AZ

Palladino: “De Xea hələ də ən yaxşı qapıçı və nümunədir”

İtaliyanın “Fiorentina” komandasının baş məşqçisi Raffaele Palladino “bənövşələr”in ispaniyalı qapıçısı David de Xea haqda danışıb.

Arena.az xəbər verir ki, o, İtaliya A Seriyasının 7-ci turunun “Milan”la oyununda (2:1) iki dəfə 11 metrlik zərbəni dəf etmiş təcrübəli qolkiperin ünvanına tərif yağdırbı.

İtalyan mütəxəssisin bu barədə fikrini təqdim edirik:

“İnanın mənə, o, hələ də nəhəngdir. De Xea dünya səviyyəli ən yaxşı oyunçudur. Onun niyə çempion, əsl çempion olduğunu gördük. Ona hər gün təşəkkür etməliyik. David ən yaxşı qapıçı və nümunədir”, deyə Palladino bildirib.

Xatırladaq ki, “Fiorentina” – “Milan” oyununda “rossoneri” iki penalti qazansa da, onları qola çevirə bilməyib. De Xea əvvəlcə Teo Hernandesin, daha sonra isə Temmi Abrahamın 11 metrlik zərbələrini dəf etməklə özündən söz etdirib.

De Xea bu ilin avqust ayından “Fiorentina”da çıxış edib. İspan qolkiper İtaliya klubuna azad agent kimi keçmiş və 1+1 illik müqaviləyə imza atmışdı. 33 yaşlı qolkiper bu komandanın heyətində indiyə qədər 6 oyuna çıxıb, 9 qol buraxıb, 1 matçda qapısını toxunulmaz saxlayıb.

Davidin “Fiorentina”dan əvvəlki sonuncu klubu “Mançester Yunayted” olub. O, İngiltərə klubundan ötən yay ayrılmışdı. İspan qapıçı maaşının azaldılması şərti ilə də “qırmızı şeytanlar”ın düşərgəsində qalmağa razı olsa da, o vaxt “Mançester Yunayted” rəhbərliyi De Xea ilə müqaviləsini yeniləmək istəməmişdi.

De Xea futbolçu karyerasının 12 ilini “Mançester Yunayted”də keçirib. İspan qapıçı “qırmızı şeytanlar”la İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, 2 dəfə İngiltərə Liqa kuboku, 3 dəfə İngiltərə Super Kuboku, Avropa Liqasını qazanıb. Ümumilikdə De Xea “Mançester Yunayted”in heyətində 545 oyuna çıxıb, 590 qol buraxıb, 190 oyundan “quru” çıxıb.

İspaniya yığmasında 45 oyun keçirmiş David “Mançester Yunayted”dən öncə yalnız yetirməsi olduğu Madrid “Atletiko”sunda forma geyinib.

“Transfermarkt” internet-portalı 33 yaşlı ispan qapıçı David de Xeanın transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
34
arena.az

1Mənbələr