AZ

Şəhərdə şou göstərən toy karvanları saxlanılmalıdır -Sosioloqdan sərt tənqid

Təqsirkarlar cəzalandırılıb, protokol tərtib edilməlidir, ağır cərimələr verilməlidir


  Ölkədə el adəti olan toylarda karvan şəklində maşınların hərəkəti nəqliyyatda bir sıra sıxıntılara səbəb olur. Bu, əsasən də şəhərlərdə insanların işdən çıxma vaxtına təsadüf etdiyindən yollarda tıxaclar əmələ gəlir. Toy karvanlarına görə yollarda qayda pozuntuları yaranır, hətta bu pozuntular qəzalarla da nəticələnə bilir.
Zaman-zaman ölkədə toyların yasa çevirildiyinin şahidi oluruq. Buna səbəb isə toy karvanı zamanı bəzi sürücülərin sürət həddini aşması, əks istiqamətə çıxması olur.
Elə ötən həftələrdə Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunda  toy karvanının iştirakı ilə baş verən qəza 5 nəfərin ölümünə səbəb olub. 
Bəy-gəlin maşınlarının yollarda hərəkətin təhlükəsizliyi üçün yaratdığı fəsadlar barədə zaman-zaman mətbuatda yazılıb. Eyni zamanda dəfələrlə yol polisi rəsmiləri bu haqda açıqlama ilə çıxış edərək əhaliyə xəbərdarlıq edib. Görünən odur ki, bütün bu xəbərdarlıqlara məhəl qoyan yoxdur. 
  DİN toy sahiblərinin bu karvanlara düşünülmüş formada yanaşması, karvanlarda maşınların sayının azaldılması, yollarda qarşı hərəkət zolağına çıxmamaq və işıqforun tələblərinə düzgün riayət edilməsi barədə yenə də xəbərdarlıq edib. 
  Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müraciətində bildirilib ki, qəza dayanma işıq siqnalını yandıraraq bütün hərəkət zolaqlarını tuturlar və yollarda süni sıxlıq yaradırlar: "Müşahidələr göstərir ki, “toy karvanları"nda olan bəzi sürücülər yolun hərəkət zolaqlarını tamamilə tutmaqla yanaşı, manevretmə qaydalarını da pozmaqla küçə və prospektlərdə süni sıxlıq yaradırlar. Bununla onlar digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olurlar. Eyni zamanda bəy-gəlin maşınını müşayiət edən belə şəxslər şadlıq saraylarının yaxınlığında olan yollarda dayanma və durma qaydalarına da əməl etmirlər və nəticədə hərəkətin ləngiməsinə səbəb olurlar. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi “toy karvanları"nda iştirak edən sürücülərdən bir zolaq üzrə yolun sağ tərəfində sıra ilə hərəkət etmələrini xahiş edir ki, yollarda sıxlığın yaranmasına səbəb olmasınlar".
 
 “Toy kortejləri”nin paytaxt küçələrində hərəkətinin qanunsuz olduğunu vurğulayan hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, yol hərəkəti qaydalarına görə, avtomobillərin dəstə halında hərəkəti yalnız dövlət əhəmiyyətli xüsusi tədbirlərdə mümkündür. Hansı ki, həmin mütəşəkkil nəqliyyat dəstəsinin önündə və arxasında Yol Patrul Xidmətinin maşını olmalıdır:
 “Qalan bütün hallarda dəstə halında avtomobillərin hərəkəti yolverilməzdir. Sözün açığı, "toy karvanları”nı qanunla qadağan etmək əsassız olduğu üçün onlara qarşı mübarizə bir qədər çətin prosesdir: "Bütün bu problemlər cəmiyyətdən qaynaqlanır. Hər şey mədəniyyətdən və ictimai təfəkkürdən asılıdır. Cəmiyyət özü ictimai qaydalara riayət etməlidir. Toy karvanlarındakı maşınların avtoxuliqanlıq etdiyini nə qədər görmüşük. Səs siqnallarından lüzumsuz yerə istifadə edirlər, qarşı yola çıxırlar, süni sıxlıq yaradırlar, yolun hərəkət hissəsini tuturlar, maşınların hərəkətinə mane olurlar, işıqforda da dayanmırlar. Sanki toy karvanındakılar xüsusi imtiyaz sahibidirlər. Hər kəs qanunlara, ictimai qaydalara uyğun davranmalıdır. İnsanda gərək mədəniyyət olsun, etik davranışları bilsin. Maarifləndirmə işi aparılmalıdır ki, belə kobud hərəkətlərə yol verilməsin. Sürücülər də düşünməlidir ki, onun hansısa səhlənkarlığı, səhv hərəkəti faciələrə səbəb ola bilər. Toy yasa çevrilər.
Ümumiyyətlə, cəmiyyətimizdə ətrafdakıları nəzərə almaq, insanların rahatlığını pozmamaq, istirahətlərinə mane olmamaq mədəniyyəti zəifdir. Hər kəs özünü, öz rahatlığını, öz kefini düşünür. Biz cəmiyyətin bir üzvüyüksə, cəmiyyətin tələblərinə hörmət etməliyik”.
 
 Ə.Hüseynov cəzaların sərtləşdirilməsinin tərəfdarı olmasa da, qanunu pozanlara qarşı müəyyən ölçü götürülməsinin zəruri olduğunu deyib: 
"Təbii ki, cəzaları sərtləşdirməklə problemi aradan qaldırmaq mümkün görünmür. Sadəcə olaraq, hər bir halda hər bir cinayətə, hüquq pozuntusuna görə cəzaların labüdlüyü, yəni tətbiq olunacağı inancı formalaşsa, istər-istəməz hüquq pozuntuları və cinayətlər azalacaq. Hesab edirəm ki, o cür bəy-gəlin maşınları sahiblərinə qarşı yumşaq davranış sərgiləndiyinə görə belə arxayınlıq yaranır”.

  “Toy karvanı” probleminin ancaq Azərbaycanda aktual olduğunu vurğulayan Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı “Sherg.az"a açıqlamasında deyib ki, bildiyimiz, eşitdiyimiz ölkələrin heç birində toy karvanının insanlara narahatlıq verməsi, qəzalara, ölümlərə səbəb olmasını eşitməmişik.  
  E.Bayramlının sözlərinə görə, problemin həlli toy karvanına qadağadan keçmir. Toy karvanının olması bizim qədim adət-ənənəmizdir: 

“Dədə- babadan toy karvanları olub, lakin heç vaxt da indiki kimi  xoşagəlməz hallar yaşanmırdı. Deməli, problem bizim insanların beynindədir. Problem psixoloji problemləri olan insanların özündə və onların törətdiyi hərəkətlərdədir.
  Gəlini evindən çıxarılıb aparılması normal halda bir neçə maşından ibarət karvanın müşayiəti ilə ola bilər. Əlavə səs-küy salmadan və yol hərəkət qaydalarına riayət etmək şərti ilə.
Digər hallarda mütləq bu "şou" göstərən karvanlar saxlanılmalıdır. Təqsirkarlar cəzalandırılıb, protokol tərtib edilməlidir, ağır cərimələr verilməlidir.
Toy karvanlarında bəzən sürücülük vəsiqəsi olmayan yeniyetmələrə valideyinlər avtomobillərin idarəsini tapşırırlar. Bunun nəticəsində isə ağır avtomobil qəzaları törədilir. Belə valideynlər həbs olunmalı, maşınları isə müsadirə edilməlidir.
Bu gün Azərbaycanda demək olar ki, ictimai mühiti səs-küylə pozanlar cəzasız qalır. Buna görə də toy maşınının müşayiəti zamanı kim ürəyi necə istəyirsə elə davranır və biabırçılıqlar törədir. Əgər ağır cəza və cərimələr olsa, bu hallar aradan qalxacaqdır. Bütün nümunəvi ölkələrdə bu cür problemlər yalnız cəzalandırma yolu ilə öz həllini tapıb. Bunun başqa həll yolu yoxdur. Bizim cəmiyyətdə hər hansı bir problemin maarifləndirmə ilə həlli tarixdə görülməyib”.
Seçilən
74
sherg.az

1Mənbələr