AZ

Ermənistan ordusunda ÖZBAŞINALIQ: Dinc dövrdə ölüm hallarının SƏBƏBLƏRİ + FOTO

Son dövrlər Ermənistan silahlı qüvvələrində qeyri-döyüş şəraitində ölüm hallarının sayı artıb. Ermənistan mediasının yaydığı məlumata görə, iyulun 3-də müqaviləli əsgər Sarkis Xaçatryan, sentyabrın 2-də hərbçi Edqar Aleksanyan, sentyabrın 6-da isə əsgər Vahe Arutyunyan naməlum şəraitdə güllə yarasından ölüb.

Əgər sərhəddə həmin tarixlərdə atəşkəsin pozulmadığını, hər hansı döyüş əməliyyatının, hərbi tapşırığın baş tutmadığını nəzərə alsaq, erməni hərbçilərin ölümünə səbəb nədir? Bu hadisələr Ermənistan ordusu ilə bağlı hansı gerçəkliyi üzə çıxarır?

Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Şair Ramaldanov bildirib ki, Ermənistan ordusunda belə hadisələrin baş verməsi ilk və son hal deyil.

Onun sözlərinə görə, son zamanlar belə hadisələrin sayı daha da artıb: “Belə hallar Ermənistan ordusundakı ağır vəziyyəti ortaya çıxarır. Görünür ki, hərbi qulluqçular yeni silah-sursatla davranış, təhlükəsizlik qaydalarına riayət etmirlər. Digər tərəfdən, Ermənistan ordusunda psixoloji vəziyyət, gənc hərbi qulluqçular arasında münasibət çox gərgindir. Niyə gərgindir? Ona görə ki, ordusu darmadağın edilmiş bir ölkənin hərbiçiləri artıq qarşıda güclü Azərbaycan əsgər və zabitini, qüdrətli Silahlı Qüvvələrini görürlər. Bu reallığı qəbul etmək istəmir, mütəmadi olaraq atəşkəsi pozur, hansısa təxribata əl atır, pozuculuq prosesinin iştirakçıları olurlar. Bu da əlbəttə psixoloji gərginliyə səbəb olur. Ona görə ki, indiyə qədər onlar “güclü erməni ordusu” kimi bir mifin qurbanı idilər. Torpaqlarımızı işğal altında saxladıqları üçün onlar düşünürdülər ki, Azərbaycanla istədikləri formada danışmaq, hərəkət etmək, hətta müharibə başlayarsa ölkəmizə asanlıqla qalib gəlmək, əlavə ərazilərimizi işğal etmək mümkündür. Bu eyforiyanı Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində darmadağın etdi. Belə reallıq fonunda Ermənistan ordusunda xidmət edən, istənilən atəşkəs pozuntusu və təxribata Azərbaycan hərbçilərinin tutarlı cavabını görən, sərt xəbərdarlıqları eşidən erməni əsgərləri psixoloji gərginlik yaşayırlar”.

Hərbi ekspert deyib ki, ermənilər güclü müqavimətlə rastlaşdıqca zəifliklərini bir o qədər anlayır və hansısa qüvvələrin qurbanı olmaq istəmirlər: “Bu proses həm şəxsi heyətin, həm də kiçik komandirlərin arasında baş verir. Şəxsi heyətə də rəhbərlik edən elə həmin kiçik komandirlərdir. Bu gün Ermənistan ordusunda bir necə istiqamət üzrə parçalanma hiss olunur. Bu zəif ordunun bir qismini vaxtilə Qarabağda cinayətlər törədən, separatçıların rəhbərlik etdiyi silahlı quldur dəstənin qalıqları təşkil edir. Digər qisim hərbçilər isə Ermənistandan olan əhalinin nümayəndələridir. Hələ sovet zamanından Qarabağda yaşayan ermənilərlə Ermənistanda yaşayan ermənilər arasında daim problemlər olurdu. Onlar bir-birilərini qəbul etmirdilər. Hazırda üçüncü parçalanma qərbyönümlü ermənilərdir. Hansı ki, artıq müəyyən təlimatlar alıb, kurslar keçib, Qərb tərəfindən tədbirlərə cəlb ediliblər. Onlar Qərbin və ABŞ-nin ideologiyasının təsiri altında olan hərbiçilərdir. Dördüncü parçalanma isə Rusiya meylli olan komandir heyətinin mövcudluğudur. Onların nəzarəti altında olan şəxsi heyət Rusiyanı dəstəkləyir. Bu formada artıq Ermənistan ordusu demək olar ki, 4 yerə parçalanmış olur. Belə olduğu halda ayrı-seçkilik məsələləri daha çox qabarır, silahlı qüvvələrdə tabesizlik, münaqişə, ölüm halları müşahidə olunur”.

Ş.Ramaldanov söyləyib ki, Ermənistan maliyyə çatışmazlığından əziyyət çəkdiyi üçün ordusunda döyüş hazırlığını lazım olan səviyyədə təmin edə bilmir: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurmuş Ermənistan bu təşkilat xətti ilə keçirilən hərbi təlimlərdən məhrum olub. Bundan başqa, Ermənistan ordusunun komandir heyəti, eləcə də digər hərbçilər ölkə daxilində çoxsaylı sosial problemlərlə üzləşirlər. Belə olduğu halda əsgərlə komandirlərin münasibətləri də nizamnamədən kənar şəkildə qurulur. Bu gün Ermənistan ordusunda baş verən xoşagəlməz prosesləri mediada asanlıqla izləmək olur. Komandirlərin rüşvətxorluğu, böyük zabit heyətinin korrupsiyaları, hərbçilərin təzyiq və təhdidlərə məruz qalmaları, yerlibazlıq və sair bu kimi neqativ hallar Ermənistan mediasında tez-tez müzakirə olunan məsələlərdir. Sovetdən miras qalmış “dedovşina” münasibətləri Ermənistan ordusunda indi də hökm sürməkdədir. Hazırda Ermənistan ordusunda xidmət edən əsgərlərin faciəvi şəkildə ölməsində, yaxud öldürülməsində sadaladığım faktorlar əsas rol oynayır”.

Nailə QASIMOVA

Seçilən
87
50
medianews.az

10Mənbələr