sığınacaq tapmağa məcbur olmuşdular.
Bütün bunlara baxmayaraq, 1920-ci il noyabr ayının 29-da Qərbi Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra başqa respublikalarda olduğu kimi, burada da məktəb və maarif probleminə münasibət dəyişərək, təhsilin inkişafı tarixində yeni bir mərhələ başlandı. Bolşevik rejimi 1920-ci ilin noyabr ayının 29-na qədər “Ermənistan”da mövcud olan təhsil sistemindən imtina edərək, yeni tipli sovet təhsil sisteminin yaradılmasını ön plana çəkdi. Elə ilk gündən başlayaraq xalq maarifinin inkişafına ciddi səy göstərildi və bir sıra mühüm tədbirlər həyata keçirilməyə başlandı.
Ermənistanda sovet hakimiyyəti qurulduqdan 7 gün sonra Ermənistan İnqilab Komitəsi 6 dekabr 1920-ci ildə bütün məktəblərin dövlət ixtiyarına keçməsi haqqında dekret imzalayır. Həmin dekretdə Ermənistanda yaşayan hər bir xalqa ana dilində pulsuz ibtidai təhsil almaq və təhsildə bərabər hüquqa malik olmaq hüququ verilirdi.
1921-ci il dekabr ayının 17-də Ermənistan Xalq Maarif Komissarlığının verdiyi əmrə əsasən köhnə tipli məktəblər ləğv olunaraq, məzmunca yeni tipli sovet məktəblərinin təşkilinə başlanıldı. Ermənistan Maarif Komissarlığının verdiyi əmrdə açılacaq yeni tipli məktəblərin strukturu, təlimin məzmunu və s. qaydaları ümumi şəkildə olsa da müəyyənləşdirildi.
Yeni tipli məktəblərin təşkili ilə əlaqədar olaraq 1921-ci il aprel ayının 23-də Ermənistan Xalq Maarif Komissarlığının verdiyi əmrdə göstərilirdi ki, respublikada yaşayan azərbaycanlılar öz ana dilində təhsil almalıdırlar. Bundan başqa, xarici dillərdən birinin öyrənilməsi isə məcburi hesab edilirdi.
Beləliklə, azərbaycanlı məktəblərinin yeni məzmunda təşkili istiqamətində ilk addımlar atılaraq birillik, ikillik və xüsusi məktəblər ləğv edildi. Yeni tipli ibtidai, yeddillik, səkkizillik və tam orta məktəblər təşkil edilməyə başlandı. Sovet hakimiyyətinin ilk illərində İrəvanda, Uluxanlıda, Vedibasarda, Allahverdidə, Qafanda, Basarkeçərdə, Ağbabada və s. bölgələrdə, kəndlərdə ilk məktəblər təşkil olunmağa başladı. Yeni tipli məktəblər təşkil edildikdən sonra İrəvanda və eləcə də azərbaycanlılar yaşayan bütün bölgələrdə doğma dilimizdə təhsil ocaqları şəbəkəsinin genişlənməsi orada təhsil alan şagirdlərin sayının sürətlə artmasına təkan verdi. Qərbi Azərbaycanda 1922-1923-cü illərdə 36, 1924-cü ildə 62, 1929-30-cu illərdə 112, 1931-ci ildə isə 245 azərbaycanlı məktəbi fəaliyyət göstərirdi ki, bunlardan da 45-i İrəvan qəzasında idi. Həm də Azərbaycan məktəblərində şagirdlərin sayının sürətlə atrmasının əsas səbəblərindən biri də 1918-1920-ci illərdə erməni daşnaklarının zülmü nəticəsində ən qəddar üsullarla qətlə yetirilməkdən xilas olmaq üçün doğma yurdlarını tərk etmiş soydaşlarımızın Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra bir qisminin yenidən öz vətənlərinə geri dönməsi ilə bağlı idi.
Milli dilimizdə təhsil ocaqları şəbəkəsinin genişlənməsi və idarə edilməsi, orada təhsil alan şagirdlərin sayının sürətlə artması isə müəllim kadrlarına olan tələbatı daha da artırırdı.
Azərbaycanlı əhali arasında mədəni-maarif işlərini gücləndirmək məqsədilə 1922-ci ildə Ermənistan Xalq Maarif Komissarlığı nəzdində “Azlıqda qalan millətlər bürosu” təşkil edildi. Həmin büroya İrəvanın tanınmış maarifçilərindən olan Mehdi Kazımov müdir təyin olunmuşdu. “Azlıqda qalan millətlər” bürosunun tərkibinə müxtəlif millətlərin nümayəndələri daxil idi. Bu büro 1923-cü ilin iyun ayında “Azlıqda qalan millətlər şurası”na çevrildi. Bu şöbə tədris proqramlarının, dərsliklərin əldə olunması, çap edilməsi, müəllim kadrlarının hazırlanması, gecə kurslarının və təlim-tərbiyə məsələlərinin təşkili, zəhmətkeş balalarının hamılıqla təhsilə cəlb edilməsi kimi mühüm işlərlə məşğul olurdu. Azərbaycan məktəblərinin müəllim kadrları ilə təmin olunması üçün, 1922-ci ildə Ermənistan K(b)P MK-nin yanında yaradılmış “Azsaylı xalqlar şöbəsi” və onun müdiri Bala Əfəndiyev, Ermənistan Xalq Maarif Nazirliyinin nəzdində təşkil edilmiş “Azlıqda qalan millətlər bürosu”nun müdiri Mehdi Kazımovun səyi nəticəsində 1922-ci ilin sonlarında İrəvanda xüsusi hazırlıq kursları təşkil edildi. Həmin illərdə müəllimlik kurslarından keçmiş şəxslər müəllim kadrları kimi məktəblərə dərs deməyə göndərilirdi. Sovet hakimiyyətinin ilk illərində Qərbi Azərbaycanın müxtəlif bölgələrində İrəvan şəhərində, Uluxanlı, Qorçulu, Haçaparak, Zirək, Zöhrablı, Göykümbət, Çarbax, Şurnuxi, Yarpızlı, Narınbağ, Təkərli, Murxuz, Şəhərcik, Qaraçanta, Güllübulaq, Zəhmət, Ğığı, Aldərə, Çiləxanlı, Gülüdüz, Zod, Böyük Vedi, Çobankərə, Hacı Elyas, Əcili, Qızıldaş və digər kəndlərdə ilk yeni tipli məktəblər təşkil olundu.
Görülən bütün tədbirlərə baxmayaraq, bu hazırlıq kursları da İrəvanda milli məktəblərimizin müəllim kadrlarına olan tələbatını ödəyə bilmirdi. Məsələn, 1922-1923-cü dərs ilində Qərbi Azərbaycanda olan 36 azərbaycanlı məktəbində 1521 şagird təhsil alırdısa, 1931-ci dərs ilində azərbaycanlı məktəblərinin sayı artaraq 245-ə çatmış və orada təhsil alanların sayı isə 19362 nəfər təşkil edirdi. Həmin məktəblərn idarə edilməsi üçün isə müəllim kadrlarına çox böyük tələbat var idi.
Bu ehtiyacın ödənilməsi üçün azərbaycanlı ziyalılar tərəfindən milli pedaqoji kadrlar hazırlayan tədris müəssisəsinin yaradılması məsələsi 30 yanvar 1922-ci ildə EK (b) P MK-nin birinci qurultayında qaldırılsa da, onların tələblərinə məhəl qoyulmamışdı.
Amma buna baxmayaraq, Azərbaycan məktəbləri üçün müəllim çatışmazlığı problemini həll etmək məsələsi yenə də azərbaycanlı ziyalıların qarşısında mühüm bir vəzifə kimi gündəlikdə qalırdı. Azərbaycanlı məktəbləri üçün pedaqoji kadrların hazırlanması məsələsi Ermənistan Kommunist Partiyasının 1923-cü il martın 29-da keçirilən ikinci qurultayında qurultayın azərbaycanlı nümayəndələri tərəfindən yenidən qaldırılmış və müzakirə olunmuşdu. Qurultayda Ermənistanda maarif və məktəb sahəsində mövcud vəziyyət geniş təhlil edilərək bir sıra mühüm qərarlar qəbul edilmişdi. EK(b)P MK-nin yanında fəaliyyət göstərən “Azlıqda qalan millətlər” şöbəsinin müdiri Bala Əfəndiyev çıxış edərək, milli məktəblərimizin vəziyyəti ilə bağlı öz təkliflərini vermişdir. Hətta qurultayda azərbaycanlı məktəbləri üçün pedaqoji kadrların hazırlanması məsələsi ilə bağlı müvafiq qərar qəbul edilməsinə baxmayaraq, məsələ öz həllini tapmamışdı. Qəbul edilmiş qərarda müəllimlərin maddi vəziyyətini yaxşılaşdırmaq, yeni məktəb binalarının tikilməsi, məktəbyaşlı uşaqların, xüsusilə də qızların təhsilə cəlb edilməsi və s. bu kimi məsələlərdə öz əksini tapmışdır. Amma qurultayda Ermənistanın şovinist dairələri və eləcə də Xalq Maarif Komissarı A.Mravyan azərbaycanlı məktəblərini müəllim kadrları ilə təmin etmək üçün Azərbaycandan pedaqoji kadrların dəvət olunmasını daha məqsədəuyğun hesab etmişdi. Ermənistanın şovinist dairələri azərbaycanlı məktəbləri üçün İrəvanda yerli pedaqoji kadrlar hazırlayan hər hansı bir təhsil müəssisəsinin yaradılması məsələsini məqsədli şəkildə, müxtəlif vasitələrlə əngəlləyirdilər. Burada bolşevik cildinə bürünmüş erməni daşnaklarının ən başlıca əsas məkrli məqsədlərindən biri azərbaycanlıların savadlanmasının, mədəni tərəqqisinin və gələcək perspektivlərinin hər vasitə ilə qarşısını almaq idi.
Azərbaycanlı məktəblərində pedaqoji kadrlara olan ehtiyacı qismən də olsa, aradan qaldırmaq üçün Ermənistan K(b)P MK-nın “Azsaylı xalqlar şöbəsi”nin müdiri Bala Əfəndiyevin və Ermənistan Xalq Maarif Komissarlığının nəzdində fəaliyyət göstərən “Azlıqda qalan millətlər bürosu”nun müdiri Mehdi Kazımovun təşəbbüsü və səyi nəticəsində 1922-ci ilin noyabr ayında İrəvanda 2 aylıq yay hazırlıq kursu təşkil edildi. İlk olaraq bu kurslar azərbaycanlı müəllimlərin hazırlanması işini canlandırdı. Azərbaycanlı məktəblərində çalışmaq üçün bu hazırlıq kursunu elə həmin ildə 30 nəfər bitirmişdi. Həmin hazırlıq kursunda Azərbaycan məktəbləri üçün 60-dan artıq müəllim hazırlanmışdı. Bundan başqa, Uluxanlıda, Vedidə, Basarkeçərdə, Zəngəzurda, Ağbabada və azərbaycanlılar yaşayan bölgələrdə də hazırlıq kursları təşkil edilmişdir ki, bir çox pedaqoji kadrlar da məhz belə kurslarda təhsil almaqla püxtələşmişdi. 1923-cü ilin sonlarında müxtəlif bölgələrdə təşkil edilmiş bu hazırlıq kurslarında 1926-cı ilə qədər 143 müəllim hazırlanmışdı ki, bunlardan da 6 nəfəri qadın idi. Bu kursların təşkilində İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi mühitinin aparıcı simalardan olan Bala Əfəndiyevin, Mehdi Kazımovun, Mustafa Hüseynovun, Miryusif Mirbabayevin, Əkbər Rzayevin, Rza Şeyxzadənin, Əsgər Əsgərzadənin, Bülbül Kazımovanın və başqalarının böyük rolu olmuşdur. Bu müəllim hazırlığı kurslarında nəzəri və təcrübi məşğələləri yuxarıda adlarını qeyd etdiyimiz şəxslərin özləri aparırdı.
Azərbaycanlı məktəblərində dərs demək üçün 1923-cü ilin ortalarında Ermənistan Xalq Maarif Komissarlığının nəzdində fəaliyyət göstərən “Azlıqda qalan millətlər bürosu”nun müdiri Mehdi Kazımov Azərbaycan Xalq Maarif Komissarlığına müraciət edərək, İrəvanda və bölgələrdə müxtəlif ixtisaslar üzrə Azərbaycandan müəllim kadrların göndərilməsini xahiş edir. Azərbaycan Xalq Maarif Komissarlığı Mehdi Kazımovun xahişini nəzərə alaraq Qərbi Azərbacandakı ana dilli məktəblərimizdə dərs demək üçün 20-yə qədər müəllim göndərmişdi. Həmin pedaqoji kadrlar İrəvanda, Vedidə, Qəmərlidə, Basarkeçərdə və s. bölgələrdə müəllim kimi fəaliyyət göstərməklə yanaşı, həm də mədəni-maarif quruculuğu sahəsində də yaxından iştirak edirdilər. Əsl erməni xisləti azərbaycanlı məktəblərində dərs deyən həmin müəllimlərə dözülməz şərait yaratdığı üçün onlar da maddi və mənəvi sıxıntılara dözə bilməyib bir müddətdən sonra Ermənistanı tərk etməyə məcbur olurdular. Hətta müəllimlər aylarla maaş, onlara verilən ərzaq normaların belə ala bilmirdilər. Erməni şovinizminin azərbaycanlı müəllimlərə qarşı yaratdığı bu problemlər uzun illər bu şəkildə davam etmişdir.
Müəllim çatışmazlığı problemini, qismən də olsa aradan qaldırmaq üçün Azərbaycan Xalq Maarif Komissarlığının razılığı əsasında İrəvandan Bakıya 1923-cü ildə 16, 1925-ci ildə 38, 1926-cı ildə isə 11 nəfər pedaqoji təhsil almaq məqsədilə müxtəlif ali təhsil müəssisələrinə göndərilmişdi. Mamed Həsənov, Zəhra Abbasova, Əziz Əzizov, Tacirə Bağırova, Siddiqə Qədimova kimi gənclər Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirdikdən sonra İrəvana qayıdaraq maarifin inkişafına öz töhfələrini verirdilər.
Sovet hakimiyyətinin ilk illərində İrəvanda azərbaycanlı qızlar məktəbi, İrəvan yeddillik azərbaycanlı məktəbi, Əzizbəyov adına məktəb, Asrıyev, Dzerjinski və Şaumyan adına beynəlmiləl məktəblərinin isə azərbaycanlı bölmələri fəaliyyət göstərirdi. İlk vaxtlarda milli məktəblərimizdə müəllim kadrlarına böyük tələbat olduğundan, çox vaxt İrəvan 7 illik azərbaycanlı məktəbinin şagirdlərindən də dərs demək üçün istifadə edirdilər. Hətta qış tətilində Zaqafqaziya Kommunist Universitetində təhsil alan azərbaycanlı tələbələr İrəvanda və yerlərdə təşkil edilmiş səyyar məktəblərdə dərs deməyə dəvət edilirdi.
Görülən bütün bu tədbirlər isə azərbaycanlı məktəblərində müəllim kadrlara olan tələbatı ödəyə bilmirdi. Ermənistanın şovinist dairələri azərbaycanlı məktəbləri üçün pedaqoji kadrlar hazırlayan müstəqil tədris müəssisəsinin yaradılmasını isə heç bir vəchlə istəmirdilər. Bunun ən başlıca səbəblərindən biri azərbaycanlı əhalinin öz tarixi torpaqlarında qalıb möhkəmlənməsinin qarşısını almaqdan ibarət idi.
Erməni şovinist dairələri Erməni Pedaqoji Texnikumunun nəzdində azərbaycanlı şöbəsinin açılmasını daha məqsədəuyğun hesab edirdilər. Müəllim çatışmazlığı probleminin aradan qaldırılması işini qaydaya salmaq üçün yerli kadrlar hazırlayan təhsil müəssisəsinin yaradılmasının təxirəsalınmaz tələbat olduğunu aydın dərk edən “Azsaylı xalqlar şöbəsi”nin müdiri Bala Əfəndiyevin “Azlıqda qalan millətlər şurası”nın müdiri Mehdi Kazımovun, “Zəngi” qəzetinin məsul redaktoru Mustafa Hüseynovun, İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi mühitinin aparıcı simalarından olan Əkbər Rizayevin, Qulam Fərhadovun, Rza Şeyxzadənin, Miryusif Mirbabayevin, Murtuza Muradovun, Əhməd Əhmədovun, Abbas Fərəcovun və başqa qeyrətli azərbaycanlı ziyalıların erməni şovinist dairələri qarşısında təkidli tələbi, ciddi səyi, siyasi və milli iradəsi sayəsində Ermənistan Xalq Maarif Komissarlar Şurası İrəvan Türk Pedaqoji Texnikumunun təşkil edilməsi barədə qərar qəbul etmişdi. Mövcud dövrün diktə etdiyi bu tələbi həyata keçirmək üçün qarşıya çıxan maneələr, çətinlikər, yuxarıda adlarını çəkdiyiniz qeyrətli azərbaycanlı ziyalıları bu ali məqsədə çatmaq üçün apardıları mübarizədən bir anda olsun belə geri çəkindirmədi. Onların bu tarixi xidməti bu gün də dərin minnətdarlıq hissi ilə yad edilir. Beləliklə 1924-cü ilin oktyabr ayının 15-də İrəvan Müəllimlər Seminariyasının xələfi olan İrəvan Türk Pedaqoji Texnikumu açıldı. Onu da qeyd edək ki, erməni şovinizmi əhatəsində azərbaycanlı məktəbləri üçün müəllimlər hazırlayan belə bir təhsil ocağının açılmasının nə qədər ağır və çətin mübarizədən yarandığı barədə, fikrimizcə artıq şərhə ehtiyac yoxdur.
Texnikumun ilkin fəaliyyət dövründə nəzər saldıqda məlum olur ki, Mehdi Kazımov direktor və rus dili müəllimi, Bala Əfəndiyev ictimaiyyət müəllimi, Əsgər Əsgərzadə ana dili müəllimi, Cəmil Əliyev təbiət müəllimi, Kərim Məhərrəmov isə texniki işlər üzrə köməkçi kimi fəaliyyət göstərmişdir. Texnikumda təhsil verməyə İrəvanın tanınmış qadın maarifçilərindən olan Bülbül Kazımova da cəlb edilmişdi. Bülbül Kazımova texnikumda dərs deyən ilk azərbaycanlı qadın idi. Zəngin təcrübəyə malik olan bu fədakar kollektiv tükənməz enerji ilə fəaliyyətə başlamışdır. Bu mərhələni Mehdi Kazımovun, Cəmil Əliyevin, Əsgər Əsgərzadənin, Bülbül Kazımovanın pedaqoji fəaliyyətinin ikinci dövrü kimi də xarakterizə etmək olar. Onların ikinci dövr pedaqoji fəaliyyəti istər forma, istərsə də məzmun və keyfiyyət baxımından daha məhsuldar olmuşdu.
Bu təhsil ocağı 1925-ci ildə Nəriman Nərimanov adına İrəvan Türk Pedaqoji Texnikumu adlandı. İrəvanda bütün azərbaycanlı məktəblərində mövcud olan problemlər bu texnikumda da mövcud idi. Yeni yaranmış bu təhsil ocağı bir çox problemlərlə üzləşmişdi. Heç bir tədris planı, proqramı, dərslik belə yox idi. Hətta dərs demək üçün müəllim kadrları belə çatışmırdı. Erməni pedaqoji texnikumunun binasında fəaliyyət göstərən bu maarif ocağı 30 nəfər tələbəni əhatə edən darısqal bir sinif və iki yataq otağından ibarət idi. Müəllimlər otağı belə yox idi. Əlavə otaqların ayrılması üçün müvafiq qurumlara edilən müraciətlərə isə heç bir müsbət cavab verilmirdi. Məlumdur ki, hər hansı bir təhsil müəssisəsinin normal və ahəngdar fəaliyyət göstərməsi üçün ilk növbədə onun müstəqil bina ilə təmin edilməsi, maddi-texniki bazasının yaradılması, tədris prosesi üçün əlverişli şəraitin olması vacib şərtdir. Yeni təşkil olunmuş İrəvan Türk Pedaqoji Texnikumunun tamamilə əlverişsiz və dözülməz bir şəraitdə fəaliyyət göstərməsi, dərslik və dərs vəsaitləri, tədris proqramları, laboratoriyalar, fənn kabinələri, yataqxana, yeməkxana və s. avadanlıqlarla təchiz edilməməsi, sözsüz ki, bu təhsil ocağının normal fəaliyyətini əngəlləyirdi. Ermənistanın “bolşevik” cildinə bürünmüş hakimiyyət orqanları nəinki texnikumda, eləcə də Azərbaycan məktəblərində mövcud olan problemlərin və çatışmazlıqların aradan qaldırılması üçün heç bir səy göstərmirdi. Erməni şovinistlərinin bütün sahələrdə azərbaycanlalara qarşı yürütdüyü qərəzli və ayrı-seçkilik siyasəti təhsil sahəsində də özünü qabarıq şəkildə göstərirdi. Pedaqoji texnikumda ana dilində kitab, dərslik və dərs vəsaitlərinə, tədris proqramlarına və s. ləvazimatlara böyük ehtiyac olduğu halda, Ermənistan Xalq Maarif Komissarlığı bu tələbatı belə ödəmək istəmirdi. Demək olar ki, Ermənistanın ilk Xalq Maarif Komissarı, 1924-1926-cı ildə isə EK(b)P MK-nin birinci katibi olmuş Aşot Hovanesyanın 1920-ci il 17 dekabr tarixdə verdiyi əmrdə təhsilin ana dilində aparılması, məktəblərin dövlət ixtiyarına keçərək pulsuz olması, yeni tipli sovet məktəblərinin zəhmətkeş balalarının üzünə açıq olması – bütün bunlar hamısı ilk növbədə ermənilər üçün nəzərdə tutulurdu.
Bu cür ciddi problemlər səbəbindən aydın olur ki, bu təhsil müəssisəsində tədris prosesi üçün heç bir əlverişli şərait olmadığı üçün 1925-ci ilin sonlarına qədər texnikuma əsaslı qəbul həyata keçirilməmişdir. Texnikumda yalnız 1926-cı ilə qədər altıaylıq və birillik kurslar fəaliyyət göstərmişdir. Texnikumun nəzdində müəllimlər hazırlayan bu hazırlıq kurslarında az-çox savadı olan, mollaxana və ibtidai rus məktəblərini bitirənlər müəllim kimi təkmilləşdirilərək məktəblərə göndərilirdi. 1925-ci ildə hazırlıq kursuna 25 nəfər tələbə qəbul olunmuşdu ki, onları da 1926-ci ilin əvvəlində həmin kursu bitirdikdən sonra azərbaycanlılar yaşayan müxtəlif bölgələrdəki məktəblərə müəllim kimi göndərirdilər. Belə hazırlıq kursları fasilələrlə sonrakı dövrlərdə də fəaliyyət göstərmişdir.
Araşdırmalar göstərir ki, Ermənistan Xalq Maarif Komissarlığı tərəfindən azərbaycanlı pedaqoji texnikumunda mövcud olan problemlərin aradan qaldırılmasına, tədris vəsaitləri, kitablar və digər ləvazimatlarla təmin edilməsinə heç bir köməklik göstərilməmiş, bu ehtiyaclar uzun müddət Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən ödənilmişdir. Hətta mənbələrin verdiyi məlumatlardan məlum olur ki, “Azsaylı xalqlar şöbəsi”nin müdiri Bala Əfəndiyev və texnikumun direktoru Mehdi Kazımov bu tədris ocağının normal fəaliyyət göstərməsi üçün müstəqil bina ilə təmin edilməsinə, maddi-texniki, tədris bazasının yaradılmasına böyük ehtiyacın olduğu barədə dəfələrlə Ermənistanın şovinist dairələri qarşısında məsələ qaldırsalar da, öz müsbət həllini tapmamışdır. Texnikumun açıldığı vaxtdan 1 il keçməsinə baxmayaraq əsaslı qəbul keçirmək mümkün olmamışdır. Texnikuma ilkin tələbə qəbulunun keçirilməsi prosesini ləngidən ən əsas səbəblərdən biri burada tədris prosesi üçün əlverişli və dözülməz şəraitin olması ilə bağlı idi.
Varlığının ilk günlərindən Azərbaycanlı İrəvan Türk Pedaqoji Texnikumu çox böyük çətinliklərlə üz-üzə qalmışdı. Amma bütün bu çətinliklərə və ciddi maneələrə baxmayaraq, yeni təşkil olunmuş texnikumun möhkəmləndirilməsi, fəaliyyətinin canlandırılması, müəllim və tələbə kontingentinin formalaşdırılması, tədrisin təşkili və s. həlli vacib olan məsələlər qeyrətli ziyalılarımızın – “Azsaylı xalqlar şöbəsi”nin müdiri Bala Əfəndiyevin, texnikumun direktoru Mehdi Kazımovun, “Zəngi” qəzetinin məsul redaktoru Mustafa Hüseynovun, ziyalılardan Əsgər Əsgərzadənin, Əkbər Rzayevin, Əhməd Əhmədovun, İsmayıl Babayevin, Cəmil Əliyevin, Murtuza Muradovun və başqalarının qarşısında duran ən mühüm məsələ idi.
Bütün ciddi maneələrə baxmayaraq, yeni yaranmış texnikumun fəaliyyətinin canlandırılması, tədrisin təşkili, müəllim və tələbə kollektivinin formalaşdırılması və s. həlli vacib olan məsələlər məhz “Azsaylı xalqlar şöbəsi”nin müdiri Bala Əfəndiyevin, texnikumun direktoru Mehdi Kazımovun təşəbbüsü və səyi nəticəsində öz həllini tapmışdır. Həmçinin onun şəxsi təşəbbüskarlığı və əzmi sayəsində Azərbaycan Xalq Maarif Komissarlığına etdiyi müraciət əsasında texnikum üçün ana dilində müxtəlif adda kitabların, tədris proqramlarının, dərslik və dərs vəsaitlərinin əldə olunmasına nail olunmuşdur. Texnikumun fədakar kollektivi bu tədris ocağının mədəni quruculuq qüvvəsinə çevrilməsi üçün milli iradə nümayiş etdirmiş, əllərindən gələni əsirgəməmişdilər.
Texnikumun ilkin fəaliyyət dövrünə nəzər saldıqda pedaqoji heyətin, tədrisin təşkili və s. sahələrdə müəyyən irəliləyişin olduğu məlum olur. Qısa zaman ərzində Əşrəf Bayramov, Miryusif Mirbabayev, Məhəmməd Əzimzadə, İsmayıl Babayev kimi ziyalılar bu maarif ocağının pedaqoji heyətinə daxil olmuşdular. Qeyd etmək lazımdır ki, dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyev ilk əmək fəaliyyətinə bu texnikumda başlamışdır. O, 1926-27-ci illərdə bu təhsil ocağında kimya-biologiya fənnini tədris etmişdir.
1929-cu ilin iyun ayında texnikumun ilk buraxılışı olmuşdu. 1926-cı ildə qəbul olunmuş 32 nəfər tələbədən 20 nəfəri texnikumu bitirməyə müvəffəq ola bilmişdi ki, onlardan da 18 nəfəri oğlan, 2 nəfəri isə gənc qızlar idi.
İrəvan Türk Pedaqoji Tenikumunun ilk buraxılışı İrəvanda və bölgələrdə milli maarifimiz üçün böyük şadlıq xəbəri kimi yayılmışdı. Mənbələrin verdiyi məlumatlardan məlum olur ki, tələbələrdən 3 nəfəri təhsil aldığı müddətdə ağır və yoluxucu xəstəliyə tutularaq dünyasını dəyişmiş, 9 nəfəri isə müxtəlif səbəblərdən təhsilini yarımçıq qoyaraq texnikumu tərk etməyə məcbur olmuşdu. Beləliklə, İrəvan Türk Pedaqoji Texnikumu Ermənistənda fəaliyyət göstərən azərbaycanlı məktəblərin müəllim kadrlarına olan ehtiyacını ödəməyə başlamışdır.
Öz məhdud imkanları hesabına azərbaycanlı məktəblərini müəllim kadrlarla təmin edən pedaqoji texnikumun müəyyən nailiyyətlərinə baxmayaraq, müstəqil bina ilə təmin edilməsinə, tələbə kontingentinin sayının artırılmasına böyük ehtiyac var idi. Mehdi Kazımovun hesabatlarından da məlum olur ki, bu tədris ocağının müstəqil bina ilə təmin edilməsi və tələbə qəbulunun sayının artırılması üçün dəfələrlə Ermənistan Xalq Maarif Komissarlığına və müvafiq qurumlara edilən müraciətlər öz həllini tapmamışdır. Çünki sovet Ermənistanının şovinist dairələri aydın dərk edirdilər ki, Azərbaycanlı Pedaqoji texnikumunun müstəqil bina ilə təmin edilməsi onun böyük inkişafına və yeni keyfiyyət yüksəlişinə, milli pedaqoji kadrların hazırlanması işinin daha da genişlənməsinə və yüksəlməsinə gətirib çıxaracaqdır.
1930-cu illərdə Ermənistanda 7-dən artıq erməni texnikumu fəaliyyət göstərirdi ki, onların da hər biri müstəqil bina, tədris üçün lazımi şəraitlə təmin edildiyi, bütün zəruri ehtiyacları ödənildiyi halda belə, İrəvanda yeganə Azərbaycanlı Pedaqoji Texnikumu olan bu təhsil müəssisəsi bütün bu qayğılardan tamamilə məhrum idi. Ermənistanın “bolşevik” cildinə bürünmüş şovinist-daşnak dairələri azərbaycanlı pedaqoji texnikumunun yeni bina ilə təmin edilməsi və yaxud da yeni tərdis binasının tikilməsi məsələsini hər dəfə müxtəlif bəhanələrlə təxirə salırdılar. İrəvanda yeganə pedaqoji kadrlar hazırlayan bu təhsil ocağı elə varlığının ilk günlərindən çox böyük problemlər və çətinliklərlə üz-üzə qalmışdı. Müxtəlif vaxtlarda Ermənistanın Xalq Maarif Komissarları olmuş Aşot Hovanesyan, Serqo Mikaelyan, Ardo Yeğizariyan, Betrik Martirosyan və başqaları İrəvanda Azərbaycan təhsili üçün əlverişli şəraitin yaradılmasına heç vaxt imkan verməmiş, hər zaman maneçilik törətməyə və milli məktəblərimizin ahəngdar fəaliyyətini əngəlləməyə çalışmışlar. Amma texnikumda mövcud olan problemlərə baxmayaraq, bu tədris ocağının fədakar kollektivi bu təhsil müəssisəsinin fəaliyyətinin daha da canlandırılması və möhkəmləndirilməsi üçün yüksək əzmkarlıqla çalışmışdılar. Bu barədə “Qızıl şəfəq” qəzeti səhifələrində, erməni məktəblərindən fərqli olaraq, azərbaycanlı məktəblərinə və pedaqoji texnikuma Ermənistan hökuməti tərəfindən lazımi köməkliyin göstərilməməsi, laqeyd münasibət sərgiləməsi barədə kifayət qədər kəskin yazılar dərc olunmuşdu. Texnikumun rəhbərliyi bütün çətinliklərə baxmayaraq, bu təhsil ocağını tədris-material bazası ilə təmin etmək, ali təhsilli pedaqoji kadrlar cəlb etmək, tələbə kontingentinin sayını artırmaq və pedaqoji texnikumun daha ahəngdar fəaliyyət göstərməsi üçün imkanlar axtarıb tapırdılar. Texnikumun pedaqoji şurasının demək olar ki, hər iclasında bu tədris ocağının bütün sahələri ilə bağlı məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilirdi.
İlk dəfə bir neçə müəllimlə fəaliyyətə başlayan İrəvan Türk Pedaqoji Texnikumuna 1934-cü illərdə ali təhsilli müəllimlər cəlb olundu. Azərbaycan dili və ədəbiyyatından Nəsib Əfəndiyev, Müzəffər Nəsirli, Abbas Azəri, tarixdən – Nəzər Paşayev, pedaqogika və psixologiyadan Tacirə Bağırova, Zəhra Abbasova, kimyadan Ramazan Əliyev fizika və riyaziyyatdan Mamed Həsənov, Zərri Qurbanova, Əziz Əzizov və Kərəm Abbasov kimi ali təhsilli, işıqlı simalar dərs deyirdilər.
Texnikuma yüksək səviyyəli ali təhsilli pedaqoqların cəlb edilməsi tələbələrin dərin elmi biliklərə yiyələnməsi ilə yanaşı, tədrisin keyfiyyətinin daha da yüksəlməsinə ciddi təsir göstərirdi.
Belə ki, erməni şovinizmi əhatəsində qarşılaşdığı bütün çətinliklərlə, maneələrə baxmayaraq, azərbaycanlı pedaqoji texnikumu təhsil sistemində öz uğurları ilə mövqeyini daha da möhkəmləndirərək Cənubi Qafqazda ali məktəb səviyyəsində böyük uğur qazana bilmişdi. İrəvan Türk Pedaqoji Texnikumu 1934-cü ildə Ümumittifaq texnikumlar yarışında birincilik qazanaraq 7 min manat məbləğində pul mükafatına layiq görülmüşdür.
1935-ci ildə Məmməd Səid Ordubadi, Mikayıl Müşfiq, Mehdi Hüseyn və başqalarından ibarət nümayəndə heyəti İrəvanda səfərdə olarkən İrəvan Türk Pedaqoji Texnikumun müəllim və tələbə kollektivi ilə görüş keçirmişlər. Məmməd Səid Ordubadi texnikumun müəllim və tələbə heyəti qarşısında çıxış edərkən bu tədris ocağının fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Türk Pedaqoji Texnikumu bizdə böyük intibahlar yaratdı. Türk mədəniyyətinin nə qədər böyük inkişafda olduğunun canlı şahidi olduq”.
Ümumiyyətlə, Azərbaycanın bir çox görkəmli ziyalıları – Cəlil Məmmədquluzadə, Əli Nazim, Mir Cəlal, Yusif Vəzir Çəmənzəminli, Sabit Rəhman, Səməd Vurğun, Məmməd Arif, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Əbülhəsən, Mikayıl Rəfili, Həmid Araslı, Vəli Xuluflu, Süleyman Rüstəm və bir çox başqaları bu təhsil ocağının qonağı olmuşlar. Pedaqoji texnikumda belə ədəbi toplantıların, yaradıcılıq gecələrinin, elmi konfransların keçirilməsi tələbələr arasında şəxsi yaradıcılıq işlərinin genişlənməsinə, onların elmi-ədəbi dünya görüşlərinin artmasına da müsbət təsir göstərirdi.
İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin yaradılması Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların həyatında mühüm hadisə idi. İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin yaranmasının 15 illik yubileyi 1940-cı il dekabr ayının 6-da məktəbin böyük iclas zalında təntənəli şəkildə qeyd edilmişdir. İrəvan Türk Pedaqoji Texnikumun kütləvi tədbirlər sırasında 15 illik yubileyinin keçirilməsi xüsusi bir yer tutur. Bu münasibətlə yaradılan komissiyada “Sovet Ermənistanı” qəzetinin redaktoru Cəfər Vəlibəyov, texnikumun müəllimləri Mehdi Kazımov, Əşrəf Bayramov, İsmayıl İsmayılov, Qulam Fərhadov üzv, texnikumun direktoru Bəhlul Yusifov isə komissiyanın sədri seçilmişdi. Komissiyada Ermənistan Xalq Maarif Komissarlığından və Mərkəzi İcraiyyə Komitəsindən də təmsil olunanlar var idi.
Ümumiyyətlə, İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi 15 il ərzində azərbaycanlı məktəbləri üçün 1228 nəfər müəllim hazırlayıb buraxmışdır ki, bunlardan 242 nəfəri qiyabi, 150 nəfəri isə birillik müəllimlər hazırlığı kursunun məzunları idi.
Azərbaycanın bir sıra tanınmış elm, mədəniyyət və ədəbiyyat xadimləri akademik Budaq Budaqov, AMEA-nın müxbir üzvü Zərifə Budaqova, professorlar Nəzər Paşayev, Əli Fərəcov, Yusif Yusifov, Nəriman Əliyev, Fərhad Fərhadov, Həmid Əliyev, Cəfər Cəfərov, Süleyman Məmmədov, Qurban Bayramov, elmlər namizədi, dosentlər Kövsər Tarverdiyeva, Zəhra Əliyeva, qabaqcıl maarif xadimləri, Əməkdar müəllimlər Tapdıq Novruzov, Şəfiqə Məhərrəmova, Bilas Şadlinski, ictimai xadimlər Həbib Həsənov, Məhərrəm Bayramov, Tapdıq Əmiraslanov, Əməkdar rəssam Cabbar Quliyev və başqaları bu təhsil ocağının yetirmələridir.
1948-ci ilin noyabr ayının ortalarına kimi İrəvanda fəaliyyət göstərən İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu təkcə tədris müəssisəsi kimi deyil, eyni zamanda Qərbi Azərbaycanda ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin inkişafında, formalaşmasında və qorunmasında çox böyük rol oynamışdır. Bolşevik cildinə bürünmüş erməni daşnaklarının məkrli siyasəti nəticəsində təhsil tariximizin ən şanlı səhifələrindən birini təşkil edən böyük, şərəfli tarixi bir yol keçmiş İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu da deportasiyaya məruz qoyularaq 1948-ci ilin noyabr ayında müəllim və tələbə kollektivi ilə birlikdə Azərbaycanın Xanlar rayonuna köçürülmüşdü. 1948-ci ildə Qərbi Azərbaycanda 53 erməni texnikumu, 14 ali məktəb, 3 qiyabi təhsil müəssisəsi olduğu halda, İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu Qərbi Azərbaycanda Azərbaycan dilində pedaqoji kadrlar hazırlayan yeganə təhsil ocağı idi. Bu təhsil ocağının 24 illik fəaliyyəti dövründə Qərbi Azərbaycanda Azərbaycan məktəbləri üçün pedaqoji kadrların hazırlanmasında misilsiz xidmətləri olmuşdur.
Bu il oktyabr ayının 15-də təhsil tariximizin şərəfli səhifələrindən birini təşkil edən, möhtəşəm maarif ocaqlarından olan İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin 100 illik yubileyi tamam olur. Bu maarif ocağının əlamətdar tarixinin qeyd edilməsi həm təhsil tariximizin öyrənilməsi, həm də bu təhsil ocağının hansı mühüm rola malik olduğunun gənc nəsillərə çatdırılması baxımından olduqca əhəmiyyətlidir.
Könül Həsənova,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Cəlal Allahverdiyev,
filologiya üzrə fəlsəfə doktoru, dosent