AZ

Erməni saxtakarlığı və hiyləgərliyi sərhəd tanımır

Yalanlar uydurmaqla məşğul olan haylar heç bir əsas olmadan orta əsr Azərbaycan şəhəri olan İrəvanı e.ə. 782-ci ildə, yəni regionda ermənilərin əcdadlarının izlərinin hələ olmadığı zamanda salınmış Erebuni qalası ilə eyniləşdirir və bu şəhəri dünyanın ən qədim şəhəri hesab edərək növbəti dəfə yubiley mərasimi keçirməyə hazırlaşırlar

Ermənilər İrəvanın tarixini saxtalaşdırmaqla onu “qədim erməni şəhəri” kimi qələmə vermək işinə hələ keçən əsrin 60-cı illərində, Sovet hakimiyyətinin mövcudluğu dövründə başlayıblar. İrəvanı “Erebini” kimi “tarixə” salmaq istəyiblər. Saxtalaşdırmanı rəsmiləşdirmək üçün “Erebuniyə” yubuleylər keçiriblər. Erməni mətbuatının yaydığı xəbərə görə, hazırda Ermənistanda “Erebuni”nin “2806 illiyini” keçirməyə hazırlaşırlar. Özləri də yazırlar ki, “Ermənistanın 13-cü paytaxtının 2806-cı ildönümünə həsr olunmuş Erebuni-Yerevan bayramı oktyabrın 13-də  keçiriləcək”. Erməni mətbuatı yazır ki, ilk “rəsmi” “Erebuni-Yerevan festivalı” 1968-ci ilin oktyabrında “paytaxtın yaradılmasının 2750 illiyi” ilə əlaqədar baş tutub. “Yubiley” şənlikləri təxminən bir həftə davam edib. Yazırlar ki, İrəvanın tarixindən bəhs edən yeni kitablar nəşr edilib, İrəvanın məişətindən bəhs edən yeni filmlər çəkilib, yeni mahnılar yazılıb, müxtəlif yubiley suvenirləri buraxılıb. Məlumata görə, haylar 1968-ci ildə öz saxta tarixlərinə elə aludə olublarmış ki, hətta “gül və mahnı bayramı” keçiriblər, “bu festivalda” 2750 nəfərdən ibarət xor ilk dəfə olaraq “Erebuni-İrəvan” himnini ifa edib. Onu da yazırlar ki, “Arin-Berd” təpəsinin ətəyində “İrəvan Fondu Muzeyinin” açılışı olub. Yazırlar ki, həmin dövrdə muzeyə bitişik küçənin adı dəyişdirilərək “Erebuni” qoyulub, 2750 fəvvarədən ibarət meydan açılıb, “Respublika meydanında” “abidə” ucaldılıb.

Tarixçilərin də qeyd etdiyi kimi, müxtəlif dövrlərdə İrəvan şəhərinin yerləşdiyi ərazi Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar, çar Rusiyası dövlətlərinin tərkibinə daxil olub. Yalnız 1918-ci ildə Cənubi Qafqazda ilk erməni dövləti yarandıqdan sonra İrəvan şəhəri Ermənistanın paytaxtına çevrilib. Yalnız Azərbaycan türklərinin məskun olduqları bu şəhərin adı orta əsr yazılı mənbələrində Rəvan, İrəvan, İrivan kimi qeyd edilib. XIX əsrin əvvəllərində çar qoşunlarının işğalından sonra şəhərin adı Erivan kimi yazılıb. Bu şəhər 1936-cı ildə Yerevan adlandırılıb. Erməni tarixçiləri şəhərin adının Urartu çarı I Argiştinin dövründə (eramızdan əvvəl 782-ci ildə) salınmış Erebuni (İrpuni) qalasının adı ilə bağlamağa çalışırlar. Erebuni qalası yalnız hərbi-istehkam məqsədilə inşa edilmiş və onun ətrafında heç vaxt şəhər infrastrukturu formalaşmamışdı. Urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də zaman baxımından əlaqəsi olmamışdır. Qədim İrəvan yaşayış məntəqəsi ilə 1950-ci ildə arxeoloji qazıntılar zamanı üzə çıxan Erebuni qalası arasında xeyli məsafə olub. Yalnız XX əsrin ikinci yarısından Erebuni qalasının yerləşdiyi Qanlı təpə şəhərətrafı əraziyə daxil edilib. İrəvan toponiminin “ermənicə danışan” Nuh peyğəmbərlə bağlanması da erməni tarixçilərinin yalan uydurmaqda necə mahir olmalarının göstəricisidir. Erməni yazıçı Xaçatur Abovyan “Kratkiy istoriçeskiy oçerk qorod Erivani” başlıqlı məqaləsində yazır ki, bu, tamamilə uydurmadır. Bu şəhər 1441-ci ildən, Cahan şah dövründə məşhurlaşmışdır.

İlk mənbələr təsdiq edir ki, indi Ermənistan adlandırılan əraziyə haylar (ermənilər) ilk dəfə xristianlığın dövlət dini səviyyəsinə yüksəlməsindən sonra missionerlər kimi gəlmişlər. Haylar ərəb xilafəti dövründə İslam dinini qəbul edən aborigen türkmənşəli boyların tərk etdikləri dini məbədlərə sahib çıxıb, həmin məbədləri kilsəyə çevirib, elə oradaca saxta tarix əsərləri quraşdırılıb. Ermənilərin İrəvan ətrafında məskunlaşması 1441-ci ildə erməni katolikosluğunun iqamətgahının Kilikiyadan Valarşabad kəndindəki Üçmüəzzin (Üçkilsə) kilsəsinə köçürülməsindən sonra başlanıb. İrəvan şəhəri bir mərkəz kimi Çuxur-Səəd bəylərbəyliyi və İrəvan xanlığı dövrlərində sosial-iqtisadi cəhətdən sürətlə inkişaf edib. Zəngi çayı və Gedər çaylarının arasında yerləşən İrəvan şəhəri şimal-qərb və şimal-şərq tərəfdən dağlarla və təpələrlə, cənub və cənub-qərb tərəfdən isə əkinə yararlı rəvan vadi ilə əhatə olunmuşdu. İrəvan qalası Zəngi çayının sol sahilindəki sıldırımlı təpənin üzərində salınmışdı. Türk səyyahı və coğrafiyaşünası Övliya Çələbi İrəvanı yaşayış məntəqəsi kimi XV əsrin əvvəllərinə aid edir. Övliya Çələbi yazır ki, Səfəvilər dövlətinin başçısı Şah İsmayıl hicri 915-ci ildə (1509-1510) qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş verib, o da öz növbəsində 7 ilə qalanı tikdirərək adını “Rəvan” qoyub.

İrəvan şəhəri 4 massivdən ibarət olub: Qala (yaxud içəri şəhər), Şəhri (yaxud bayır şəhər), Təpəbaşı (hazırda Kond adlanır) və Dəmirbulaq (hazırda Karanki tağ adlanır) massivləri. Qala ilə digər yaşayış massivləri arasında Bazar meydanı və bağlar mövcud idi. Şəhri məhəlləsi Qırxbulaq (yaxud Gedər) çayının sağ sahili ilə İrəvan qalasına kimi uzanırdı. Şəhərin mərkəzi bazarı və bütün meydanları, bir çox karvansaraları və hamamları bu hissədə yerləşirdi. Təpəbaşı məhəlləsi Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə yerləşirdi. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Hüseynqulu xana məxsus məşhur Xan bağı və Yay köşkü Zəngi çayının sağ sahilində yerləşirdi. Dəmirbulaq məhəlləsi Şəhri məhəlləsindən cənub-şərqdə, İrəvan qalasının şərqində yerləşirdi. 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra müstəqil xanlıqlar yaranıb və İrəvan şəhəri eyniadlı xanlığın mərkəzi olub. Türkmənçay (1828) və Ədirnə (1829) sülh müqavilələrinin imzalanmasından sonra İrəvan azərbaycanlılarının qara günləri başlanıb. İrəvan və Naxçıvan xanlıqlarının işğalından sonra yaradılan yeni inzibati-ərazidə - “Erməni vilayəti”ndə 1829-1831-ci illərdə kameral siyahıyaalma keçirən İvan Şopenin İrəvan şəhərinin əhalisi haqqında verdiyi statistik məlumatlarda şəhərdə 2751 ailənin (11463 nəfər), o cümlədən 1807 müsəlman ailəsinin (7331 nəfər), 567 yerli erməni ailəsinin (2369 nəfər), İrandan köçürülən 366 erməni ailəsinin (1715 nəfər) və Türkiyədən köçürülən 11 erməni ailəsinin (48 nəfər), habelə 46 boşa (xristian qaraçıları) ailəsinin (195 nəfər) yaşadığı göstərilib. 1865-ci ildə İrəvan qalası ərazisinin bir hissəsini Nerses Tahiryan adlı tacir satın alaraq orada şərab zavodu (indiki konyak zavodu) inşa etdirib. 1914-cü ildə Xan sarayının Tiflisdəki Hərb Tarixi muzeyinə təhvil verilən inventarları hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. Tanınmış rus arxeoloqu qrafinya Praskofya Uvarova 1880-ci ildə İrəvan şəhərində olub, Xan sarayının yaxınlığında yerləşən Sərdar məscidini Vereşşaginin fırçasından çıxan tabloya bənzətmişdi.

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası 29 may tarixli qərarı ilə Dağlıq Qarabağa ərazi iddiası sürməmək şərti ilə İrəvan şəhərini paytaxt kimi ermənilərə güzəştə gedib. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra məscidlər bir-birinin ardınca erməni vandalları tərəfindən dağıdılıb və yaxud təyinatı dəyişdirilib. Cənubi Qafqazın ən böyük məscidi olan Göy məsciddə İrəvan şəhərinin tarix muzeyi yerləşdirilib, Zal xan məscidi rəssamların sərgi salonuna çevrilib. Yalnız Dəmirbulaq məscidi 1988-ci ilədək öz məqsədinə xidmət edirdi, hazırda həmin məscid də yer üzündən silinib, onun yerində hündür mərtəbəli bina ucaldılıb. 1924-cü ildə Aleksandr Tamanyanın layihəsi əsasında həyata keçirilən İrəvan şəhərinin rekonstruksiyası, əslində azərbaycanlıların izini silməyə xidmət edirdi. Bunun nəticəsidir ki, İrəvan şəhərində Göy məsciddən savayı yaşı 250 ildən yuxarı bircə dənə də olsun tarix-memarlıq abidəsi qalmayıb.

İndiki Ermənistan ərazisində azərbaycanlılara məxsus tarix-memarlıq abidələrinin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və yaxud özününküləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Təəssüf ki, Ermənistan dövləti cəzasızlıq mühitindən istifadə edərək azərbaycanlıların maddi-mədəni irsini barbarcasına dağıtmaq siyasətini davam etdirir. Erməni vandalları azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin izlərini silməyə, başqa xalqların ayağına yazmağa və yaxud onları öz adlarına çıxmağa çalışsalar da tarixin yaddaşından onları silmək mümkün deyildir. İrəvan şəhəri Azərbaycanın elm, təhsil, mədəniyyət və incəsənət mərkəzlərindən biri kimi, Azərbaycan tarixinin parlaq və silinməz səhifələrindən birini təşkil edir.

Sevinc Azadi, “İki sahil”

phrase_var_article.chosen
92
ikisahil.az

1phrase_var_article.sources