AZ

Halal biznes platforması

“AZHAB Forum” biznesin inkişafı və investisiyaların cəlb edilməsinə yeni imkanlar yaradır

“AZHAB Forum” 2024 Azərbaycan Halal Biznes Forumu qlobal halal ticarət sahəsində yeni biznes imkanlarını araşdırmaq üçün çoxtərəfli platforma hesab edilə bilər.Tədbirdə Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya Pakistan, Rusiya, Qazaxıstan, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Misir Almaniya, Birləşmiş Krallıqdan 400-dən çox biznes nümayəndəsinin iştirak etməsi işgüzar görüşləri və peşəkar biznes şəbəkəsinin səmərəli müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Forum xarici tərəfdaş ölkələrlə halal biznes sahələrində əməkdaşlığı inkişaf etdirmək, bu sahədə təcrübə mübadiləsini və bilikləri bölüşmək, cəmiyyətin halal sənaye haqqında etik davranışları gücləndirmək, xüsusilə də regionda halal biznesin müasir formatını təsis etmək konteksində mühüm tədbirdir.

Qlobal ticarətdə son illərdə təzahür edən müxtəlif haqsız rəqabət və amansız ticarət meyilləri, dünya güclərinin proteksionist siyasətləri, tranzit və logistik zəncirin pozulması və digər hallar müasir dünyada halal sənaye amilini də ön plana çıxarmaqdadır. Artıq bir çox regionlarda halal sənaye blokunda birləşməyə çalışan investorlar, ticarət iştirakçıları, kiçik və orta biznes icması daha cəlbedici təsir bağışlayan bu biznes modelinə can atırlar. Son illərdə halal brendi təkcə sənayenin deyil, qida və digər istehsal sektorlarının, həmçinin turizm, xidmət sahələrinin də fəaliyyətinin əsas devizinə çevrilməkdədir. Xüsusilə də islam ölkələrinin biznes icmalarında geniş təşviq edilən bu model öz coğrafi hüdudlarını artırır. Bir sözlə, halal biznes dalğası qarşısıalınmaz iqtisadi proses kimi müxtəlif sektorlarda genişlənərək qlobal bazarın dinamik formatını yaratmaqdadır.

Halal biznes konsepsiyasının əsas şərtləri şəffaflıq və dürüstlük, hesabatlılıq, iqtisadi və sosial öhdəliklərə hüquqi qaydalarla yanaşı, məsuliyyətlə yanaşmadır. Bu konsepsiya əslində İslam dünyasının biznes ənənələrinə söykənir, məhsulların, xidmətlərin islam şəriətinə uyğunluğunu önə çəkir. Məhsulun istehsal və emalı zamanı islam qaydalarına riayət olunması tələb olunur. Ancaq son illərdə müasir iqtisadi reallıqlar və biznesin yeni tələb və meyarlarının meydana çıxması halal konsepsiyasını mahiyyətini də xeyli genişləndirib. Belə ki, bu meyarlar təkcə istehsal və emalla məhdudlaşmır, halal konsepti və yanaşması ticarət, sənaye, turizm, xidmət, nəqliyyat, logistika, bank, maliyyə və digər sahələri əhatə etməklə, şəffaflıq prinsipini daha çox özündə ehtiva edir.

400-dən çox biznes nümayəndəsinin təşəbbüskarlığı

Zəngin mədəni irsi və çoxəsrlik İslam sivilizasiya tarixi ilə zəngin olan Azərbaycanın iqtisadiyyatında son illərdə dərinləşən şəffaflıq göstəriciləri və sahibkarlığın fəaliyyətində hesabatlılığın artması, qida sənayesinə ekoloji təmiz məhsulların istehsalı və emalında yeni meyarların tətbiqi, habelə körfəz ölkələri ilə ticarətin genişlənməsi halal biznes sənayesinin ölkəmizdə də inkişafı üçün yeni imkanları formalaşdırır. Halal biznes cəmiyyətinə sıx inteqrasiya və ?slam ölkələri ilə son dövrlərdə mal dövriyyələrində artan böyükhəcmli mübadilə, bundan başqa, Azərbaycanın regionun iqtisadi və ticarət potensialını əhəmiyyətli dərəcədə böyütməsi və mühüm regional layihələrdə təşəbbüskarlığı halal tərəfdaşlıqda da rolunu gücləndirir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan Halal Biznes və Turizm Forumunun (AZHAB Forumu) keçirilməsi təşəbbüsü isə Azərbaycanın bu regionda iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə malik olmasını nümayiş etdirir.

“AZHAB Forum” Azərbaycan Halal Biznes Forumu qlobal halal ticarət sahəsində yeni biznes imkanlarını araşdırmaq üçün çoxtərəfli platforma hesab edilə bilər.Tədbirdə Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya Pakistan, Rusiya, Qazaxıstan, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Misir Almaniya, Birləşmiş Krallıqdan 400-dən çox biznes nümayəndəsinin iştirak etməsi işgüzar görüşləri və peşəkar biznes şəbəkəsinin səmərəli müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov bildirib ki, “AZHAB Forum” əməkdaşlığın gücləndirilməsi, bilik mübadiləsinin aparılması, məhsulların nümayişi, halal sənayedə etik və dayanıqlı təcrübələrin təşviqi, regionda biznesin inkişafını və beynəlxalq əməkdaşlığı dəstəkləmək məqsədi daşıyır. Forumda irəli sürülən təşəbbüslər həm də Qarabağ və Şərqi Zəngəzurda milli-mədəni irsin dirçəldilməsi, eləcə də tarixi abidələrin əvvəlki əzəmətinə qaytarılması baxımından mühüm əhəmiyyət daşıyır.

“Halal təyinat nöqtəsi”...

Azərbaycan Böyük İpək yolunda mühüm ticarət, nəqliyyat, logistika və kommunikasiya qovşağıdır. Ölkədə həyata keçirilən əhəmiyyətli infrastruktur və investisiya layihələri sayəsində Azərbaycan, Şərqlə Qərb arasında səmərəli şəkildə multimodal daşımaları təmin edir. Bu üstünlüklər Azərbaycana qlobal halal iqtisadiyyatına mühüm töhfə verməyə imkan verir. Bu konteksdə Azərbaycan, Mərkəzi Asiya və Körfəz ölkələri arasında son dövrlərdə nəqliyyat-logistika əlaqələrinin artması, xüsusilə də Çindən gələn yüklərin Orta Dəhliz boyu daşınmların intensivliyinin yüksəlməsi və TransXəzərin strateji əhəmiyyətinin daha da güclənməsi bu tranzit zəncirində birləşən ölkələrin biznes sektoru üçün də yeni çağırışları meydana çıxarır. Belə ki, Orta Dəhlzin yaratdığı yeni geosiyasi və coğrafi xüsusiyyətlər halal biznes seqmentində yer alan bütün beynəlxalq tərəfdaşlar arasında regional halal iqtisadi əməkdaşlığı təmin etməsini də vacib faktora çevirir ki, bu prosesdə Azərbaycan strateji əhəmiyyətli nöqtələrdən biridir. Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin vurğuladığı kimi Azərbaycan 400 milyon nəfərlik müsəlman istehlakçı bazarının qovşağında yerləşir və bu amil ölkəmizin halal sektorda rolunu gücləndirməyə imkan verir.

Həmçinin, son zamanlar Azərbaycana müsəlman ölkələrindən turist axını da genişlənir ki, bu amil turizm sektorunda çalışan sahibkarlığın və xidmət sənayesinin inkişafına zəmin yaradır. Bu faktor isə halal qida sənayesində yeni tələbləri ehtiva edir. Belə ki, halal standartlar emal prosesinin təşkili və dəyər zəncirini formalaşdırmasında fermer və sahibkarlarla yanaşı, turizm və xidmət sənayesinin bu normalara uyğunlaşmasını ortaya çıxarır. Ümumilikdə, halal prinsiplərin tətbiqi qeyd edlən həmin sahələrin hər birinin inkişafı və gəlirlərini artırmaq üçün həm də əlavə stimullar yaradır. Bir sözlə, Azərbaycana bu coğrafiyanın əsas “Halal təyinat nöqtəsi”kimi halal sənaye komponentlərini inkişaf etdirməklə biznesin bütün təmsilçilərinə yaxşı fürsətlərə yol açır. 

Halal kredit və investisiyalar...

Forumda irəli sürülən təkliflər sırasında sərmayə imkanlarının artırılması, kiçik biznesə müasir halal biznes meyarları əsasında sərmayələrin verilməsi də yer alır. Bu prosesdə körfəz ölkələrinin müxtəlif fondlarının sərmayə planları gerçəkləşə bilər. “AZHAB Forum”unda İslam maliyyə və bank xidmətləri, halal məhsul standartları və sertifikatlaşdırma, ixracın inkişafı, sahibkarlıq və investisiya məsələləri, sosial sektorda gənclərin və qadınların işgüzarlıq imkanlarının artırılması sahələrində innovativ və müasir ideyalar barədə təkliflər də irəli sürülüb. Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, İslam Ticarət və İnkişaf Palatası ölkəmizi aqrar sahədə inkişaf etmiş 10 ölkə siyahısına daxil edib və bioloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı Azərbaycanın potensialı yüksək qiymətləndirilir. Bu baxımdan İslam bankları, “Sukuk” daxil olmaqla halal investisiya alətləri dialoqlarının gücləndirilməsinə ehtiyac var.

Yeri gəlmişkən, halal biznesin maliyyə imkanlarının təmin edilməsində İslam bankçılığının tətbiqinin reallaşdırılması imkanları da nəzərdən keçirilib. Bu prosesdə əsas donor olan İslam İnkişaf Bankı ilə kommersiya bankları, kredit qurumları arasında əlaqələrin artırılmasının vacibliyinə toxunulub. Azərbaycan Biznes üçün alternativ maliyyə mexanizmlərinin təmin edən İslam bankçılığı depozit və kreditlərin faizsiz verilməsinə imkan yaradır ki, bu da kiçik və orta biznesin inkişafında xüsusi əhəmiyyət daşıyır.

E.CƏFƏRLİ

Seçilən
7
yeniazerbaycan.com

1Mənbələr