AZ

Prezident İlham Əliyevin Cəbrayıl şəhərindəki çıxışı, yaxud Vətəni belə sevərlər

Prezident

Bakı, 8 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərindəki çıxışı qalib ölkənin qalib liderinin əzm və fərəhini ehtiva edən təntənə nitqi idi. Həmin çıxışda bugünkü Azərbaycanın uğur və nailiyyətləri ilə yanaşı, dünənin ağrı dolu reallıqları yer almışdı. Ümumiyyətlə, ölkə başçısının son dönəmlərdəki bütün çıxışlarında zamanlararası keçidlər daim funksionaldır. Sanki yaddaşı ayıq saxlamağa yönəlik missiya var. Niyə də olmasın?! Biz keçmişin səhvlərindən dərs çıxarmadığımız üçün eyni əzabların aqibətini dönə-dönə yaşamağa məcbur olduq. İşğalın ağır təzahürlərindən bizi ayıran 30 illik zaman kəsimi hər halda bunun ən yaxşı sübutudur. Prezident Cəbrayıl şəhərindəki çıxışında bu məqamı vurğulamaqla yanaşı, 44 gün davam edən müharibə, bir gün davam edən antiterror tədbirlərindən də bəhs etdi. Bütün zəfərlərimizin zəminində dayanan bu iki faktdan qürur mənbələri olaraq danışdı.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib.

“Amma həmin çıxışda bizi narahat edən digər amil də ehtiva olunmuşdu: Amerika və Fransanın Cənubi Qafqazda işğalçılıq siyasətini alovlandırmaq istəyinin daim aparıcı olması faktı, o cümlədən Azərbaycanın haqq davasını 30 il görməzdən gələn və ermənilərə havadarlıq edən Qərb dövlətlərinin iç üzünü meydana qoymağın vacibliyi”, - deyə o əlavə edib.

Deputat vurğulayıb ki, İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizdəki hər çıxışı böyük bir əzm faktıdır. Düşmən qüvvələrə endirilən tutarlı zərbə olmaqla yanaşı, aparılan bərpa-quruculuq işlərinin sərgilənməsinə ən gözəl nümunədir. Gözəl, gözoxşayan evlərə keçmiş məcburi köçkünlərin qayıdışı, onların sevinci dövlət miqyasında qayğı və diqqətin təzahürü olmaqla yanaşı, həm də onun gücünün sübutudur.

Elnarə Akimova Prezidentin çıxışından bu sözləri də sitat gətirib: “Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur”.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan Prezidenti düşməndən azad edilən tarixi ərazidə, yenidən bərpa edilən məkanda dayanıb bütün bəşəriyyətə, Azərbaycan xalqını və dövlətini sevməyən Qərbə və qərbpərəstlərə yurdu sevmək və qorumağın təlimini keçir. Arxa fonda yağı nəfəsindən azad edilmiş, qürurla sıralanmış dağlar, yanında evlərinə, yurd yerlərinə qayıdan insanların ölçüyəgəlməz fərəh duyğuları! Bəli, “Cəbrayıla yolu belə çəkərlər!” Torpağı belə qoruyarlar və Yurdu belə sevərlər”, - deyə E.Akimova fikrini yekunlaşdırıb.

 

Seçilən
5
azertag.az

1Mənbələr