AZ

Qərb seçkiöncəsi Gürcüstanda daxili gərginliyi artırır

Vaşinqtonun Tbilisidəki səfirliyi bu işdə fəallıq göstərir

Son illərdə baş verən siyasi proseslərdə “yumşaq güc” faktorunun önə çıxması bir sıra mühüm məqamlarla izah edilir. Xüsusilə, “demokratiya”, “insan hüquqları” kontekstində aparılan təbliğatlar güclü effekt verir - bunun bariz misalları mövcuddur. Qərbin bu gizli kodla həyata keçirdiyi dövlət çevrilişləri, qarışıqlıqlar, hətta vətəndaş müharibələri hələ də dünya xəritəsini “bəzəməkdədir”. Sirr deyil ki, bu kimi məqamlarda ən çox önə çıxan həmin ölkələrdəki səfirliklərdir - xüsusi diplomatik toxunulmazlığa malik olan səfirliklər sanki bəzi dövlətlərin daxili işlərinə qarışmağı özünün vəzifə borcu kimi müəyyənləşdirib. Əhəmiyyətli siyasi hadisələr - seçki və ya referendum öncələri bu səfirliklər (xüsusilə Qərb ölkələrinin səfirlikləri) təzyiq və ya təsir rıçaqlarını işə salır, ölkə daxilinə yerləşdirdiyi “siyasi minaları” hazır vəziyyətə gətirir, öz maraqlarına uyğun təbliğat və ya qara piar kampaniyası başladır. Təbii ki, bu həm siyasi etikadan kənardır, həm də başqa bir dövlətin daxili işlərinə qarışmaq anlamı verir.

ABŞ səfirliyinə qarşı ittiham...

Bu məsələdə daha çox diqqəti cəlb edən ABŞ-ın səfirlikləridir - xüsusilə post-sovet ölkələrində yerləşən səfirliklər 1990-cı illərdən sonra bu ölkənin əsas “bazası” qismində çıxış edir. Cənubi Qafqazda da analoji proseslər yaşanıb - məsələn, fərqli fondların əli ilə Azərbaycanda “mediayaya dəstək” və ya “vətəndaş cəmiyyətinin inkişafına yardım” adı altında fərqli “kəşfiyyat dəstələri” hazırlanıb. Təbii ki, bu “dəstələr” heç bir fəaliyyəti ilə yadda qalmayıb - onların antimilli fəaliyyəti özünüifşadan uzağa gedə bilməyib.

Ermənistanda isə vəziyyət tamam fərqlidir. Qərbin Ermənistan üzərindən bölgədə yaratmağa çalışdığı qeyri-standart situasiya çoxşaxəliliyi ilə seçilir - “diplomatik korpus” məsələsi burada ən ön plandadır. Məsələn, ABŞ-ın regionda 2 minlik kontingentdən ibarət ən böyük səfirliyi Ermənistanda saxlaması izaholunası deyil. Ermənistanın “siyasi vaciblik indeksi” hansı dərəcədədir ki, ABŞ kimi bir siyasi güc Cənubi Qafqazda məhz Ermənistanı özünün “diplomatik səngəri”nə çevirib. Bu, bir daha onu təsdiqləyir ki, ABŞ hazırki durumda özünün antiregion siyasətini məhz Ermənistan üzərindən tənzimləməyə çalışır.

Gürcüstanda isə bu məsələ bir zamanlar daha qabarıq şəkil almışdı - hətta Tbilisi post-sovet ölkələri miqyasında Qərbin əsas “söykənəcəyi” sayılırdı. Amma son dövrlərdə proses fərqli istiqamətə alıb - özünün milli maraqlarını ön plana çıxaran Gürüstan hökuməti ölkədə xarici təsirləri azaltmaq üçün ciddi fəaliyyətə keçib. “Xarici təsirin şəffaflığı haqqında” və “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunların imzalanması, Qərbin çaxnaşma yaratmaq cəhdinin qarşısının uğurlu alınması kimi addımlar göstərir ki, Gürcüstan hakimiyyəti özünün müstəqil siyasi xəttini formalaşdırmağa çalışır. Bu isə təbii ki, Qərbi, xüsusilə ABŞ-ı qıcıqlandırır - parlament seçkisi öncəsi ölkədə belə bir ab-havanın hakim kəsilməsi Vaşinqtonun planları ilə uyğun gəlmir.  Təsadüfi deyil ki, son günlərdə ABŞ-ın Gürcüstandakı səfirliyinin bəzi qeyri-adekvat addımlarına rast gəlinir ki, bu da siyasi münasibətlər baxımından birmənalı qarşılana bilməz - məsələn, Gürcüstanda seçkiqabağı kampaniyanın ən qızğın vaxtında ABŞ səfirliyinin sosial media səhifəsində “Gürcü Arzusu” partiyası və onun qurucusu Bidzina İvanişviliyə tənqidi yanaşan banerlər görünüb. Beləliklə, ABŞ səfirliyinin bu addımı açıq şəkildə dövlətin daxili işlərinə qarışmaq cəhdi kimi  anlaşılır. Məsələyə münasibət bildirən Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, ABŞ səfirliyi Gürcüstanda dezinformasiya məkanına çevrilib. “Nə qədər xəbər paylaşılsa da, hər biri dezinformasiya və manipulyasiya idi. Bütün xəbərlər dezinformasiya və ya manipulyasiya xarakteri daşıyırdı, bu isə əlbəttə ki, bizim ümumi demokratik dəyərlərimizə ziddir”, - deyə Papuaşvili əlavə edib.

Aİ yeni təzyiq kampaniyası başlatdı...

Vurğulamaq lazımdır ki, qeyd edilən qanunların qəbulunun ardından Qərbin Gürcüstana qarşı münasibətində fərqli ştrixlər üzə çıxıb - ABŞ və Avropa son bir neçə ayda Gürcüstana qarşı demək olar ki, bütün mümkün sanksiyaları tətbiq etməkdən çəkinməyib. Vaşinqton Gürcüstana maliyyə yardımı proqramını, Avropa İttifaqı isə Gürcüstan Müdafiə Nazirliyinin maliyyələşdirilməsini dayandırıb. Eyni zamanda, qanun layihəsinin müəlliflərinin ABŞ-a girişi məhdudlaşdırılıb. Paralel olaraq Gürcüstanın Avropa İttifaqı ilə vizasız rejiminin də ləğvi aktualdır.

İndi isə Avropa Parlamentinin plenar sessiyasında Gürcüstanla bağlı müzakirələrə start verilir. Bu barədə Avropa Parlamentinin saytında məlumat yerləşdirilib. Bildirilib ki, debatda Avropa İttifaqının (Aİ) Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozep Borelin bəyanatla çıxışı planlaşdırılıb. Debatın mövzusu Gürcüstanda demokratik geriləmədir. Verilən xəbərə görə, oktyabrın 9-da müzakirələrin yekunu olaraq qətnamə səsə qoyula bilər.

Bir neçə gün öncə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski də açıqlamasında bildirmişdi ki, yaxın günlərdə Gürcüstan məsələsi Avropa Parlamenti və liderləri tərəfindən müzakirə olunacaq. O qeyd etmişdi ki, Gürcüstan məsələsinin müzakirə olunması yaxşı əlamət deyil: “Avropa Komissiyasının genişlənmə hesabatında Gürcüstanla bağlı müsbət qiymətləndirmənin olması ehtimalı azdır. Avropa İttifaqının Gürcüstanla üzvlük danışıqlarına başlaması ehtimalı çox azdır. Yaxın günlərdə Gürcüstandakı cari vəziyyət 27 üzv ölkə arasında müzakirə olunacaq. Gürcüstanla bağlı parlament debatı keçiriləcək və Aİ-nin Ali nümayəndəsi həmin debata çıxış üçün dəvət edilib. Oktyabrın 14-də isə Aİ-nin xarci işlər nazirlərinin iclası keçiriləcək və Gürcüstan rəsmi şəkildə görüşün gündəliyinə əlavə edilib”, - deyə səfir qeyd vurğulamışdı. Parvel Herçinski Aİ-nin genişlənmə hesabatının Gürcüstandakı seçkilərdən bir neçə gün əvvəl dərc ediləcəyini deyib.

Beləliklə, seçki öncəsi Qərbin  bütün gücünü səfərbər etdiyini şahidi oluruq - əllərində olan bütün imkanlarla Tbilisiyə təsir göstərməyə çalışan ABŞ-Aİ qruplaşması parlament seçkilərində öz maraqlarını qorumağa çalışır. Bu maraq isə Gürcüstan üzərindən regiona nəzarət mexanizmi formalaşdırmaqdır.

Zurabişvili postunu daha tez təhvil verə bilər...

Ölkənin daxilində də siyasi proseslər qızışmağa başlayıb. Seçkiqabağı təşviqatın ən qızğın dövrünün olmasına baxmayaraq, hakimiyyətin ayrı-ayrı qolları arasındakı fikir ayrılığı qabarıq şəkildə ortaya qoyulur. Gürcüstanın parlament çoxluğu Salome Zurabişviliyə qarşı impiçment proseduruna yenidən başlamaq qərarına gəlib. Xatırladaq ki, 2023-cü il oktyabrın 16-da Gürcüstanın Konstitusiya Məhkəməsi impiçment proseduru çərçivəsində Salome Zurabişvilini konstitusiyanın pozucusu kimi tanıyıb və Gürcüstan Konstitusiyasının 52-ci maddəsi ilə müəyyən edilmiş qaydanı təsdiq edib ki, prezident yalnız Gürcüstan hökumətinin razılığı ilə xarici səfər etmək hüququna malikdir. Konstitusiyanın pozulması təsdiqləndikdən sonra Salome Zurabişvili yalnız radikal müxalifəti təmsil edən parlamentarilərin dəstəyi ilə prezident postunu saxlaya bilmişdi. “Salome Zurabişvili Gürcüstan Konstitusiyasını pozmaqda davam edib. Xüsusilə, impiçment proseduru başa çatdıqdan sonra da o, Gürcüstan hökumətinin razılığı olmadan bir neçə xarici səfər edib, o cümlədən ötən həftə Fransa, Almaniya, Polşa və Belçikaya səfər edib”.

Bunu “Gürcü Arzusu” partiyasının siyasi şurasının üzvü, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib. O qeyd edib ki, konstitusiya gürcü xalqının iradəsinin xüsusilə əks olunduğu fundamental aktdır: “Ona görə də onun qəsdən, açıq və həyasız şəkildə pozulması cavabsız qala bilməz. Buna əsaslanaraq, parlament çoxluğu prezidentin impiçmenti proseduruna yenidən başlamaq və parlament seçkiləri öncəsi Konstitusiya Məhkəməsinə təqdim olunacaq yeni konstitusiya təklifi hazırlamaq qərarına gəlib”.

Papuaşvili izah edib ki, Konstitusiya Məhkəməsi konstitusiya pozuntusunu təsdiqləməsinin ardınca oktyabrın 26-da keçiriləcək seçkilərdən sonra tərkibi yenilənəcək parlament prezidentin vəzifədən kənarlaşdırılmasına səs verəcək. İmpiçment üçün 150 deputatdan 100-nün səsi lazımdır. Zurabişvilinin səlahiyyət müddəti bu il başa çatır, ona görə də onun prezidentlik müddəti maksimum bir ay qısaldılacaq. Natiq qeyd edib ki, bu, kifayət qədər simvolik xarakter daşıyacaq, lakin hüquqi və siyasi baxımdan fundamental məsələdir. “Qanunları pozan Zurabi?vili keçmiş deyil, devrilmiş prezident statusunu saxlamalıdır”, - deyə parlament sədri bu variantı gələcək üçün presedent adlandırıb.

P.İSMAYILOV

Seçilən
43
yeniazerbaycan.com

1Mənbələr