AZ

“Daşnaklar Haqqıxlının 75 sakinini tövləyə salıb yandırıblar” – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Medianews.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin sədri Ramiz İsmayılov olub.

O, doğulub boya-başa çatdığı Haqqıxlı kəndindən söhbət açıb. Bildirib ki, Haqqıxlı Qaraqoyunlu mahalının cənub-qərbində, Karvansaray rayonunda, Ağstafa çayının kənarında, Qazax-Dilican şose yolunun cənub-qərbində, Ağqayanın aşağı hissəsində, magistral yoldan 4 kilometrlik məsafədə yerləşib. Onun sözlərinə görə, Dilican dərəsinin ən gözəl və tarixi yaşayış məntəqəsi olan, Göyçənin giriş qapısı sayılan bu kənddə 1988-ci il deportasiyasına qədər ancaq azərbaycanlılar yaşayıblar.

Kəndin adının etimologiyasından danışan R.İsmayılov söyləyib ki, bəzi mənbələrə görə, Haqqıxlı türk mənşəli haqqıx sözündən əmələ gəlib. Haqqıx əsasən qırmızı rəngə çalan qiymətli bərk mineral, bəzək daşı anlamında işlədilib. Haqqıxlı isə haqqıx daşı çox olan yer anlamını ifadə edib. Alimlərin iddiasına görə, kəndin yuxarı hissəsində bəzəkli daşların çox olması deyilənləri təsdiqləyir. Tədqiqatçılar ikinci bir nümunə kimi kəndin adının toponim haqq sözündən əmələ gəlməsi fikrini irəli sürüblər. Guya ki, haqqıxlılıların ulu babaları Xəlil ağa adlı bir zülmkara boyun əyməyərək əvvəllər yaylaq kimi istifadə etdikləri bu ərazilərə gəlib, yurd-yuva salıb və həmişə də özlərini haqlı, ədalətli sayaraq, “biz haqqıx” deyiblər. Həmin insanların saldığı kənd də onların bu ifadəsinə uyğun olaraq “haqqın, ədalətin tərəfdarları” anlamında Haqqıxlı adlanıb. Kənd yaxınlığındakı meşəlik ərazidə tarixi yaşayış məskəninin, kilsələrin olması onu deməyə əsas verir ki, Haqqıxlı Karvansarayın ən qədim yaşayış məntəqələrindən biridir.

Sumqayıt şəhər nümayəndəliyinin sədri ötən əsrdə Karvansaray rayonunda, o cümlədən Haqqıxlıda ermənilərin törətdiyi vəhşiliklər barədə də danışıb. Deyib ki, daşnaklar 1918-ci ildə Haqqıxlının 75 nəfər sakinini tövləyə salıb yandırıblar. Sovet Ermənistanı dövründə isə azərbaycanlı kadrlar işlə təmin olunmayıb, hər addımda ayrı-seçkiliyə məruz qalıblar. R.İsmayılov SSRİ dövründə kəndin adının dəyişdirilərək Səməd Vurğun, Hovk qoyulmasına da diqqət çəkib. Bildirib ki, Azərbaycanı ilk Xalq şairi Səməd Vurğun vaxtilə öz şeirlərində Dilican dərəsini vəsf edib.

İcma rəhbəri Sumqayıt şəhər nümayəndəliyinin fəaliyyətinə də toxunub. Söyləyib ki, Qərbi Azərbaycanın 26 rayonunun 200-dən çox kəndinin sakini 1988-ci il deportasiyasından sonra məhz Sumqayıtda məskunlaşıb. Ötən bir il ərzində soydaşlarımızla çoxsaylı görüşlər keçirilib, yüksək səviyyədə təşkilatlanma işləri görülüb. İndiyə qədər nümayəndəlik 53 tədbir keçirib. R.İsmayılov valideynlərinin Vətən həsrəti ilə dünyalarını dəyişməsini təəssüflə xatırladıb. Qeyd edib ki, hazırda soydaşlarımız ata-baba yurdlarına qayıtmaq istəyirlər.

Seçilən
44
medianews.az

1Mənbələr