AZ

Bir Emmanuelin sevgilisi, bir Emmanuelin sələfi - d'Esten dastanı

Ermənistan hökuməti Fransadakı səfirlik üçün 23 milyon avroya yeni bina alıb. Diplomatik korpusun hazırda yerləşdiyi binanın mülkiyyət hüququ İrəvana məxsus deyil.

Yeni bina Parisin 16-cı dairəsində yerləşir və tarixi memarlıq abidəsi kimi qeydə alınıb. Erməni mətbuatı yazır ki, 1956-cı ildən bina 5-ci Fransa Respublikasının üçüncü prezidenti Valeri Jiskar d'Estenə məxsus olub. Binanın bir-birini əvəz edən üç girişi var. “Benouville 11” ünvanındakı girişdə “1956-2020-ci illərdə bu evdə prezident Valeri Jiskar d'Esten yaşayıb” bildirən lövhə də mövcuddur.

Valeri Jiskar d'Estenin həyat yoldaşı, aristokratik mənşəli Ann Aymon d'Esten, 2022-ci ildə “Druot” hərrac evinin nəşrinə bildirib ki, ərinin ölümündən sonra Benouville küçəsindəki mənzildə tək yaşamaq istəmir.

Mühüm əşyaları götürdükdən sonra evdə qalan ən azı 181 ədəd əşya “Druot” evi tərəfindən hərraca çıxarılaraq 1,3 milyon avrodan çox qiymətə satılıb. Fransa mətbuatının məlumatına görə, 2022-ci ilin sentyabrında xanım Jiskar d'Esten evi 19 milyon avroya satıb. Bu isə belə daşınmaz əmlak üçün kifayət qədər təvazökar qiymətdir.

Ermənistan binanı “Pavillon de Lamballe” şirkətinin rəhbəri, fransız sahibkar Çarlz Beqbederdən alıb. 2008-ci ildə nəşr olunan “Prezidentlərimizin pulu: de Qoll, Pompidu, Jiskar d'Esten, Mitteran, Şirak, Sarkozi” kitabında qeyd olunub ki, Jiskar d'Estenin malikanəsinin sahəsi 660 kv.m-dir, buraya 400 kv.m bağ daxildir. Bağ isə binanın arxasında yerləşir və küçədən görünmür.

Prezident Jiskar d'Estenin ailəsi bu mülkü 1984-cü ildə 6,5 milyon franka alıb. Bu da 2024-cü il üçün 2,03 milyon avroya bərabərdir. Eks-prezident bu evdə 1956-cı ildən yaşayıb, sonradan sahibi olub.
Bundan əlavə, Ermənistan səfirliyinin binası “körpü” vasitəsilə Rusiyanın Fransadakı ticarət nümayəndəliyinin yerləşdiyi qonşu binaya bağlanır (ünvan: Fezanderi, 49). “Körpü” Rusiya nümayəndəliyinin binasının bir hissəsidir.

Bir cümlə ilə prezident seçilən ən gənc nazir

deqol.jpg

Valeri Jiskar d'Esten general Şarl de Qollun hakimiyyəti dövründə kabinetin ən gənc üzvü olub. O, Fransa dövlət büdcəsinin bütün əsas rəqəmlərini zehnində saxlamaq kimi heyrətamiz bacarığı ilə məşhur idi. Biznes məsələləri ilə məşğul olmağa nifrət edən Şarl de Qolla iqtisadiyyat və maliyyə ilə bağlı hər hansı sual verildikdə, o, həmişə belə cavab verirmiş: “Jiskar ilə əlaqə saxlayın - onun yaxşı başı var”.

Bu ağıllı adam Fransanın işğal etdiyi Almaniyanın Koblenz şəhərində məmur ailəsində anadan olub. Gəncliyində müqavimət hərəkatında iştirak edib, 1950-ci illərdə politexnik məktəbi və Ali İdarəetmə Məktəbini bitirdikdən sonra özünə sürətli siyasi karyera qurur. O, 29 yaşında Milli Assambleyanın üzvü, 36 yaşında isə Fransa tarixində ən gənc maliyyə naziri olur.

val-4.jpg

1974-cü ildə prezident Jorj Pompidunun ölümündən sonra növbədənkənar seçkilər təyin olunur və Valeri Jiskar digər namizəd Fransua Mitteranı məğlub edir. Özü deyirmiş ki, on sözdən ibarət bir cümlə sayəsində prezident olub.

O, teledebat zamanı əhalinin həssas təbəqələrinin qayğısına qalmaqla bağlı uzun və yorucu vədlər verən rəqibinin sözünü kəsərək deyib: “Ancaq, cənab Mitteran, sizin ürəklərdə monopoliyanız ola bilməyəcək!”. Replika bir gecədə d`Estenə 500 min səs gətirib.

Blinken Jiskarın məğlubiyyətinə sevinib, məqalə yazıb

Jiskarın 1974-1981-ci illərdəki prezidentlik dövrü olduqca mübahisəli olub. 1975-ci ildən başlayaraq, Rambuyedə Jiskar d'Esten tərəfindən təklif edilən görüşdən sonra sənayeləşmiş ölkələrin başçıları arasında danışıqlar müntəzəm xarakter alıb və birləşmə prosesi xeyli sürətlənib. Lakin Fransanın özündə d'Estenin populyarlığı 1970-ci illərin sonunda kəskin şəkildə aşağı düşüb.

val-5.jpg

Jiskar d'Esten həm siyasətdə, həm də şəxsi həyatı ilə gündəmə gəlmişdi. “Mən on yeddi milyon fransız qadınına aşiq idim”, - deyən Jiskar d'Esten1952-ci ildə 19 yaşlı əmisi qızı Ann Aymon ilə evlənib. Bu izdivacdan onların dörd övladı dünyaya gəlib. Jiskarın fırtınalı romanları hətta xarici mətbuatda müzakirə mövzusu idi. Onun ən məşhur məşuqəsi dövrün seks simvolu, “Emmanuelle” rolunu oynayan aktrisa Silviya Kristel olub. Onlar 1974-cü ildə Jast Jekin filminin nümayişindən sonra, hətta Valeri Fransa prezidenti olmazdan əvvəl tanış olublar.

Keçmiş prezident onunla sevgili olduğunu gizlətməyib. Elə S.Kristel də əlaqələrini danmayıb. Yəni indiki Ermənistan səfirliyində onların çox gizli görüşləri olub. Silviya təkcə rəsmi qəbullara və xaricə səfərlərə dəvət edilmirdi, həm də tədbirlərə sahiblik edirdi.

dian.jpg

Valeri Jiskar d`Esten 2009-cu ildə “Şahzadə və prezident” adlı sevgi romanını nəşr etdirib. Əsərin baş qəhrəmanları prezident Jak-Henri Labertye və Kardiff şahzadəsi Patrisiya idi. Hər kəs hesab edirdi ki, əsər Jiskar d'Esten ilə Britaniya şahzadəsi Çarlzın həyat yoldaşı Diana arasında mövcud olmuş gizli sevgidən bəhs edir.

Müəllif yayılan şayiələr haqqında deyirdi: “Diana ilə görüşmək xoş, səmimi idi və mən sadəcə bu kitabla ona rəğbətimi etiraf etmək istədim”.

Jiskar d'Esten saysız-hesabsız rəqəmləri beynində saxlaya bilsə də, Şarl de Qollun dediyi kimi, insanları başa düşmürdü. Xalq da öz növbəsində prezidentin apardığı islahatları başa düşməyib. Nəticədə 1981-ci il seçkilərində o keçmiş rəqibi Fransua Mitterana uduzub.

val-3.jpg

Hətta o zaman Harvard Universitetində tələbə olarkən ABŞ-ın hazırkı dövlət katibi Entoni Blinken “The Crimson” qəzeti üçün Fransua Mitteranın seçkilərdə qazandığı qələbə haqqında məqalə yazıbı. İndiki demokrat vaxtında sosialist hərəkatının liderlərindən birinin qalibiyyətinə sevinmişdi. Jiskar d'Esten yalnız 2001-ci ildə, əsas vəzifəsi vahid Avropa üçün konstitusiya hazırlamaqdan ibarət olan Avropa İttifaqı konvensiyasına rəhbərlik edərkən xatırlandı.

Türkiyənin düşməni, Rusiyanın dostu

Siyasətçi ilk dəfə olaraq avropalı diplomatlar arasında Türkiyənin Avropa İttifaqına daxil olmasına qarşı olduğunu bəyan edib. Digər siyasətçilər məsələnin öz-özünə unudulması üçün bu barədə az danışmağa üstünlük verirdilər. Təbii ki, onlar bunu öz seçicilərinə deməyə də həvəs göstərmirdilər. Lakin o, fikrini aydın formada deməkdən çəkinmədi.

Onun Rusiya ilə möhkəm əlaqəsi olub. Keçən əsrin 70-ci illərində, soyuq müharibə dövründə Valeri Jiskar d'Esten Avropa ilə Rusiya arasında mövcud qarşıdurmanın fəal əleyhdarı idi.

1979-cu ildə Valeri Jiskar d'Esten Moskvaya səfər edib və Sov.İKP MK-nın baş katibi Leonid Brejnevlə görüşüb. Brejnev ABŞ-ın dövlət katibi Henri Kissincerdən fərqli olaraq fransalı siyasətçini Moskva yaxınlığında, 19-cu əsrə aid, taxtadan hazırlanmış və əla Rusiya mətbəxi təklif edən “Rus daxması” restoranına dəvət edib.

pitjis.jpg

Rusiya tərəfindən Krımın ilhaqından bir il sonra 89 yaşlı Valeri Jiskar d'Esten yenidən Moskvaya səfər edib. Rusiya prezidenti Vladimir Putinlə görüşüb, Moskva Dövlət Universitetinin tələbələri qarşısında mühazirə oxuyub. Ukraynanın “Sülhməramlı” (Миротворец) saytında dərc edilən ən səs-küylü bəyanatı Krıma aid olub. “Tarixi öyrənmək lazımdır. Krım heç vaxt Ukraynanın olmayıb”, – Valeri Jiskar d’Esten gözlənilmədən deyib.

Beləliklə, hazırkı prezident Emmanuel Makronun sələfi mübahisəli bəyanatlar verməkdən çəkinməyib. Görünür, bu, Fransada bir ənənədir: prezidentlər mütləq tarixdə öz şəxsi həyatları və səs-küylü açıqlamaları ilə qalırlar.

İlkin Nəcəf

phrase_var_article.chosen
100
musavat.com

1phrase_var_article.sources