Elm sahəsi, elmi mərkəzlərin, tədqiqat institutlarının fəaliyyəti daim cəmiyyətin diqqət mərkəzindədir. Azərbaycanda elm sahəsində islahatların keçirilməsi son illər daha çox aktualdır.
Elmin müxtəlif sahələrindən aparılan tədiqatların iqtisadiyyatda payı əsas diqqət çəkən məsələlərdən birdir. Bir çoxları düşünür ki, elm sahəsində islahatların daha dərindən aparılması, bu sahədə mövcud problemlərin aradan qalıdırılması üçün qanunvericilikdə əlavə və dəyşikliklərə ehtiyac var. Azərbaycanın tamamilə yeni bir dövrə qədəm qoyduğunu və dövlətin elmdən proqressiv gözləntiləri olduğunu deyən elm adamlarının fikrincə, qanunvericilik bir qədər də təkmilləşdirilməlidir.
Azərbaycanda “Elm haqqında” Qanun 2016-cı ildə qəbul olunub. Qeyd olunur ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.
24 iyun 2023-cü ildə “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 907-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2005-ci il 14 iyul tarixli 258 nömrəli, “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 9 avqust tarixli 1009 nömrəli, “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2020-ci il 30 dekabr tarixli 1226 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı olub.
Azərbaycanda “Elm haqqında” Qanun müasir çağırışlara cavab verirmi? Ümumiyyətlə, elmlə bağlı qanunvericiliyin vəziyyəti necədi? Nələrə ehtiyac var? Bu qanun islahatları əhatə edə bilirmi?
“Bu sahələr üzrə qanunlarda yeniliklərin tətbiq olunması ilə bağlı töhfələrini verəcəklər”
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “Elm haqqında” Qanun qəbul edilməsindən böyük müddət keçməyib. “Qanun bir neçə il bundan əvvəl qəbul olunub. Hesab edirəm ki, “Elm haqqında” Qanunun qəbul olunması ilə ölkəmizdə elmi fəaliyyətin hüquqi bazası formalaşmış oldu. Əlbəttə, hər bir qanunda olduğu kimi, “Elm haqqında” Qanunda da zamanla ayaqlaşa biləcək, həmçinin də zaman-zaman yeniləşməyə açıq məqamlar var. Çünki bütövülkdə dünyada elm, elmi-texniki tərəqqi çox sürətlə özünü göstərir, inkişaf edir. Ölkəmizin gələcəyini təbii, elmdə, elmi texniki tərəqqidə, elmi texnologiyalarda görürüksə, düşünürəm ki, qanunlarımızda da zaman-zaman dəyişikliklərin, əlavələrin, yeniliklərin olmasında maraqlı olmalıyıq. Çünki qeyd etdiyim ki, hüquqi baza rolunu oynayan qanun fikrimcə, həm də reallaşdırmaq istədiyimiz ideyaların həyata keçirilməsi üçün vacibdir. VII çağrış Milli Məcslis yeni formalaşıb və Milli Məsclisin Elm və Təhsil Komitəsinin üzvlərinin böyük əksəriyyəti ilə tanışam, münasibətim var, onların peşəkarlığına heç bir şübhəım yoxdur. Hesab edirəm ki, bizim çox dəyərli elm və təhsil adamlarımız komissiyada yer alıblar. Düşünürəm ki, məhz onların fəaliyyəti elm və təhsillə bağlı qanunvericiliyə yeni nəfəs gətirməkdir, bu sahələr üzrə qanunlarda yeniliklərin tətbiq olması ilə bağlı töhfələrini verəcəklər”.
“Elm haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsi zəruridir”
Konkert olaraq bu gün hansı dəyişikliklərin zəruri olduğu məsələsinə gəlincə, İ.Orucov qeyd etdi ki, bu müzakirələr zamanı üzə çıxacaq. O, ümid edir ki, Elm və Təhsil Komissiyası müzakirələrə bu sahə üzrə mütəxəssisləri cəlb edəcək, onların fikirləri ilə maraqlanacaq. “Eyni zamanda bilirsiz ki, vaxtlə “Elm haqqında” Qanun qəbul edilərkən ölkəmizdə elmi-texniki siyasəti mərkəzi icra hakimiyyəti orqanı funksiyasını ali elm təşkilatı kimi Azərbaycan Milli Elmlər Akademiyası həyata keçirirdi. Amma Cənab Prezidentin fərmanı ilə artıq bu səlahiyyət əslində Elm və Təhsil Nazirliyinin yaradılması ilə bu nazirliyin üzərinə qoyuldu. Hesab edirəm ki, məhz cavabdeh qurumun Elm və Təhsil Nazirliyi olduğunun qanunda yer alması vacibdir. Təbii ki, təkcə bu texniki məsələ kimi yox, eyni zamanda yeni çağrışlara rəğmən biz qanunda dəyişikliklər, əlavələr və yeniliklər etmək zərurətini başa düşməliyik. Digər tərəfdən, Azərbaycan artıq yeni çağrışlar ərəfəsindədir. Qeyd etdiyim kimi, həm dünyanın elmi-texniki tərəqqisi, eyni zamanda Azərbaycanda artıq yeni dövrün başlanması, postmüharibə dövründə elmin qarşısında duran vəzifələr, həmçinin bu məqsədlə elm adamlarının, elmi müəssisələrin daha effektiv fəaliyyət göstərməsi üçün fikrimcə, “Elm haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi zəruridir”.
İ.Orucov ümid edir ki, parlamnetin Elm və Təhsil Komitəsi məhz bu istiqamətdə çalışacaq. Z.Orucov deyir ki, komitə bu sahədə yalnız aidiyyatı qurumların fikirlərini öyrənməkə kifayətlənməsinlər, həm də bu istiqamətdə təcrübəsi, fəaliyyəti olan ekspertlərin, elm və təhsil adamlarının fikirlərinə açıq olsunlar. “Hesab eidrəm ki, bu istiqamətdə mütləq şəkildə ictimai dinləmələrin keçirilməsi vacibdir. Əminəm ki, Elm və Təhsil Komitəsi, onun sədri hörmətli professor Anar İsgəndərli bu məsələdə maraqlı olacaq, komitənin bütün üzvləri bu məsələdə yeni fikirlərə açıq olacaqlar. İnanıram ki, onlar bu kimi məsələlərlə bağlı mütləq şəkildə ictimai müzakirələrin keçirilməsini təşkil edəcəklər və təklif olunan hansı dəyişikliklərin bu qanunda öz əksini tapmalı olduğu barədə fikirləri dəyərləndirəcəklər”-deyə İ.Orucov bildirdi.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.