“Azərişıq” ASC paytaxt və regionlarda elektrik şəbəkələrinin yenilənməsi işlərinə paralel olaraq fermer və sahibkarların rahat fəaliyyəti, yaranan problemlərin aradan qaldırılması məqsədilə bölgələrdə mütəmadi görüşlər keçirir, onların fikirləri, təklifləri, tövsiyələri dinlənilir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən belə görüşlərdən biri Tovuzda baş tutub.
Heydər Əliyev Mərkəzində keçirilən görüşdə 50-dək sahibkar və yerli sakin iştirak edib. Tədbirdə “Azərişıq” ASC-nin ASAN xidmətlə iş departamentinin direktor müavini İnam Yusifov, qurumun mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Vaqif Mustafayev iştirak edib.
Görüş zamanı sahibkar və fermerlərə “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir işləri barədə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, dövlət başçısının tapşırıqları əsasında bu gün ölkənin ən ucqar dağ rayonlarında belə ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif gücdə yarımstansiyalar tikilir, müasir transformatorlar quraşdırılır. Müasir şəbəkələrin qurulması enerji itkisinin qarşısının alınması ilə yanaşı əhali və qeyri-əhali abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına hesablanıb. Bütün regionlarla yanaşı bu işlər həm də Qarabağ və Şərqi Zəngəzurda tam gücü ilə aparılır.
Həmçinin qurumun elektron xidmətləri barədə sahibkarlarla maarifləndici söhbətlər aparılıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmə imkanları ətraflı izah olunub. Fermerlərin və yerli sakinlərin müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll edilib.